PDF Oxu

Siyasət

  • 631

Unudulmaz qəhrəman - FOTO

image

Şəhid İntiqam Əsgərlinin anadan olmasının 36-cı illiyi münasibətilə
Vətən, torpaq sevgisi ilə şəhidlik zivəsinə ucalan İntiqam Bayram oğlu Əsgərli 1990-cı ildə Masallı rayonunun Viləş kəndində dünyaya göz açıb. Milyonların ürəyində özünə əbədi yer edən bu Vətən sevdalısını bütün Azərbaycan özünə ən ləyaqətli oğul bilir. İntiqam cismən aramızdan getsə də, bizim üçün iftixar mənbəyi, quru yeri olaraq həmişə ehtiramla xatırlanır. Bəli, şəhidlik ən uca zivədir, belə bir şərəfə nail olanlar isə heç zaman ölmürlər.
İndi adı xalqımızın qəhrəmanlıq simvolu kimi çəkilən, dövlət tərəfindən "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Qüsursuz xidmətə görə", "Azərbaycan Ordusunun 100 illiyi" medallarla təltif edilən, ölümündən sonra isə, "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəsur döyüşçü", Şuşanın, Xocavəndin və Kəlbəcərin azadlığına görə medallarına layiq olan İntiqam Əsgərli yağıya öz gücünü Aprel döyüşlərində göstərib. O, Talış kəndi istiqamətində gizir qardaşı Nurlan Əsgərli ilə birlikdə savaşıb. Erməni dığalarına qan uddurub, mərdliyi, Vətənə sevgisi çiyin yoldaşlarına nümunə olub. Onlar, həmçinin döyüş meydanından şəhidlərimizin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşini çiyinlərində daşıyıblar. 4 aprel 2016-cı ildə gizir Nurlan həlak olub və İntiqam qardaşının cansız bədənini özü odun-alovun içindən çıxarıb.
Vətəni canından əziz bilən gizir İntiqam Əsgərli 44 günlük haqq savaşımızda isə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Neçə-neçə ağır sınaqlardan üzüağ çıxaraq, yağıya ciddi itkilər verib. Azərbaycanın üçrəngli ay-ulduzlu qələbə bayrağını Şuşanın üzərində dalğalandıranların önündə olub. Noyabrın 9-da qəfil atılan düşmən güləsi onun cavan ömrünə son qoyub.
O da məlum olsun ki, şəhər 3 saylı məktəb, mərkəzi küçələrdən biri şəhid İntiqam Əsgərlinin adınadır. Özündən sonra xalqına əmanət qoyduğu Nur adlı qızı və İntiqam adlı oğul övladları var.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər