Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişafı ilə bağlı strateji prioritetləri aydın şəkildə ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafı ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmır, təhlükəsizlikdən iqtisadiyyata, enerjidən kənd təsərrüfatına, nəqliyyatdan sosial xidmətlərə qədər bir-birini tamamlayan genişmiqyaslı siyasət əsasında həyata keçirilir.
Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə quru sərhədinin olmaması onun təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan muxtar respublikanın müdafiə imkanlarının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illərdə hərbi infrastrukturun yenilənməsi, müasir silah və texnikanın alınması, yeni komando birliklərinin formalaşdırılması Naxçıvanın müdafiə qabiliyyətinin daha da yüksəldilməsinə xidmət edir. Əlahiddə Ordunun yaradılması da məhz Naxçıvanın xüsusi coğrafi və strateji mövqeyinin tələblərinə uyğun atılmış mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Güclü təhlükəsizlik mühiti isə iqtisadi və sosial inkişaf üçün etibarlı zəmin formalaşdırır.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi gələcəyi baxımından diqqətçəkən hadisələrdən biridir. Sənaye parkının fəaliyyəti yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan daha səmərəli istifadəyə, investisiyaların cəlbinə və məşğulluğun artırılmasına imkan verə bilər. Ərazi baxımından böyük sənaye parklarından biri olacaq bu layihə Naxçıvanın iqtisadi strukturunda sənayenin rolunun artırılmasına şərait yaradacaq. Bununla yanaşı, sənaye istehsalının genişlənməsi logistika, enerji, xidmət və peşəkar kadr hazırlığı kimi sahələrdə də əlavə tələbat yaradaraq iqtisadi fəallığın çoxşaxəli şəkildə artmasına səbəb ola bilər.
Naxçıvanın iqtisadi inkişaf perspektivlərində enerji sektoru da xüsusi yer tutur. Sənaye Parkının ərazisində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının planlaşdırılması muxtar respublikanın enerji imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi deməkdir. Hazırkı generasiya gücünün təxminən 200 meqavat olması fonunda yeni stansiyanın yaradılması Naxçıvanın həm daxili enerji tələbatının qarşılanmasına, həm də gələcəkdə daha böyük enerji layihələrinin həyata keçirilməsinə imkan verəcək.
Bununla yanaşı, Naxçıvanın günəş enerjisi baxımından əlverişli coğrafi mövqeyi bu sahədə böyük perspektivlər açır. Aparılan araşdırmalar muxtar respublikanın günəş elektrik enerjisi istehsalı üçün Azərbaycanın ən əlverişli ərazilərindən biri olduğunu göstərir. Artıq 600 hektardan artıq sahənin müəyyənləşdirilməsi və burada yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının yaradılmasının nəzərdə tutulması bərpaolunan enerji istiqamətində ciddi potensialın mövcudluğundan xəbər verir.
Bu prosesdə özəl sektorun iştirakı da xüsusi əhəmiyyət daşıyır. Dövlətin yaratdığı əlverişli investisiya mühiti ilə investorların marağının və Naxçıvanın təbii enerji imkanlarının birləşməsi yeni iqtisadi imkanların meydana çıxmasına şərait yaradır. Beləliklə, Naxçıvanın enerji siyasətində yalnız enerji tələbatının ödənilməsi deyil, gələcəkdə artıq enerji istehsal edən və onu ixrac edə bilən bir mərkəzə çevrilmək perspektivi formalaşır.
Muxtar respublikanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi də bu strategiyanın mühüm hissəsidir. Günəş və su elektrik stansiyalarının imkanlarının genişləndirilməsi ilə yanaşı, bərpaolunan enerji istehsalının yaratdığı dəyişkənliyin idarə olunması üçün enerji saxlanc sistemlərinin qurulması zəruridir. Bu baxımdan ilkin mərhələdə ən azı 100 meqavat gücündə batareya enerji saxlanc qurğusunun yaradılması ilə bağlı tapşırıq mühüm texnoloji addımdır. Belə sistemlər enerji istehsalı ilə istehlak arasında balansın qorunmasına, elektrik şəbəkəsinin sabitliyinin artırılmasına və bərpaolunan mənbələrdən daha geniş istifadə olunmasına imkan verəcək.
Naxçıvanın enerji potensialının artması onun gələcəkdə regional enerji bazarında mövqeyini də gücləndirə bilər. Azərbaycanın elektrik enerjisi ixracı istiqamətində həyata keçirdiyi layihələr, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi, Qara dəniz enerji kabeli layihəsi və Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlı əməkdaşlıq ölkənin enerji ixracı perspektivlərini genişləndirir. Bu ümumi strategiyada Naxçıvanın artan bərpaolunan enerji imkanları muxtar respublikanın gələcəkdə regional enerji sistemində daha mühüm mövqe tutmasına şərait yarada bilər.
Naxçıvanın inkişaf strategiyasında kənd təsərrüfatı da diqqətdən kənarda qalmır. Aqrar sahənin inkişafına dair Dövlət Proqramında muxtar respublikaya xüsusi yer ayrılması bu istiqamətdə sistemli yanaşmanın göstəricisidir. Suvarma imkanlarının artırılması, yeni artezian quyularının qazılması və istifadəsiz qalan torpaqların su ilə təmin olunması kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Müasir suvarma texnologiyalarının tətbiqi isə su ehtiyatlarından daha qənaətlə istifadə etməklə məhsuldarlığın yüksəldilməsinə xidmət edəcək. Aqrar sektorun güclənməsi həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də kənd yerlərində məşğulluğun artmasına müsbət təsir göstərəcək.
İnkişaf prosesinin digər mühüm tərəfi əhalinin sosial xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasıdır. Naxçıvanda DOST Mərkəzinin istifadəyə verilməsi və ASAN xidmət imkanlarının genişləndirilməsi dövlət xidmətlərinin daha müasir, çevik və vətəndaş yönümlü formada təşkilinə xidmət edir. Bu layihələr göstərir ki, iqtisadi inkişafın əsas məqsədi yalnız yeni istehsal sahələrinin və infrastrukturun yaradılması deyil, eyni zamanda insanların gündəlik həyatının daha rahat və keyfiyyətli təşkil olunmasıdır.
Bütün bu istiqamətlər bir-birindən ayrı deyil, vahid inkişaf modelinin tərkib hissələridir. Güclü təhlükəsizlik mühiti investisiyaların cəlb olunmasına imkan yaradır, sənayeləşmə enerji və nəqliyyat infrastrukturuna tələbatı artırır, enerji layihələri iqtisadi fəallığı dəstəkləyir, kənd təsərrüfatının inkişafı məşğulluğu genişləndirir, sosial xidmətlərin müasirləşdirilməsi isə əldə olunan iqtisadi nəticələrin insanların rifahına çevrilməsini təmin edir.
Naxçıvan qarşıdakı dövrdə öz coğrafi mövqeyindən və təbii imkanlarından maksimum istifadə etməklə Azərbaycanın iqtisadi və enerji potensialında daha böyük rol oynaya bilər. Bunun üçün əsas hədəf mövcud üstünlükləri qorumaqla onları müasir infrastruktur, yüksək texnologiyalar, sənaye istehsalı, yaşıl enerji və geniş nəqliyyat bağlantıları ilə birləşdirməkdir.
Prezident İlham Əliyevin səfəri zamanı səsləndirilən mesajlar da məhz bu baxışın əsas istiqamətlərini müəyyənləşdirir. Naxçıvanın gələcəyi təhlükəsiz, iqtisadi baxımdan güclü, enerji imkanları geniş, kənd təsərrüfatı inkişaf etmiş, sosial xidmətləri müasir və nəqliyyat baxımından daha sıx inteqrasiya olunmuş bir muxtar respublika modeli ilə əlaqələndirilir. Bu yanaşma Naxçıvanın Azərbaycanın ümumi inkişafında çəkisini daha da artırmaq üçün geniş imkanlar açır.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri