Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və yeni strateji hədəflərin ortaya qoyulması baxımından mühüm mərhələ oldu. Səfər çərçivəsində sənaye, energetika, nəqliyyat, sosial təminat, şəhərsalma, turizm, tarixi-mədəni irsin qorunması və təhlükəsizlik sahələrini əhatə edən bir sıra layihələr təqdim olundu, yeni obyektlərin təməli qoyuldu və görüləcək işlərin əsas istiqamətləri müəyyənləşdirildi.
Dövlət başçısının səfərin sonunda Azərbaycan Televiziyasına verdiyi müsahibə isə həyata keçirilən tədbirlərin ayrı-ayrı layihələrdən ibarət olmadığını, Naxçıvanın gələcəyi ilə bağlı kompleks və uzunmüddətli strateji baxışın formalaşdırıldığını nümayiş etdirdi.
Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın inkişaf modelinin əsas prioritetlərindən biri kimi təhlükəsizlik məsələsini xüsusi vurğuladı. Muxtar respublikanın coğrafi mövqeyi və Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması burada müdafiə potensialının daim yüksək səviyyədə saxlanmasını zəruri edən əsas amillərdən biridir. Səfər zamanı Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi də təhlükəsizlik və müdafiə imkanlarının gücləndirilməsi istiqamətində aparılan ardıcıl siyasətin mühüm göstəricisi oldu.
Bununla yanaşı, səfərin ümumi məzmunu göstərdi ki, mövcud mərhələdə əsas diqqət Naxçıvanın iqtisadi potensialının genişləndirilməsinə, məşğulluğun artırılmasına, yeni istehsal sahələrinin yaradılmasına və muxtar respublikanın regional iqtisadi proseslərə daha fəal inteqrasiyasına yönəldilir.
Bu baxımdan ən mühüm layihələrdən biri Naxçıvan Sənaye Parkının yaradılmasıdır. Avqustun 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın təməli qoyuldu. 310 hektar ərazini əhatə edəcək Sənaye Parkında elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat və digər zəruri infrastrukturun yaradılması nəzərdə tutulur. Sənaye Parkının əhəmiyyəti yalnız yeni istehsal müəssisələrinin yaradılması ilə məhdudlaşmır. Prezidentin müsahibəsində vurğulandığı kimi, qarşıya qoyulan əsas məqsədlərdən biri məşğulluğun artırılması və Naxçıvan iqtisadiyyatında istehsal sektorunun payının genişləndirilməsidir. Bu yanaşma gələcəkdə muxtar respublikanın iqtisadi fəallığının yalnız dövlət investisiyaları hesabına deyil, yerli və xarici özəl sərmayələrin cəlb olunması yolu ilə də artırılması üçün yeni imkanlar yaradır.
Prezidentin müsahibəsində geniş yer ayrılan əsas istiqamətlərdən biri də enerji təhlükəsizliyi və Naxçıvanın gələcəkdə enerji ixrac edən regiona çevrilməsi perspektivi oldu. Dövlət başçısı Naxçıvanın günəş enerjisi potensialına diqqət çəkərək gələcəkdə burada təkcə günəş enerjisi üzrə istehsal gücünün ən azı 500 meqavata, perspektivdə isə 1000 meqavata çatdırılmasının mümkün olduğunu bildirdi. Hazırda “Şəms 1” və “Üfüq” Günəş elektrik stansiyalarının ümumi gücü 50 meqavat təşkil edir. Bununla yanaşı, 36 meqavat gücündə “Ordubad” və 15,6 meqavat gücündə “Tivi” Su Elektrik stansiyalarının tikintisi davam etdirilir.
Beləliklə, Naxçıvanla bağlı enerji strategiyasının mahiyyəti keyfiyyətcə yeni mərhələyə keçir. Məqsəd artıq yalnız muxtar respublikanın daxili enerji tələbatının təmin edilməsi deyil. Qarşıya Naxçıvanın elektrik enerjisi istehsal edən və ixrac edən mühüm regional mərkəzlərdən birinə çevrilməsi hədəfi qoyulur. Prezident Türkiyə və İran istiqamətində mövcud elektrik əlaqələrinin genişləndirilməsi, gələcək perspektivdə isə istehsal olunan yaşıl enerjinin daha geniş bazarlara, o cümlədən Avropa istiqamətinə çıxarılması imkanlarına diqqət çəkdi. Bu baxımdan Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi həm iqtisadi, həm də geostrateji əhəmiyyət daşıyan istiqamətlərdən biri kimi önə çıxır.
Azərbaycan Televiziyasına müsahibənin mühüm hissəsi Naxçıvan dəmir yolunun yenidən qurulması və Zəngəzur dəhlizi ilə bağlı perspektivlərə həsr olundu. Yeni texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq Naxçıvan dəmir yolunun uzunluğu 194 kilometrdən çox olacaq, xəttin illik yükaşırma qabiliyyətinin isə 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bu rəqəmlər layihənin yalnız daxili nəqliyyat infrastrukturu kimi deyil, beynəlxalq yükdaşımalar sisteminin mühüm elementi kimi nəzərdə tutulduğunu göstərir. Dövlət başçısı yeni nəqliyyat xəttinin həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutları baxımından əhəmiyyətinə diqqət çəkdi. Naxçıvanın Culfa vasitəsilə İran istiqamətinə çıxış imkanları da nəzərə alındıqda muxtar respublikanın gələcəkdə bir neçə beynəlxalq nəqliyyat xəttinin kəsişmə nöqtəsinə çevrilməsi üçün ciddi perspektivlər yaranır. Prezidentin Naxçıvanın gələcəkdə “əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə” çevrilə biləcəyini vurğulaması da məhz bu strateji yanaşmanı ifadə edir. Müsahibədə Avropa İttifaqı nümayəndələrinin Naxçıvan dəmir yolu layihəsinə maraq göstərdiyi də bildirildi. Prezident Naxçıvan seqmentinin reabilitasiyası zamanı nəzarət paketinin Azərbaycan dövlətinə məxsus olması şərti ilə beynəlxalq konsorsium modelinin mümkünlüyünü qeyd etdi. Bu yanaşma Naxçıvana artıq coğrafi baxımdan bloklanmış ərazi kimi deyil, gələcək regional və beynəlxalq bağlantıların mühüm qovşaqlarından biri kimi baxıldığını göstərir. Nəqliyyat kommunikasiyalarının açılması sənaye, logistika, ticarət və xidmət sektorlarının inkişafını sürətləndirməklə yanaşı, Naxçıvanın iqtisadi çəkisini də əhəmiyyətli dərəcədə artıra bilər.
Prezidentin səfəri yalnız iri geosiyasi və iqtisadi layihələrlə məhdudlaşmadı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan” ilə də tanış oldular. Baş Plan Naxçıvan şəhərinin uzunmüddətli inkişafının sistemli şəkildə təşkil edilməsini, şəhər mərkəzinin yenilənməsini, yaşıllıq sahələrinin genişləndirilməsini, dayanıqlı nəqliyyat sisteminin qurulmasını, sosial infrastrukturun inkişafını və turizm imkanlarının artırılmasını nəzərdə tutur. Plana əsasən, şəhərdə adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması, eyni zamanda 122 kilometrlik velosiped infrastrukturunun yaradılması planlaşdırılır. Bu göstəricilər şəhərsalma siyasətində yalnız tikinti həcminin deyil, yaşayış keyfiyyətinin, ekoloji dayanıqlılığın və ictimai məkanların inkişafının da əsas meyarlardan birinə çevrildiyini göstərir.
Səfər zamanı Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial yaşayış kompleksinin də təməli qoyuldu. Təxminən 5 hektar ərazidə 16 yaşayış binasının, uşaq bağçasının və digər zəruri sosial infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
İctimai nəqliyyatın yenilənməsi də insanların gündəlik həyatına birbaşa təsir göstərəcək mühüm dəyişikliklərdən biridir. Naxçıvan şəhəri üçün Azərbaycanda istehsal edilmiş 60 elektrik mühərrikli avtobus alınıb. Prezident müsahibəsində şəhərlərarası və rayonlararası nəqliyyatın da müasirləşdirilməsi məqsədilə əlavə 217 avtobusun alınması barədə göstəriş verildiyini bildirib. Beləliklə, həyata keçirilən layihələr şəhərsalma siyasətinin yalnız yeni obyektlərin tikilməsi ilə məhdudlaşmadığını, əhalinin yaşayış şəraitinin, mobilliyinin və sosial xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasına yönələn daha geniş yanaşmanın tətbiq edildiyini göstərir.
Prezidentin müsahibəsində diqqət çəkən digər mühüm məqam tarixi-mədəni irsin iqtisadi inkişaf prosesindən ayrı nəzərdən keçirilməməsi oldu. Səfər zamanı Möminə xatun türbəsində aparılan bərpa-konservasiya işləri ilə tanışlıq oldu, “Əcəmi seyrangahı”nda görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin abidəsi açıldı. Prezident İlham Əliyevin milli kimlik, tarix və mədəniyyətin həyata keçirilən inkişaf siyasətinin təməlində dayanması ilə bağlı mesajları göstərir ki, Naxçıvanda modernləşmə tarixi simanın qorunması ilə paralel həyata keçiriləcək. Bu yanaşmanın digər istiqaməti isə tarixi-mədəni potensialın turizmin inkişafına xidmət edən iqtisadi resursa çevrilməsidir.
Səfər zamanı şəhərin mərkəzində yeni beşulduzlu “Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu. Prezidentin sözlərinə görə, kompleksin təxminən 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Yeni mehmanxana infrastrukturu, tarixi abidələrin bərpası, şəhər mühitinin yenilənməsi və nəqliyyat imkanlarının yaxşılaşdırılması bütövlükdə Naxçıvanın regional turizm mərkəzi kimi mövqeyinin gücləndirilməsinə xidmət edir.
11 avqust səfərinin və Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinin ümumi məzmunu göstərir ki, Naxçıvanın inkişafında yeni mərhələnin başlıca məqsədi muxtar respublikanın daxili iqtisadi potensialını geniş regional və beynəlxalq proseslərlə birləşdirməkdir. Prezidentin təqdim etdiyi strateji baxışda Naxçıvanın, Qarabağın və Şərqi Zəngəzurun vahid inkişaf məntiqi çərçivəsində formalaşdırılması xüsusi yer tutur. Bu yanaşma ölkənin müxtəlif iqtisadi regionları arasında yeni nəqliyyat, enerji və istehsal əlaqələrinin qurulmasına, iqtisadi fəallığın daha geniş coğrafiyada təmin olunmasına xidmət edir.
Səfərin ertəsi günü Naxçıvanda həyata keçiriləcək layihələrlə bağlı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” imzalanmışdır. Sərəncama əsasən ayrılan maliyyə vəsaiti səfər zamanı müəyyənləşdirilən prioritetlərin icrasının təmin olunmasına yönəldilib. Bu qərar sənaye, nəqliyyat, energetika, təhsil və şəhər infrastrukturu sahələrində nəzərdə tutulan layihələrin mərhələli şəkildə həyata keçirilməsinə hüquqi və maliyyə əsas yaradır və Naxçıvanda yeni inkişaf mərhələsinin praktiki icrasını sürətləndirir.
Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı