PDF Oxu

Siyasət

  • 326

Naxçıvanın yeni geoiqtisadi yüksəlişi - ŞƏRH

image

Naxçıvan Azərbaycanın dövlətçilik tarixində xüsusi mövqeyə malik olan, coğrafi baxımdan mürəkkəb, siyasi baxımdan mühüm, iqtisadi baxımdan isə böyük potensial daşıyan ərazilərdən biridir. Bu qədim diyarın inkişafı uzun illər ərzində təhlükəsizlik, enerji təminatı, nəqliyyat əlaqələri və sosial-iqtisadi dayanıqlılıq məsələləri ilə sıx bağlı olub. Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə göstərdi ki, Naxçıvanın qarşısında artıq tamam başqa inkişaf gündəliyi dayanır.Müsahibənin məzmununu ayrı-ayrı layihələr üzrə qiymətləndirmək kifayət deyil. Burada bütöv bir strategiyanın konturları görünür: təhlükəsizlik potensialının gücləndirilməsi, enerji müstəqilliyinin möhkəmləndirilməsi, bərpaolunan enerji istehsalının artırılması, sənayeləşmə, kənd təsərrüfatının modernləşdirilməsi, nəqliyyat bağlantılarının genişləndirilməsi, tarixi-mədəni irsin qorunması, şəhərsalma və yeni idarəetmə modelinin tətbiqi. Bu istiqamətlərin hər biri digərini tamamlayır və Naxçıvanın regional əhəmiyyətinin yüksəldilməsinə xidmət edir. Prezidentin sözləri ilə desək, onun Naxçıvana Prezident olaraq 17-ci səfəri çərçivəsində görülən işlər muxtar respublikanın hərtərəfli inkişafının göstəricisidir. Müsahibənin başlanğıcında təhlükəsizlik məsələsinin xüsusi vurğulanması təsadüfi deyil. Naxçıvanın coğrafi xüsusiyyətləri onun müdafiə imkanlarının daim yüksək səviyyədə saxlanmasını strateji zərurətə çevirir. Prezident İlham Əliyev Naxçıvanda Əlahiddə Ordunun yaradılmasını, müasir hərbi texnika ilə təchizatı və yeni komando qüvvələrinin formalaşdırılmasını qeyd edərək Azərbaycanın Silahlı Qüvvələrinin bölgədə güclü mövqeyə malik olduğunu bildirib.Burada mühüm siyasi məntiq var: dayanıqlı inkişafın ilkin şərti təhlükəsizlikdir. İnvestorun gəldiyi, istehsal müəssisəsinin qurulduğu, logistika mərkəzinin fəaliyyət göstərdiyi, turizm obyektlərinin yaradıldığı ərazidə təhlükəsizlik təminatı yüksək səviyyədə olmalıdır. Deməli, Naxçıvanın hərbi potensialının gücləndirilməsi iqtisadi inkişaf strategiyasından ayrı məsələ deyil. Əksinə, iqtisadi və sosial layihələrin təhlükəsiz mühitdə reallaşmasına imkan verən fundamental amildir. Bu yanaşma müasir dövlət idarəçiliyində geniş yayılmış “təhlükəsizlik–inkişaf” əlaqəsinin Azərbaycan nümunəsində ifadəsidir. Dövlətin müdafiə imkanları gücləndikcə uzunmüddətli investisiya, infrastruktur və regional əməkdaşlıq üçün daha etibarlı mühit yaranır.Müsahibənin ən diqqətçəkən istiqamətlərindən biri Naxçıvanın enerji siyasətidir. Prezidentin açıqlamalarına əsasən, Naxçıvanda hazırkı generasiya gücü təxminən 200 meqavatdır. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Bu stansiyanın istifadəyə verilməsi Naxçıvanın generasiya imkanlarını ciddi şəkildə genişləndirəcək və əlavə ixrac imkanları yaradacaq.Bu rəqəmlər sadəcə enerji statistikasından ibarət deyil. Burada iqtisadi modelin dəyişməsi nəzərdə tutulur. Enerji çatışmazlığının qarşısını almaqdan enerji artıqlığının yaradılmasına, daha sonra həmin potensialın ixrac gəlirlərinə çevrilməsinə keçid baş verir. Naxçıvanda Günəş enerjisi də xüsusi perspektiv daşıyır. Prezidentin müsahibəsində bildirilib ki, 600 hektardan artıq ərazi müəyyənləşdirilib və həmin ərazilərdə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Mövcud layihələrlə birlikdə Naxçıvanda Günəş enerjisi istehsalının 500 meqavat və daha yüksək həddə çatdırılması ehtimalı qeyd olunub.Bu istiqamət qlobal enerji transformasiyası ilə səsləşir. Dünyanın müxtəlif regionlarında enerji siyasəti artıq istehsal gücünün artırılması ilə məhdudlaşmır; bərpaolunan mənbələrin enerji sisteminə inteqrasiyası, enerji saxlanc texnologiyaları və transsərhəd elektrik ticarəti də strategiyanın mühüm hissəsinə çevrilib. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonaları formalaşdırması ilə Naxçıvanda bərpaolunan enerji potensialının inkişaf etdirilməsi arasında konseptual əlaqə mövcuddur. Prezident müsahibəsində Naxçıvanda ilkin mərhələdə 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması barədə göstəriş verdiyini də açıqlayıb.Bu, mühüm texnoloji yanaşmadır. Günəş və su elektrik stansiyalarının istehsal etdiyi enerjinin sistemə sabit inteqrasiyası üçün saxlanc imkanlarının yaradılması vacibdir. Beləliklə, Naxçıvanın enerji strategiyası istehsal–saxlama–ötürmə–ixrac zəncirinə doğru inkişaf edir.11 avqust səfərinin mühüm hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. Prezidentin müsahibəsində qeyd edildiyi üzrə park ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra Azərbaycanda ikinci böyük sənaye parkı olacaq. Burada yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması və Naxçıvan iqtisadiyyatının şaxələndirilməsi nəzərdə tutulur.Bu layihənin əhəmiyyəti onun ərazisinin ölçüsü ilə bitmir. Əsas məsələ Naxçıvan iqtisadiyyatının strukturunda yeni istehsal dayaqlarının formalaşdırılmasıdır. Uzun müddət Naxçıvanın iqtisadi inkişafı coğrafi məhdudiyyətlərdən ciddi şəkildə təsirlənib. Müasir sənaye parkı isə istehsal, enerji, logistika, məşğulluq, investisiya və ixrac istiqamətlərini vahid iqtisadi ekosistem daxilində birləşdirə bilər.Burada beynəlxalq təcrübə xüsusilə maraqlıdır. Dünya Bankının araşdırmaları göstərir ki, dənizə birbaşa çıxışı olmayan iqtisadiyyatlarda nəqliyyat və logistika infrastrukturunun keyfiyyəti xarici ticarətin imkanlarına ciddi təsir göstərir. Səmərəli logistika xidmətləri, multimodal nəqliyyat şəbəkələri və tranzit infrastrukturu coğrafi məhdudiyyətlərin təsirini azaltmaq üçün əsas vasitələr sırasındadır. Qazaxıstanın Xorqos–Şərq Qapısı quru limanı və logistika mərkəzləri də bu baxımdan diqqətəlayiq nümunədir. Ölkə dənizə çıxışı olmayan geniş coğrafiyaya malik olsa da, dəmir yolları, logistika mərkəzləri, xüsusi iqtisadi zonalar və tranzit marşrutları vasitəsilə coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirməyə çalışır. Dünya Bankının 2026-cı il sənədlərində Xorqos quru limanı, dəmir yolu şəbəkəsi və logistika mərkəzləri Qazaxıstanın tranzit və iqtisadi fəaliyyət sisteminin mühüm elementləri kimi göstərilir.Naxçıvan üçün də əsas dərs budur: tranzit imkanlarının yaranması son məqsəd deyil. Tranzitlə paralel istehsal, emal, logistika, anbar, xidmət və ixrac infrastrukturu qurulmalıdır. Bu baxımdan Sənaye Parkı ilə nəqliyyat dəhlizlərinin bir-birini tamamlaması xüsusi əhəmiyyət daşıyır.Müsahibənin ən geniş və strateji hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlı olub. Prezident İlham Əliyev bu təşəbbüsün Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən nəqliyyat bağlantısının yaradılması məqsədi daşıdığını bildirib və 2025-ci il 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşmadan sonra TRIPP layihəsinin icrasına start verildiyini qeyd edib.Burada diqqəti cəlb edən məsələ dəhlizə yanaşmanın genişlənməsidir. Söhbət artıq dəmir yolu və avtomobil yolundan ibarət nəqliyyat xəttindən getmir. Elektrik xətləri, fiber-optik kabel və gələcəkdə enerji kəmərlərinin də bu bağlantı sisteminə inteqrasiyası nəzərdə tutulur.Prezident müsahibəsində Naxçıvan dəmir yolunun gələcək yükaşırma qabiliyyəti ilə bağlı mühüm rəqəmlər açıqlayıb. Mövcud xəttin yükaşırma qabiliyyətinin 1,5 milyon ton olduğu, strateji hədəfin isə bu göstəricini 15 milyon tona çatdırmaq olduğu bildirilib. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğunun 194 kilometr təşkil edəcəyi qeyd olunub.15 milyon tonluq hədəf Naxçıvanın regional logistika sistemindəki rolunu köklü şəkildə dəyişə bilər. Burada məsələ yükün ərazidən keçməsi deyil. Əsas məsələ yük axınlarının iqtisadi dəyərə çevrilməsidir.Dünya təcrübəsi bu yanaşmanı təsdiqləyir. Qazaxıstanda Xorqosdan başlayan dəmir yolu və logistika infrastrukturu Çin–Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Avropa istiqamətində multimodal əlaqələrin inkişafına xidmət edir. Dünya Bankı Orta Dəhlizin Çin və Avropa arasında alternativ nəqliyyat bağlantısı formalaşdırdığını vurğulayır.Azərbaycanın coğrafi mövqeyi burada əlavə üstünlük yaradır. Bakı limanı, dəmir yolu infrastrukturu, Şərq–Qərb və Şimal–Cənub istiqamətləri, Türkiyə ilə bağlantılar və Naxçıvanın gələcəkdə bu sistemə daha sıx inteqrasiyası ölkənin tranzit xəritəsində yeni imkanlar formalaşdırır.Naxçıvanın bu sistemdə rolu daha da genişlənə bilər. Şərq–Qərb xətti ilə yanaşı, Naxçıvan–Culfa–İran bağlantısı vasitəsilə Şimal–Cənub marşrutuna əlavə çıxış yaranması perspektivi də Prezident tərəfindən vurğulanıb.Bu mənzərə Naxçıvanın coğrafi mövqeyini problem statusundan strateji üstünlük statusuna keçirə bilər.Müsahibənin ən mühüm məqamlarından biri enerji və nəqliyyat siyasətinin bir-birindən ayrı təqdim edilməməsidir.Naxçıvanda istehsal olunan elektrik enerjisinin Türkiyə, İran və gələcəkdə Avropa istiqamətində ixracı üçün ötürücü xətlərin genişləndirilməsi planlaşdırılır. Azərbaycan ərazisindən Naxçıvana Ermənistan ərazisi vasitəsilə elektrik bağlantısının yaradılması layihəsinin hazır olduğu da açıqlanıb.Beləliklə, gələcək kommunikasiya xəritəsində üç paralel istiqamət görünür:nəqliyyat dəhlizi, enerji dəhlizi və rəqəmsal bağlantı. Bu üç xəttin birləşməsi Naxçıvanın regional əhəmiyyətini ciddi şəkildə yüksəldə bilər.Müasir iqtisadiyyat üçün yolun mövcudluğu vacibdir, lakin yolun üzərindən keçən informasiya, enerji və yük axınlarının sürəti daha böyük əhəmiyyət daşıyır. Buna görə fiber-optik infrastrukturun, elektrik xətlərinin və nəqliyyat sistemlərinin bir-birini tamamlaması Naxçıvanın gələcək inkişaf modelində xüsusi yer tutmalıdır.Naxçıvanın inkişaf strategiyasında sənaye və logistika ilə yanaşı kənd təsərrüfatı da mühüm yer tutur. Prezident müsahibəsində kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvan üçün xüsusi tədbirlərin nəzərdə tutulduğunu bildirib. Suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması planlaşdırılır.Bu istiqamət Naxçıvanın təbii resurslarından səmərəli istifadəsi baxımından xüsusi əhəmiyyət daşıyır.Müasir kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi torpaq, su, texnologiya və bazar amillərinin birgə idarə edilməsini tələb edir. Suvarma sistemlərinin yenilənməsi məhsuldarlığı artırmaqla yanaşı torpaqların ekoloji-meliorativ vəziyyətinin qorunmasına da xidmət etməlidir. Xüsusilə su ehtiyatlarının məhdud olduğu regionlarda damcı suvarma, yağmurlama, rəqəmsal monitorinq, torpaq rütubətinin ölçülməsi və su itkilərinin azaldılması texnologiyalarının tətbiqi uzunmüddətli nəticələr üçün vacibdir.Bu baxımdan Naxçıvanın kənd təsərrüfatı siyasətində müasir meliorasiya və torpaq idarəçiliyi texnologiyalarının geniş tətbiqi gələcək məhsuldarlığın əsas şərtlərindən biri ola bilər.Şəhərsalma: 2044-cü ilə hesablanan baxış 11 avqust səfərində Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın Prezidentə təqdim edilməsi də strateji baxımdan diqqət çəkir. 20 ilə yaxın dövrü əhatə edən şəhərsalma perspektivi qısamüddətli idarəetmə düşüncəsindən uzunmüddətli planlaşdırmaya keçidi göstərir.Müasir şəhər planlaşdırmasında əsas məsələ yeni binaların tikilməsi deyil. İnsanların rahatlığı, yaşıl məkanların qorunması, ictimai nəqliyyat, enerji səmərəliliyi, piyada infrastrukturu, su idarəçiliyi, tullantıların idarə olunması və rəqəmsal xidmətlər vahid şəhər modelinin komponentləridir.Naxçıvanın qarşıdakı illərdə inkişafı bu prinsiplər üzərində qurularsa, qədim şəhərin tarixi siması ilə müasir şəhərsalma tələbləri arasında balans yaratmaq mümkün olacaq.Elektrik avtobuslarının istifadəyə verilməsi, rayonlararası 217 müasir avtobusun alınmasının planlaşdırılması və 420 kilometr müxtəlif kateqoriyalı yolun tikintisi və əsaslı təmiri üzrə nəzərdə tutulan tədbirlər də nəqliyyat siyasətinin geniş miqyasını göstərir.Müsahibənin mühüm xüsusiyyətlərindən biri iqtisadi inkişafla milli-mədəni irsin paralel təqdim edilməsidir.Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması, digər tarixi-mədəni obyektlərin konservasiyası və qorunması ilə bağlı layihələr Naxçıvanın inkişaf modelinin maddi sərvətlərlə məhdudlaşmadığını göstərir.Prezidentin müsahibəsində milli kimlik, dil, ədəbiyyat, tarix və mədəniyyət anlayışlarının iqtisadi inkişafla bir kontekstdə təqdim edilməsi diqqətəlayiqdir. Bu yanaşma mühüm bir həqiqəti önə çıxarır: şəhərin və regionun müasirləşməsi onun tarixi yaddaşının zəifləməsi hesabına baş verməməlidir.Əksinə, tarixi irs turizm, təhsil, mədəni diplomatiya və regional brend siyasəti üçün iqtisadi resursa çevrilə bilər.Naxçıvanın Atabəylər dövlətinin siyasi-mədəni tarixindəki rolu, Əcəmi Naxçıvaninin memarlıq məktəbi, Möminə xatun məqbərəsi, qədim yaşayış məkanları və təbii landşaftları vahid turizm konsepsiyası daxilində təqdim edilə bilər.Müsahibədə səslənən daha bir mühüm fikir Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlıdır. Prezident xüsusi nümayəndəlik modelinin Naxçıvanda da tətbiq edildiyini, bunun struktur və kadr islahatları ilə paralel aparıldığını bildirib. Muxtar respublikanın statusunun saxlanılması şərtilə idarəetmə qaydalarının təkmilləşdirilməsi nəzərdə tutulur.Bu yanaşma idarəetmədə koordinasiyanın gücləndirilməsinə hesablanıb.Qarabağ və Şərqi Zəngəzurda xüsusi nümayəndəlik modelinin tətbiqi ərazi üzrə dövlət siyasətinin koordinasiyası, layihələrin sürətli icrası və müxtəlif qurumların fəaliyyətinin vahid strateji xətt üzrə əlaqələndirilməsi baxımından yeni təcrübə formalaşdırıb. Bu təcrübənin Naxçıvanda tətbiqi regionun inkişafında institusional çevikliyi artıra bilər.Naxçıvanın gələcək inkişafını yalnız sənaye, enerji və nəqliyyat göstəriciləri ilə ölçmək düzgün olmaz. İnkişafın real nəticəsi insanların həyat keyfiyyətində görünməlidir.11 avqust səfərində Naxçıvan Regional DOST Mərkəzinin açılması bu baxımdan mühüm addımdır. Mərkəzin ASAN xidmət infrastrukturu ilə yanaşı fəaliyyət göstərməsi sosial xidmətlərin və dövlət-vətəndaş münasibətlərinin daha əlçatan formata keçirilməsinə xidmət edir.Bu model müasir idarəetmənin əsas prinsiplərindən biri olan “vətəndaşa yaxın dövlət” anlayışının praktiki ifadəsidir. Naxçıvanın inkişafının əsas ölçüsü yeni obyektlərin sayı deyil, həmin obyektlərin vətəndaşın gündəlik həyatına gətirdiyi rahatlıq, məşğulluq, gəlir və sosial təminat imkanları olmalıdır.Müəllif mövqeyi: Naxçıvanın gələcəyi hansı model üzərində qurulmalıdır?Mənim qənaətimə görə, 11 avqust müsahibəsinin əsas mesajını “Naxçıvanın yeni inkişaf modeli” anlayışı ilə ifadə etmək mümkündür. Bu gün dünya iqtisadiyyatında ticarət marşrutlarının şaxələndirilməsi xüsusi əhəmiyyət qazanıb. Geosiyasi risklər, enerji böhranları, təchizat zəncirlərində fasilələr və qlobal rəqabət ölkələri alternativ nəqliyyat və enerji bağlantıları yaratmağa sövq edir. Azərbaycanın üstünlüyü onun bir neçə mühüm istiqamətin kəsişməsində yerləşməsidir. Naxçıvan bu üstünlüyə əlavə geoiqtisadi ölçü gətirə bilər.Naxçıvan–Türkiyə bağlantısı türk dünyası ilə iqtisadi inteqrasiyanı gücləndirə bilər. Naxçıvan–İran bağlantısı Cənub istiqamətində yeni imkanlar aça bilər. Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat bağlantısının yaradılması isə ölkənin daxili iqtisadi bütövlüyünü daha da möhkəmləndirə bilər.Burada ən mühüm məqam ondan ibarətdir ki, Naxçıvan gələcəkdə marşrutların keçdiyi məkan olaraq qalmamalıdır. Burada yükün emalı, saxlanması, istehsalı, çeşidlənməsi, qablaşdırılması və ixracı üçün iqtisadi infrastrukturlar yaradılmalıdır. Əsl iqtisadi qazanc məhz əlavə dəyərin regionda formalaşdırılması ilə yaranacaq. 11 avqust 2026-cı il tarixli müsahibə Naxçıvanın gələcəyinə dair geniş strateji baxışın ifadəsi oldu. Müsahibədə təhlükəsizlikdən enerjiyə, sənayedən kənd təsərrüfatına, nəqliyyatdan şəhərsalmağa, mədəni irsdən idarəetmə islahatlarına qədər geniş məsələlər bir sistem daxilində təqdim edildi. Bu mənzərədə Naxçıvanın qarşısında yeni inkişaf mərhələsi açılır.Bir dövr üçün əsas məsələ təhlükəsizliyin qorunması və blokadanın ağır nəticələrinin aradan qaldırılması idisə, yeni mərhələdə əsas məqsəd Naxçıvanın iqtisadi potensialını tam şəkildə hərəkətə gətirmək, onu nəqliyyat və enerji bağlantılarının mühüm qovşağına çevirmək, sənaye və investisiya imkanlarını genişləndirməkdir.Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər göstərir ki, Naxçıvanın gələcəyi regional sərhədlərlə məhdudlaşmır. Qarşıdakı perspektivdə bu qədim diyar Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub əlaqələrində daha böyük rol oynaya, enerji ixracının yeni istiqamətinə çevrilə, sənaye və logistika imkanlarını genişləndirə bilər. Dünya təcrübəsi sübut edir ki, mürəkkəb coğrafi mövqe düzgün infrastruktur, çevik idarəetmə və regional əməkdaşlıq vasitəsilə iqtisadi üstünlüyə çevrilə bilər. Qazaxıstanın Xorqos modeli bunun nümunələrindən biridir. Azərbaycan üçün Naxçıvanın qarşısında duran vəzifə isə bu təcrübəni öz coğrafi, iqtisadi və siyasi reallıqlarına uyğun şəkildə inkişaf etdirməkdir. Mənim mövqeyim belədir: Naxçıvanın gələcək uğuru ayrı-ayrı layihələrin sayından daha çox, həmin layihələrin vahid sistemdə necə birləşdirilməsindən asılı olacaq. Sənaye Parkı dəmir yolu ilə, dəmir yolu enerji infrastrukturu ilə, enerji istehsalı ixrac imkanları ilə, kənd təsərrüfatı su layihələri ilə, turizm tarixi irslə, şəhərsalma isə insan kapitalı ilə əlaqələndirilməlidir. Bu əlaqə qurulduğu halda Naxçıvan Azərbaycanın xəritəsində sadəcə strateji mövqeyə malik ərazi deyil, istehsal edən, enerji yaradan, yük daşıyan, investisiya cəlb edən, texnologiya qəbul edən və regional iqtisadi əlaqələri birləşdirən yeni inkişaf mərkəzi statusuna yüksələ bilər. 11 avqust müsahibəsinin mahiyyəti də məhz burada görünür: Naxçıvan üçün yeni dövrün gündəliyi artıq müdafiədən inkişaf mərhələsinə, enerji təminatından enerji ixracına, coğrafi məhdudiyyətdən geoiqtisadi üstünlüyə doğru dəyişir. Naxçıvanın yeni tarixinin əsas sualı artıq “necə qorunacaq?” deyil, “regional imkanlarını necə daha böyük iqtisadi və siyasi gücə çevirəcək?” sualıdır. Cavab isə qarşıdakı illərdə həyata keçiriləcək layihələrin miqyası ilə yanaşı, onların vahid strategiya daxilində nə dərəcədə səmərəli əlaqələndirilməsindən asılı olacaq.

Fərid Mustafayev

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər