Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri muxtar respublikanın hərtərəfli inkişafına yönəlmiş yeni layihələrin və strateji hədəflərin müəyyənləşdirilməsi ilə yadda qalıb. Dövlət başçısının vurğuladığı kimi, hər səfərin böyük mənası və gözəl nəticələri vardır. Bu səfər isə xüsusilə Naxçıvanın gələcək inkişafının yeni prioritetlərinin müəyyənləşdirilməsi baxımından əlamətdardır.
Son illərdə Naxçıvanda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, sosial obyektlər yenilənib, enerji təminatı gücləndirilib, nəqliyyat imkanları genişləndirilib. İndi qarşıda duran əsas məqsəd əldə edilmiş nəticələri daha yüksək inkişaf mərhələsinə keçirməkdir. Prezident İlham Əliyevin “Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” fikri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Söhbət Naxçıvanın iqtisadi potensialının tam şəkildə üzə çıxarılmasından, yeni investisiyaların cəlb edilməsindən, məşğulluğun artırılmasından və insanların rifahının yüksəldilməsindən gedir. Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası da bu prosesin mühüm komponentlərindən biridir. Gələcəyə baxmaq və qarşıdakı tələbatı indidən nəzərə almaq əsas prinsiplərdən biridir.
Naxçıvanın xüsusi coğrafi mövqeyi təhlükəsizliyin təmin edilməsinə daim xüsusi diqqət göstərilməsini zəruri edir. Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmaması muxtar respublikanın müdafiə potensialının daha da gücləndirilməsini strateji zərurətə çevirir. Bu istiqamətdə son illərdə mühüm işlər görülüb. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, hərbi hissələrin ən müasir texnika ilə təchiz edilməsi, yeni komando qüvvələrinin formalaşdırılması Azərbaycanın müdafiə siyasətinin Naxçıvanda da ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Silahlı Qüvvələri bu gün bölgədə söz sahibidir. Bu ifadə ölkənin hərbi potensialının yalnız milli təhlükəsizliyin təmin olunması baxımından deyil, regionda sabitliyin və yeni reallıqların qorunması baxımından da əhəmiyyətini ortaya qoyur. Naxçıvanda hərbi potensialın bundan sonra da gücləndiriləcəyi barədə mesaj isə təhlükəsizliyin inkişaf prosesinin ayrılmaz hissəsi olaraq qalacağının göstəricisidir.
Naxçıvanın gələcək inkişafının mühüm istiqamətlərindən biri də yaşıl enerjidir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanın da yaşıl enerji zonası elan edilməsi Azərbaycanın bərpaolunan enerji siyasətinin ölkənin müxtəlif bölgələrini əhatə edən sistemli xarakter daşıdığını nümayiş etdirir. Naxçıvanda Günəş və su elektrik stansiyalarının fəaliyyət göstərməsi bu potensialın artıq real enerji istehsalına çevrildiyini təsdiqləyir. Lakin bərpaolunan enerji mənbələrinin əsas xüsusiyyətlərindən biri istehsalın təbii şəraitdən asılı olmasıdır. Bu səbəbdən enerji saxlanc sistemlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin müsahibəsində Zəngəzur dəhlizi xüsusi siyasi və tarixi kontekstdə təqdim edilib. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən nəqliyyat bağlantısının yaradılması uzun illər ərzində ölkənin strateji hədəflərindən biri olub. 2020-ci il Vətən müharibəsindən sonra imzalanmış Üçtərəfli Bəyanatda bu istiqamətdə mühüm hüquqi-siyasi baza formalaşdırılıb. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqəsinin yaradılması məsələsi postmüharibə dövründə siyasi gündəliyin əsas mövzularından biri olub. Azərbaycan müharibədən dərhal sonra öz ərazisində nəqliyyat infrastrukturunun qurulmasına başlayıb. Horadiz–Ağbənd avtomobil yolunun artıq demək olar ki, hazır vəziyyətə çatdırılması bu işlərin mühüm nəticələrindən biridir. Dəmir yolu layihəsinin də sürətlə davam etdirilməsi Azərbaycanın öz üzərinə düşən infrastrukturu vaxtında formalaşdırmaq niyyətinin göstəricisidir. Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun bərpası da paralel şəkildə həyata keçirilir. Mövcud xəttin ilkin mərhələdə 1,5 milyon ton yükaşırma qabiliyyəti olsa da, Azərbaycanın strateji hədəfi daha böyükdür. Dəmir yolunun ən azı 15 milyon ton yükaşırma qabiliyyətinə çatdırılması nəzərdə tutulur. Bu isə Naxçıvanın yalnız yerli nəqliyyat ehtiyaclarını qarşılayan dəmir yolu xəttinə deyil, beynəlxalq tranzit imkanlarına malik mühüm nəqliyyat qovşağına çevrilməsi deməkdir.
Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi məsələlərdən biri də Naxçıvanda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Bu yanaşmanın əsas məqsədi Naxçıvanın muxtar respublika statusunu qorumaqla idarəetmənin səmərəliliyini artırmaq, koordinasiyanı gücləndirmək və inkişaf layihələrinin icrasını sürətləndirməkdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük: “Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar”.
Naxçıvan Muxtar Respublikasının inkişafı Azərbaycanın ümumi strateji kursunun mühüm istiqamətlərindən biridir. Burada söhbət yalnız yeni yolların, elektrik stansiyalarının, sənaye müəssisələrinin və nəqliyyat vasitələrinin istifadəyə verilməsindən getmir. Əsas məqsəd təhlükəsiz, dayanıqlı, rəqabətqabiliyyətli və yüksək həyat səviyyəsinə malik Naxçıvanın formalaşdırılmasıdır. Bu prosesdə təhlükəsizlik iqtisadi inkişaf üçün zəmin yaradır, sənayeləşmə yeni iş yerləri və investisiyalar formalaşdırır, yaşıl enerji gələcək enerji tələbatını təmin edir, müasir nəqliyyat sistemi insanların rahatlığını artırır. Zəngəzur dəhlizi isə Naxçıvanın regional iqtisadi və nəqliyyat əhəmiyyətini yüksəldir.
Heydər Əsədov
Milli Məclisin deputatı