PDF Oxu

Siyasət

  • 762

“Poeziyamızın unudulmaz səsi” - FOTO

image

Bu başlıqlı tədbir Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin, Lənkəran şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin birgə təşkilatçılığı sayəsində kitabxanada baş tutdu. Xalq şairi Qabilin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirə ədəbiyyatşünas alimlər, bölgədə yaşayan şair və yazıçılar, ziyalılar, gənclər, MKS- nin əməkdaşları qatılmışdı.
Tədbiri AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli açdı. Onun xahişi ilə tədbir iştirakçıları yaxın günlərdə dünyasını dəyişmiş görkəmli söz ustaları-xalq şairi Nəriman Həsənzadənin və Çingiz Əlioğlunun xatirəsini yad etdilər.
Qafar Cəfərli xalq şairi Qabilin keçdiyi həyat yolu barədə tədbir iştirakçılarına məlumat verərək dedi:- Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirən Qabil uzun illər ölkənin müxtəlif ədəbi mətbu orqanlarında çalışıb. Xalq şairi fəxri adına, Respublika Dövlət Mükafatına layiq görülüb. Onun şeirləri xalqın dilində əzbər olub, indi də çox məclisdə böyük məhəbbətlə səslənir.

Görkəmli şairin 100 illik tədbirinin ölkədə ilk olaraq Lənkəranda qeyd olunmasını təqdirəlayiq hadisə hesab edən və buna görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirən AMEA- nın Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli geniş məruzə etdi:” 1949-cu ildən AYB- min üzvü olmuş Qabil poeziyası olduqca zəngindir. Xalqın sevimli şairi özünün coşqun təbiəti ilə poeziyamıza yeni çalar, rənglər gətirməklə ədəbiyyatımıza oxucu sevgisi qazandırıb.”
Natiq, həmçinin Qabil şeirlərinin gerçək həyatımızın da güzgüsünə çevrildiyini dedi, fikirlərini şairin ayrı-ayrı şeirlərindən nümunələr gətirməklə əsaslandırdı.
“ Qabilin nədən yazmasından asılı olmayaraq demək olar ki, bütün əsərlərini xalqın ruhuna, arzu və istəklərinə kökləndirib, bu mənada xalqın dərin sevgisini qazanıb.” Bu səmimi fikirlər isə filologiya elmləri doktoru, professor Yədulla Ağazadənin çıxışından götürülüb.

Tədbirdə şairlər Ağamir Cavad, Xudaverdi Cavad, Şəmsəddin Xoca, Aqşin Mahir, Əfsanə Sultan, tanınmış ziyalı Fəxrəddin Canıyev, alim və şairə xanım Tükəzban Cahangirova, MKS- min əməkdaşları Kəmalə Məmmədova, Gülmirə Səmədova şairlə bağlı düşüncələrini bölüşdülər, xatirələrini söylədilər, sevimli şairə yazdıqları şeirlərini, eləcə şairin öz şeirlərini oxudular.
Tədbir xatirə şəkilləri çəkilməklə sona yetdi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər