Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibədə diqqətçəkən əsas məqam ondan ibarətdir ki, muxtar respublika artıq ölkəmizin əsas ərazisindən coğrafi baxımdan ayrı düşmüş bir bölgə kimi deyil, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirə biləcək strateji qovşaq kimi nəzərdən keçirilir. Prezidentin Zəngəzur dəhlizi, TRIPP, Naxçıvan dəmir yolunun yenidən qurulması, enerji xətləri və gələcək ixrac imkanları haqqında səsləndirdiyi fikirlər məhz bu yanaşmanın göstəricisidir. Xüsusilə dəmir yolunun gələcəkdə ən azı 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılması hədəfi göstərir ki, söhbət, sadəcə, Azərbaycanı Naxçıvanla birləşdirən yoldan getmir. Məqsəd daha böyük Avrasiya nəqliyyat sisteminin mühüm həlqəsini yaratmaqdır.
Qeyd edək ki, Azərbaycan artıq regional kommunikasiyaların açılmasını yalnız öz milli ehtiyacı kimi deyil, bütün bölgənin iqtisadi maraqlarına cavab verən layihə kimi təqdim edir. Zəngəzur dəhlizindən dəmir və avtomobil yolu ilə yanaşı, elektrik xətlərinin, fiber-optik kabelin, perspektivdə isə digər enerji infrastrukturlarının keçməsi imkanının nəzərdən keçirilməsi bu layihənin miqyasını tamamilə dəyişir.
Yeri gəlmişkən, Prezidentin müsahibəsində Ermənistana ünvanlanan mesaj da diqqətdən yayınmamalıdır. Yeni kommunikasiya sistemi Ermənistan üçün də iqtisadi və enerji imkanları yarada bilər. Yəni Bakı İrəvana faktiki olaraq seçim təqdim edir: Regional əməkdaşlığın iştirakçısına çevrilmək və onun dividendlərindən faydalanmaq, yaxud prosesləri ləngidərək yaranmaqda olan böyük iqtisadi coğrafiyanın kənarında qalmaq. Müsahibənin digər mühüm xətti Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsidir. Bu, təkcə inzibati yanaşma deyil. Mən bunu Azərbaycanın qərb bölgələrinin yeni iqtisadi və geostrateji məkan kimi formalaşdırılması siyasəti hesab edirəm. Prezident xüsusi nümayəndəlik modelinin Naxçıvanda tətbiqini də məhz Qarabağ və Şərqi Zəngəzurda əldə olunmuş idarəetmə təcrübəsi ilə əlaqələndirdi. Naxçıvanın böyük Günəş enerjisi potensialının yaradılması, Türkiyə və İran istiqamətində elektrik ixracının genişləndirilməsi, gələcəkdə Avropa bazarına çıxış imkanları da göstərir ki, bu bölgənin funksiyası dəyişir. Naxçıvan təkcə enerji ilə təmin olunan ərazi deyil, gələcəkdə enerji istehsal və ixrac edən mərkəzlərdən birinə çevrilə bilər.
Ən əsası, Naxçıvanın inkişafı yalnız bir bölgənin inkişaf proqramı deyil. Naxçıvan Azərbaycanın yeni regional strategiyasının əsas dayaqlarından birinə çevrilir. Nəzərdə tutulan layihələr tam həyata keçirildikdən sonra bunun nəticələri təkcə Azərbaycan və Ermənistan münasibətlərinə deyil, Türkiyə, İran, Mərkəzi Asiya və daha geniş Avrasiya məkanındakı nəqliyyat və enerji xəritəsinə təsir göstərə bilər. Başqa sözlə, bu gün söhbət Naxçıvana yol açmaqdan daha çox, Naxçıvan üzərindən Azərbaycana və bütövlükdə regiona yeni imkanlar açmaqdan gedir.
Arif Cəfərzadə,
YAP Göygöl rayon təşkilatı üzrə Balçılı kənd ərazi partiya təşkilatının fəal üzvü