PDF Oxu

Siyasət

  • 490

Naxçıvan Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında xüsusi əhəmiyyətə malikdir

image

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişafına dair mühüm istiqamətləri bir daha gündəmə gətirdi. Dövlət başçısının açıqlamaları göstərdi ki, Naxçıvan qarşıdakı illərdə yalnız sosial-iqtisadi layihələrin həyata keçirildiyi region kimi deyil, Azərbaycanın enerji, nəqliyyat, sənaye və regional əməkdaşlıq siyasətində xüsusi çəkisi olan strateji məkan kimi inkişaf etdiriləcək.

Müsahibədən ortaya çıxan ümumi mənzərə ondan ibarətdir ki, Naxçıvanın gələcəyinə kompleks yanaşılır. Burada təhlükəsizlik məsələləri iqtisadi inkişafdan, enerji siyasəti nəqliyyat strategiyasından, sənayeləşmə isə məşğulluq və sosial rifahdan ayrı nəzərdən keçirilmir. Bütün bu istiqamətlərin bir-birini tamamladığı vahid inkişaf modeli formalaşdırılır.
Naxçıvan üçün ən vacib məsələlərdən biri etibarlı təhlükəsizlik mühitinin qorunmasıdır. Muxtar respublikanın mürəkkəb coğrafi mövqeyi bu sahəyə daim xüsusi diqqət göstərilməsini zəruri edir. Əlahiddə Ordunun yaradılması ilə başlayan institusional prosesin müasir silah sistemləri, yeni hərbi texnika və komando qüvvələrinin formalaşdırılması ilə davam etdirilməsi Azərbaycanın müdafiə strategiyasının Naxçıvan istiqamətində də ardıcıl xarakter daşıdığını nümayiş etdirir.
Lakin Naxçıvanın gələcəyi yalnız təhlükəsizlik amili ilə müəyyənləşmir. Muxtar respublikanın iqtisadi imkanlarının genişləndirilməsi və enerji potensialının artırılması qarşıdakı dövrün başlıca prioritetlərindəndir.
Bu baxımdan enerji sahəsində qarşıya qoyulan hədəflər xüsusilə diqqətəlayiqdir. Hazırda Naxçıvanda təxminən 200 meqavat generasiya gücünün mövcud olması enerji bazası baxımından mühüm imkan yaradır. Naxçıvan Sənaye Parkında 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasına başlanılması isə bu potensialın daha da böyüdüləcəyindən xəbər verir. Belə bir infrastrukturun yaradılması yalnız daxili enerji tələbatının qarşılanmasına deyil, gələcəkdə artıq elektrik enerjisinin xarici bazarlara çıxarılmasına da şərait yarada bilər.
Naxçıvanın enerji strategiyasının digər mühüm sütununu bərpaolunan enerji təşkil edir. Günəşli günlərin çoxluğu və təbii-coğrafi xüsusiyyətlər muxtar respublikanı Günəş enerjisi istehsalı üçün əlverişli ərazilərdən birinə çevirir. Artıq 600 hektardan artıq sahənin müəyyənləşdirilməsi və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planları bu istiqamətdə real imkanların olduğunu göstərir. Mövcud potensialın gələcəkdə 500, hətta 1000 meqavat səviyyəsinə çatdırılması Naxçıvanın enerji xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Beləliklə, enerji məsələsinə münasibət də dəyişir. Naxçıvanın qarşısında duran vəzifə sadəcə öz enerji ehtiyacını təmin etmək deyil. Gələcək mərhələdə muxtar respublikanın enerji istehsal edən və ixrac imkanlarına malik bir mərkəzə çevrilməsi hədəflənir. Türkiyə və İran istiqamətində enerji ixracı, daha perspektivdə isə Avropa bazarlarına çıxış üçün ötürücü infrastrukturun gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Enerjinin saxlanılması imkanlarının yaradılması da bu siyasətin mühüm elementidir. İlkin mərhələdə ən azı 100 meqavat gücündə batareya saxlanc sisteminin nəzərdə tutulması bunu təsdiqləyir.
Enerji təhlükəsizliyinin digər istiqaməti qaz təminatıdır. İranla həyata keçirilən qaz mübadiləsi mexanizmi Naxçıvanın bu sahədə ehtiyaclarının qarşılanmasına imkan verir. Muxtar respublikanın qazlaşma səviyyəsinin 100 faizə çatdırılması isə əhalinin və iqtisadiyyatın enerji təminatının dayanıqlılığı baxımından mühüm göstəricidir.
Naxçıvanın gələcək inkişafında nəqliyyat məsələsi isə xüsusi strateji çəkiyə malikdir. Zəngəzur dəhlizinin reallaşması muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa və dayanıqlı nəqliyyat bağlantısının təmin olunması baxımından tarixi əhəmiyyət daşıyır. Bu layihənin əhəmiyyəti yalnız iki ərazi arasında əlaqənin bərpası ilə məhdudlaşmır. Söhbət geniş regional kommunikasiya sisteminin formalaşdırılmasından gedir.
Azərbaycan ərazisində görülən işlərin sürətlə davam etdirilməsi ölkənin layihənin öz hissəsinə ciddi yanaşdığını göstərir. Horadiz–Ağbənd avtomobil yolunun tamamlanmaq üzrə olması, dəmir yolu infrastrukturunun tikintisinin davam etdirilməsi bu istiqamətdə atılan mühüm addımlardır. Naxçıvan ərazisində dəmir yolu sisteminin yenidən qurulması isə dəhlizin digər mühüm komponentidir.
Yeni texniki-iqtisadi əsaslandırmaya görə, Naxçıvan ərazisində dəmir yolu xəttinin uzunluğunun 194 kilometr təşkil etməsi və onun gələcəkdə 15 milyon tona qədər yükdaşıma imkanına malik olması layihənin miqyasını aydın şəkildə göstərir. Bu, Naxçıvanın regional yükdaşımalar sistemində daha fəal iştirak etməsinə imkan verə bilər.
Burada Azərbaycanın milli maraqları ilə beynəlxalq əməkdaşlıq imkanlarının uzlaşdırılması da diqqət çəkir. Naxçıvan dəmir yolunun bərpası prosesində beynəlxalq konsorsiumların iştirakına imkan yaradılması nəzərdə tutula bilər. Bununla belə, əsas prinsip nəzarət paketinin Azərbaycan dövlətinin əlində saxlanılmasıdır. Belə yanaşma xarici sərmayənin və beynəlxalq təcrübənin imkanlarından istifadə etməklə yanaşı, strateji infrastruktur üzərində milli nəzarətin qorunmasına xidmət edir.
Naxçıvanın coğrafi mövqeyi ona gələcəkdə bir neçə mühüm nəqliyyat istiqamətinin kəsişmə nöqtəsinə çevrilmək imkanı verir. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana gələn nəqliyyat xətlərinin Culfa üzərindən İranın dəmir yolu şəbəkəsinə inteqrasiyası yeni marşrutların yaranmasına səbəb ola bilər. Bu perspektiv Naxçıvanı Avrasiya məkanında yük axınlarının keçdiyi mühüm logistika mərkəzlərindən birinə çevirə bilər.
Belə bir dəyişiklik iqtisadi həyata da birbaşa təsir göstərəcək. Nəqliyyat imkanlarının genişlənməsi yeni müəssisələrin yaranmasını, logistika və xidmət sahələrinin inkişafını, investisiya imkanlarının artmasını və əlavə məşğulluğun formalaşmasını stimullaşdıra bilər.
Zəngəzur dəhlizinin əhəmiyyətini artıran digər məqam onun çoxfunksiyalı kommunikasiya xəttinə çevrilməsi perspektividir. Burada söhbət yalnız avtomobil və dəmir yollarından getmir. Elektrik enerjisi xətlərinin, fiber-optik kabellərin və gələcəkdə digər infrastruktur elementlərinin də bu marşrutla əlaqələndirilməsi mümkündür. TRIPP layihəsinin həyata keçirilməsi belə bir inteqrasiyanın formalaşması baxımından yeni imkanlar yarada bilər.
Naxçıvan iqtisadiyyatının şaxələndirilməsi üçün sənayeləşmə də əsas istiqamətlərdən biridir. Naxçıvan Sənaye Parkının yaradılması yeni istehsal müəssisələrinin meydana çıxması üçün əlverişli mühit formalaşdıracaq. Sənaye obyektlərinin genişlənməsi ilə yanaşı, yeni iş yerlərinin açılması, yerli istehsalın gücləndirilməsi və iqtisadi fəallığın yüksəldilməsi gözlənilir. Enerji istehsalının artması isə sənayenin davamlı və rəqabətqabiliyyətli inkişafı üçün əlavə imkanlar yarada bilər.
Kənd təsərrüfatı da bu inkişaf modelində öz əhəmiyyətini saxlayır. Naxçıvanda əkinçilik üçün əsas məsələlərdən biri su təminatıdır. Dövlət Proqramı çərçivəsində suvarma imkanlarının genişləndirilməsi, yeni artezian quyularının qazılması və müasir suvarma texnologiyalarının tətbiqi bu sahənin məhsuldarlığının artırılmasına şərait yaradacaq. İndiyədək istifadə olunmayan torpaqların kənd təsərrüfatı dövriyyəsinə qaytarılması isə həm istehsalı artıracaq, həm də kənd yerlərində məşğulluğu genişləndirəcək.
İqtisadi inkişafın əsas məqsədlərindən biri, şübhəsiz ki, insanların həyat səviyyəsinin yüksəldilməsidir. Bu baxımdan sosial infrastruktur layihələri də ümumi strategiyanın mühüm hissəsini təşkil edir. DOST və ASAN xidmət mərkəzlərinin fəaliyyəti dövlət xidmətlərinin vətəndaşlara daha rahat və müasir formada təqdim olunmasına imkan verir. Uşaq bağçalarının tikilməsi və yenilənməsi, yolların yaxşılaşdırılması, şəhər və rayonlararası nəqliyyatın müasirləşdirilməsi də gündəlik həyatın keyfiyyətinə birbaşa təsir edən layihələr sırasındadır.
Şəhər nəqliyyatında ekoloji yanaşmanın gücləndirilməsi də diqqət çəkən istiqamətlərdəndir. Naxçıvan şəhərində elektrik avtobuslarının istifadəyə verilməsi müasir və ekoloji cəhətdən daha səmərəli nəqliyyat sisteminə keçidin nümunəsidir. Bununla yanaşı, 217 müasir avtobusun alınması və ümumilikdə 420 kilometr yolun tikintisi və əsaslı təmiri muxtar respublikanın yaşayış məntəqələri arasındakı nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına xidmət edəcək.
Naxçıvanın inkişaf strategiyasında turizm və milli-mədəni irsin qorunması da ayrıca yer tutur. Muxtar respublikanın zəngin tarixi, qədim memarlıq nümunələri, təbii landşaftı və əlverişli iqlimi onun turizm baxımından böyük potensiala malik olduğunu göstərir. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və digər tarixi obyektlərin konservasiyası bu irsin qorunmasına yönəlmiş mühüm addımlardır.
Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi də bu ümumi strategiyanın mühüm tərkib hissəsidir. Günəş və su elektrik stansiyalarının yaradılması, enerji saxlanc sistemlərinin qurulması və ötürücü şəbəkənin genişləndirilməsi gələcək enerji modelinin əsas elementləri olacaq. Bu proses Naxçıvanın həm daxili enerji təminatını möhkəmləndirəcək, həm də onun regional enerji bazarında rolunu artıra bilər.
Bütün bu layihələrə bütöv şəkildə yanaşdıqda Naxçıvan üçün tamamilə yeni inkişaf perspektivinin formalaşdığı görünür. Söhbət yalnız mövcud problemlərin aradan qaldırılmasından deyil, muxtar respublikanın yeni iqtisadi və regional funksiyalar əldə etməsindən gedir.
Gələcəyin Naxçıvanı təhlükəsizliyi təmin edilmiş, güclü enerji potensialına malik, sənayesi inkişaf edən, kənd təsərrüfatında müasir texnologiyalardan istifadə edən, beynəlxalq nəqliyyat marşrutlarına çıxışı genişlənən və turizm imkanlarını reallaşdıran bir region kimi təsəvvür olunur. Bu istiqamətlərin hər biri digərini tamamlayaraq vahid inkişaf modelinin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər bir daha göstərir ki, Naxçıvan Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında xüsusi əhəmiyyətə malikdir. Qarşıdakı dövrdə enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial sahələrdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi muxtar respublikanın iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın strateji əhəmiyyətini daha da yüksəldəcək. Bu halda muxtar respublika Azərbaycanın əsas hissəsi ilə nəqliyyat baxımından daha sıx bağlanmaqla yanaşı, regional və beynəlxalq yükdaşımaların mühüm iştirakçısına çevrilə bilər.
Naxçıvanın qarşısında yeni imkanlar mərhələsi açılır. Onun coğrafi mövqeyi, enerji ehtiyatları, nəqliyyat perspektivləri, tarixi-mədəni irsi və iqtisadi potensialı dövlət siyasəti ilə məqsədyönlü şəkildə birləşdirildikdə muxtar respublikanın ölkənin regional strategiyasında daha böyük rol oynaması üçün ciddi əsaslar yaranır.
İndi qarşıda duran əsas məsələ qəbul edilmiş qərarların ardıcıl, vaxtında və səmərəli icrasıdır. Dövlətin maliyyə imkanları, həyata keçirilən layihələrin miqyası və siyasi iradə Naxçıvanın qarşıdakı illərdə daha dinamik, sistemli və çoxşaxəli inkişaf edəcəyinə zəmin yaradır.

Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini

Digər xəbərlər