Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər təkcə muxtar respublikada həyata keçirilən layihələrin təqdimatı deyil, həm də Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasında, Cənubi Qafqazın yeni geosiyasi və geoiqtisadi reallıqlarında yerini göstərən konseptual baxışın ifadəsi kimi qiymətləndirilə bilər.
Dövlət başçısının Naxçıvana Prezident kimi 17-ci səfəri xüsusi siyasi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, hər bir səfər konkret nəticələr və yeni qərarlarla müşayiət olunur. Bu baxımdan Naxçıvana mütəmadi səfərlər dövlət siyasətinin bölgələrə münasibətdə əsas prinsipini – inkişaf proseslərinin yerində qiymətləndirilməsi, problemlərin birbaşa öyrənilməsi və qərarların operativ qəbul edilməsi yanaşmasını nümayiş etdirir. Naxçıvanın inkişafı artıq ayrı-ayrı layihələrin məcmusu kimi deyil, vahid və uzunmüddətli strategiyanın tərkib hissəsi kimi nəzərdən keçirilir. Dövlət başçısının müsahibəsində təhlükəsizlik, enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm, sosial infrastruktur, şəhərsalma və tarixi-mədəni irsin qorunması kimi müxtəlif istiqamətlərin paralel şəkildə qeyd olunması da bunu təsdiq edir. Bu yanaşma Naxçıvanın yalnız mövcud problemlərinin həllinə deyil, onun gələcək iqtisadi potensialının tam reallaşdırılmasına hesablanıb. Naxçıvanın inkişafının mühüm dayaqlarından biri təhlükəsizlik məsələsidir. Azərbaycanın dövlət siyasətində ərazi bütövlüyünün və milli təhlükəsizliyin təmin olunması hər zaman prioritet olub. Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət ayırması bu siyasətin məntiqi davamıdır. Əlahiddə Ordunun yaradılması ilə əsası qoyulan institusional və hərbi inkişaf xətti bu gün müasir texnika, yeni komando qüvvələri və digər imkanlarla daha da gücləndirilir. Naxçıvanın coğrafi xüsusiyyətləri onun təhlükəsizlik məsələsinə xüsusi yanaşmanı zəruri edir. Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması muxtar respublikanın müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasını strateji zərurətə çevirir. Dövlət başçısının “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri isə Azərbaycanın son illərdə formalaşdırdığı güclü müdafiə potensialının regional təhlükəsizlik müstəvisində yaratdığı reallığı ifadə edir. Lakin müasir dövlətçilik baxımından təhlükəsizlik yalnız hərbi potensialla məhdudlaşmır. Enerji təhlükəsizliyi, iqtisadi dayanıqlıq, nəqliyyat bağlantıları və sosial sabitlik də milli təhlükəsizliyin mühüm komponentləridir. Naxçıvanda həyata keçirilən layihələr məhz bu kompleks yanaşmanı əks etdirir. Naxçıvanın enerji təminatının dayanıqlı xarakter alması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezidentin müsahibəsində qeyd etdiyi kimi, muxtar respublikada mövcud generasiya gücü artıq bugünkü tələbatı üstələyir. Bununla belə, dövlət siyasəti yalnız bugünkü ehtiyacların qarşılanmasına deyil, gələcək inkişafın enerji təminatına hesablanır. 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması, yeni Günəş elektrik stansiyalarının tikintisi, su elektrik potensialından istifadə və batareya saxlanc sistemlərinin qurulması Naxçıvanın enerji sisteminin gələcək mərhələsini müəyyənləşdirir. Burada əsas məqam ondan ibarətdir ki, Naxçıvan artıq yalnız enerji istehlakçısı kimi deyil, gələcəkdə enerji ixracatçısı kimi də nəzərdən keçirilir. Günəş enerjisi potensialının yüzlərlə meqavatla ölçülməsi, 500 meqavat və daha artıq generasiya imkanlarının müzakirə edilməsi bu istiqamətin miqyasını göstərir. Əgər ötürücü infrastruktur paralel şəkildə inkişaf etdirilərsə, Naxçıvanın enerji istehsalında regional əhəmiyyətli mərkəzə çevrilməsi real perspektivdir. Bu mənada Naxçıvanın yaşıl enerji zonası kimi inkişafı Azərbaycanın ümumi enerji strategiyasına da uyğun gəlir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri ilə Naxçıvanda reallaşdırılan layihələr arasında paralellik təsadüfi deyil. Azərbaycanın enerji siyasətində ənənəvi enerji resurslarının ixracı ilə yanaşı, bərpaolunan enerji istehsalının və elektrik enerjisi ixracının artırılması yeni mərhələnin əsas istiqamətlərindəndir. Naxçıvanın iqtisadi gələcəyinin digər mühüm dayağı sənayeləşmədir. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu baxımdan mühüm hadisədir. Dövlət başçısının qeyd etdiyi kimi, ərazi baxımından bu park Sumqayıt Sənaye Parkından sonra Azərbaycanın ən böyük sənaye parklarından biri olacaq. Sənaye parkının yaradılması yeni istehsal müəssisələrinin formalaşması, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması və yerli iqtisadi potensialın daha səmərəli istifadəsi baxımından mühüm imkanlar yaradır. Bu proses Naxçıvan iqtisadiyyatının ənənəvi sahələrdən daha yüksək əlavə dəyər yaradan istehsal modelinə keçidini sürətləndirə bilər. Sənaye parkının enerji layihələri ilə əlaqələndirilməsi isə ayrıca strateji üstünlük yaradır. Dayanıqlı və nisbətən əlverişli enerji təminatı sənaye istehsalının inkişafı üçün mühüm amildir. Beləliklə, sənayeləşmə və enerji siyasəti bir-birini tamamlayan vahid iqtisadi modelə çevrilir. Naxçıvanın gələcəyini müəyyən edən ən mühüm istiqamətlərdən biri isə nəqliyyat bağlantılarının genişləndirilməsidir. Bu məsələnin mərkəzində Zəngəzur dəhlizi dayanır. Prezident İlham Əliyevin müsahibəsində dəhlizin tarixçəsi ilə bağlı verdiyi izah Azərbaycanın bu layihəyə strateji yanaşmasının mahiyyətini ortaya qoyur. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılması uzun illər ərzində ölkənin əsas geosiyasi və iqtisadi prioritetlərindən biri olub.
2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması məsələsi sonrakı dövrdə regionda gedən proseslərin əsas mövzularından birinə çevrildi. Azərbaycan bu istiqamətdə siyasi-diplomatik müstəvidə ardıcıl mövqe nümayiş etdirdi və məsələni regional kommunikasiyaların bərpası kontekstində gündəmdə saxladı. 2025-ci il 8 avqust tarixində Vaşinqtonda əldə olunan razılaşmalar və TRIPP layihəsinin gündəmə gəlməsi isə bu prosesə yeni siyasi və praktiki dinamika verdi. Bu layihənin həyata keçirilməsi Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat xəttinin formalaşması baxımından mühüm mərhələdir. Prezidentin müsahibəsində layihənin icrasının sürətləndirilməsi ilə bağlı mesajları Azərbaycanın bu məsələdə vaxt itirmək niyyətində olmadığını bir daha göstərir. Burada diqqətçəkən məqam Zəngəzur dəhlizinə yalnız bir avtomobil və ya dəmir yolu xətti kimi baxılmamasıdır. Azərbaycanın təqdim etdiyi konsepsiyada bu dəhliz çoxkomponentli kommunikasiya məkanıdır. Dəmir yolu və avtomobil yolu ilə yanaşı, elektrik xətləri, fiber-optik infrastruktur, gələcəkdə isə digər enerji kommunikasiyalarının da bu marşrut üzrə inkişaf etdirilməsi nəzərdə tutulur. Bu isə Zəngəzur istiqamətinin regional inteqrasiyanın mühüm platformasına çevrilə biləcəyini göstərir. Naxçıvan dəmir yolunun yenidən qurulması da bu strategiyanın ayrılmaz hissəsidir. Dövlət başçısının müsahibəsində qeyd etdiyi 194 kilometrlik yeni texniki-iqtisadi əsaslandırılmış xəttin 15 milyon ton yükaşırma qabiliyyətinə uyğunlaşdırılması planı Naxçıvanın gələcək nəqliyyat rolunun miqyasını ortaya qoyur. Bu, sadəcə regional nəqliyyat layihəsi deyil. Bu xəttin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi Naxçıvana Avrasiya miqyasında yeni iqtisadi rol qazandıra bilər. Naxçıvanın coğrafi mövqeyi bu baxımdan mühüm üstünlükdür. Azərbaycan öz ərazisində həyata keçirdiyi nəqliyyat layihələri ilə Şərqlə Qərb, Şimalla Cənub arasında bağlantıları genişləndirir. Naxçıvanın bu sistemə inteqrasiyası isə Azərbaycanı yalnız tranzit ölkə deyil, çoxistiqamətli logistika platformasına çevirən strategiyanın mühüm elementidir.
Prezident cənab İlham Əliyevin “Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilə bilər” fikri məhz bu perspektivə işarə edir. Nəqliyyat dəhlizlərinin işə düşməsi təkcə tranzit gəlirlərinin artmasına deyil, logistika, xidmət, anbar, istehsal, turizm və digər sahələrin inkişafına da stimul verə bilər. Nəticədə nəqliyyat layihəsi bütövlükdə Naxçıvan iqtisadiyyatının strukturunu dəyişdirən katalizatora çevrilə bilər.
Bu prosesin diplomatik əhəmiyyəti də az deyil. Regional nəqliyyat kommunikasiyalarının açılması bütün tərəflərin iqtisadi maraqlarına cavab verə bilər. Azərbaycan öz mövqeyində nəqliyyat yollarının açıq və səmərəli olmasını, beynəlxalq investisiyaların cəlb edilməsini və dövlət suverenliyinin qorunmasını əsas götürür. Naxçıvan dəmir yolunda beynəlxalq konsorsiumların iştirakı ilə bağlı Prezidentin açıqlaması da bu baxımdan diqqətəlayiqdir. Azərbaycan xarici investorların iştirakına açıq olduğunu bildirir, lakin strateji nəzarətin Azərbaycan dövlətində qalmasını əsas şərt kimi müəyyənləşdirir. Bu, Azərbaycanın müasir iqtisadi diplomatiyasının xarakterik xüsusiyyətlərindən biridir: beynəlxalq tərəfdaşlığa açıqlıq, lakin milli maraqlar və strateji nəzarət məsələlərində prinsipial mövqe. Naxçıvanın enerji potensialının Zəngəzur nəqliyyat dəhlizi ilə əlaqələndirilməsi isə layihənin geoiqtisadi əhəmiyyətini daha da artırır. Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisi vasitəsilə elektrik xətlərinin çəkilməsi ideyası regional enerji sistemlərinin inteqrasiyasına yeni imkanlar yarada bilər. Bu, yalnız Azərbaycanın Naxçıvanla enerji əlaqəsinin gücləndirilməsi deyil, eyni zamanda Ermənistanın gələcək enerji təhlükəsizliyinə də alternativ imkanların formalaşması deməkdir. Belə yanaşma qarşılıqlı asılılığın münaqişə risklərini azaltmaq və iqtisadi əməkdaşlığı stimullaşdırmaq baxımından da mühüm vasitədir. Bir ölkənin digər ölkənin infrastrukturuna və iqtisadi sisteminə nə qədər çox inteqrasiya olunması qarşılıqlı məsuliyyəti və sabitlik marağını artırır. Bu baxımdan Zəngəzur istiqamətində nəqliyyat və enerji kommunikasiyalarının inkişafı Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edə bilər. Naxçıvanın inkişaf konsepsiyasında iqtisadiyyatla yanaşı, sosial siyasət də mühüm yer tutur. DOST Mərkəzinin fəaliyyətə başlaması, “ASAN xidmət” modelinin tətbiqi, uşaq bağçalarının tikintisi və təmiri, rayonlararası nəqliyyatın yenilənməsi, yol infrastrukturunun inkişafı birbaşa insanların gündəlik həyatına təsir edən layihələrdir. Xüsusilə 217 müasir rayonlararası avtobusun alınması və 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri ilə bağlı planlar regionun sosial və iqtisadi mobilliyini artıracaq. İnfrastruktur yalnız iqtisadi göstərici deyil, həm də əhalinin yaşayış keyfiyyətini müəyyən edən əsas amildir. Kənd və yaşayış məntəqələrinin nəqliyyat imkanlarının yaxşılaşdırılması insanların təhsil, səhiyyə, əmək bazarı və digər xidmətlərə çıxışını asanlaşdırır. Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılması da regionun iqtisadi potensialının diversifikasiyasına hesablanıb. Suvarma sistemlərinin qurulması, artezian quyularının qazılması və əvvəllər suvarılmayan torpaqların istifadəyə verilməsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi üçün baza yaradır. Bu istiqamətdə görülən işlər məşğulluğun artmasına, kənd yerlərinin sosial-iqtisadi inkişafına və ərzaq təhlükəsizliyinə töhfə verə bilər. Naxçıvanın tarixi-mədəni irsinin qorunması isə inkişaf strategiyasının mənəvi və milli ölçüsünü təşkil edir. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi və digər tarixi abidələrin konservasiyası və bərpası göstərir ki, iqtisadi modernləşmə milli yaddaşdan ayrı nəzərdən keçirilmir.
Cənab Prezidentin müsahibəsində milli kimlik, tarix, dil, ədəbiyyat və mədəniyyət məsələlərinə xüsusi yer ayırması da təsadüfi deyil. Dövlətçilik yalnız iqtisadi və hərbi güclə ölçülmür. Milli-mədəni irsin qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi də dövlət siyasətinin mühüm istiqamətidir. Naxçıvanın qədim dövlətçilik və memarlıq tarixindəki rolu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Naxçıvan həm də Azərbaycanın dövlətçilik tarixində müstəsna siyasi məktəbin formalaşdığı məkandır. Ulu Öndər Heydər Əliyevin Naxçıvan fəaliyyəti Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələlərindən biridir. Prezident cənab İlham Əliyevin müsahibəsində Naxçıvanın Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini vurğulaması bu tarixi irsin müasir dövlətçilik konsepsiyası ilə əlaqəsini bir daha göstərir.
Naxçıvanın turizm potensialının inkişafı da yeni iqtisadi imkanlardan biridir. Zəngin tarixi abidələr, əlverişli təbiət, təmiz hava və mənzərəli məkanlar regionu turizm üçün cəlbedici edir. Lakin turizmin inkişafı üçün infrastrukturun keyfiyyəti həlledici amildir. Beşulduzlu yeni hotel kompleksinin tikintisinə başlanılması bu baxımdan müsbət addımdır. Turizm infrastrukturunun genişləndirilməsi həm yerli, həm də xarici turistlərin regiona marağını artıra bilər. Bütün bu istiqamətləri birləşdirən əsas xətt isə Naxçıvanın Azərbaycanın digər strateji inkişaf məkanları ilə vahid konsepsiya əsasında inkişaf etdirilməsidir. Prezidentin Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf məkanı kimi nəzərdən keçirməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra formalaşan yeni regional inkişaf fəlsəfəsinin mühüm göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin Naxçıvanda da tətbiq olunması struktur islahatlarının məntiqi davamıdır. Prezidentin xüsusi nümayəndəliyi institutunun tətbiqi idarəetmənin çevikliyini, koordinasiyanı və layihələrin icrasına nəzarəti gücləndirmək məqsədi daşıyır. Burada əsas prinsip Naxçıvanın muxtar respublika statusunun qorunması ilə müasir idarəetmə mexanizmlərinin tətbiqinin uzlaşdırılmasıdır. Bu model dövlət idarəçiliyində yeni mərhələnin formalaşmasını nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda əldə olunan təcrübənin Naxçıvana uyğunlaşdırılması dövlət resurslarının daha səmərəli idarə olunmasına, layihələrin icra müddətlərinin qısaldılmasına və nəticəyönümlü idarəetmənin gücləndirilməsinə imkan yarada bilər. Cənab Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdən çıxan ümumi nəticə ondan ibarətdir ki, Naxçıvan üçün artıq yalnız “inkişaf proqramı” deyil, daha genişmiqyaslı strateji transformasiya mərhələsi başlayır. Təhlükəsizliyi təmin edilmiş, enerji baxımından dayanıqlı, sənaye potensialı genişlənən, nəqliyyat bağlantıları güclənən, yaşıl enerji istehsal edən və beynəlxalq dəhlizlərə inteqrasiya olunan Naxçıvan Azərbaycanın regional iqtisadi gücünün yeni dayaqlarından birinə çevrilə bilər. Bu mənada 11 avqust 2026-cı il səfəri Naxçıvanın inkişaf tarixində növbəti mühüm mərhələnin siyasi konturlarını müəyyənləşdirdi. Prezident cənab İlham Əliyevin müsahibəsində səsləndirilən mesajlar göstərir ki, qarşıdakı dövrdə əsas hədəf görülmüş işləri sadəcə davam etdirmək deyil, Naxçıvanın potensialını daha geniş regional və beynəlxalq iqtisadi sistemə inteqrasiya etməkdir. Naxçıvanın qarşısında dayanan perspektivlər artıq yalnız muxtar respublikanın daxili inkişafı ilə məhdudlaşmır. Bu qədim diyar Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişdiyi, enerji axınlarının yeni istiqamətlərinin formalaşdığı, sənaye və logistika imkanlarının genişləndiyi regional mərkəzə çevrilmək imkanına malikdir.
Ən mühüm məsələ isə bu inkişafın milli maraqlar, dövlət suverenliyi və regional sabitlik prinsipləri əsasında həyata keçirilməsidir. Azərbaycan bu istiqamətdə həm siyasi iradəyə, həm maliyyə imkanlarına, həm də strateji təşəbbüsləri reallaşdırmaq təcrübəsinə malikdir. Dövlət başçısının müsahibəsində ifadə etdiyi kimi, Naxçıvanın gələcəyi böyük planlarla müəyyənləşir. Bu planların mahiyyətində təhlükəsiz, dayanıqlı, müasir, iqtisadi cəhətdən güclü və regional kommunikasiyalara inteqrasiya olunmuş Naxçıvan modeli dayanır. Belə bir model yalnız muxtar respublikanın sosial-iqtisadi inkişafına deyil, Azərbaycanın bütövlükdə Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında artan strateji roluna xidmət edəcək.
Naxçıvanın yeni inkişaf mərhələsi, əslində, Azərbaycanın yeni regional reallıqlar mərhələsinin mühüm hissəsidir. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, Naxçıvanın sürətli inkişafı, Zəngəzur nəqliyyat və enerji bağlantılarının formalaşdırılması vahid strateji məqsədə – Azərbaycanın iqtisadi, siyasi və geostrateji imkanlarını daha da genişləndirən güclü, təhlükəsiz və inteqrasiya olunmuş inkişaf məkanının yaradılmasına xidmət edir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı