PDF Oxu

Siyasət

  • 675

Azərbaycan–Özbəkistan: tarixdən gələcəyə uzanan qardaşlıq körpüsü - ŞƏRH

image

Ölkə Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlərin mahiyyətini, gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyan mühüm siyasi mesajlarla zəngindir. Müsahibə təkcə Azərbaycan–Özbəkistan əlaqələrinin bugünkü mənzərəsini əks etdirmir, eyni zamanda türk dünyasında getdikcə güclənən həmrəyliyin, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni əməkdaşlıq imkanlarının və Azərbaycanın bu proseslərdə artan rolunun göstəricisidir. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, Azərbaycan və Özbəkistan münasibətləri yalnız dövlətlərarası siyasi əlaqələr üzərində qurulmayıb. Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, qardaşlıq və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Məhz bu möhkəm təməl siyasi iradə ilə birləşərək münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldib.

Xüsusi ilə son illərdə Azərbaycan–Özbəkistan münasibətlərinin sürətli inkişafı təsadüfi deyil. Dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı etimad və siyasi dialoq bu əlaqələrin inkişafında xüsusi rol oynayır.

Ölkə Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə qeyd edilən 15 qarşılıqlı yüksək səviyyəli səfər və sıx təmaslar da münasibətlərin intensivliyini göstərən mühüm faktordur. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin siyasi münasibətlərinə yeni məzmun gətirib. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu münasibətlərin institusional dayaqlarını daha da möhkəmləndirib. Bu mexanizm Azərbaycan və Özbəkistan arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi və birgə təşəbbüslərin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin müsahibə zamanı açıqladığı rəqəmlər iki ölkə arasında iqtisadi əlaqələrin sürətli inkişafını aydın göstərir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi daha 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Bu göstəricilər iqtisadi münasibətlərin potensialının hələ tam reallaşmadığını və qarşıda daha böyük imkanların olduğunu göstərir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon dollar ümumi kapitalla yaradılması da iki ölkənin iqtisadi münasibətlərə strateji yanaşmasının göstəricisidir. Qarşılıqlı investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması artıq münasibətlərin mühüm istiqamətinə çevrilib. Avtomobil sənayesində əməkdaşlıq xüsusilə diqqət çəkir. Füzuli rayonunda salınan 100 hektarlıq “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı kimi layihələr Azərbaycan–Özbəkistan tərəfdaşlığının real iqtisadi nəticələridir. 2026-cı il iyulun 13-nə olan məlumata görə, Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib. Bu əməkdaşlığın başqa mühüm tərəfi qarşılıqlı investisiyaların coğrafiyasının genişlənməsidir. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi, Azərbaycanın özəl sektorunun isə Özbəkistanda iri layihələr həyata keçirməsi qarşılıqlı etimadın artıq real iqtisadi münasibətlərə çevrildiyini göstərir.

Müsahibənin diqqət çəkən məqamlarından biri də nəqliyyat və logistika məsələləridir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi bu iki ölkəni Şərqlə Qərbi birləşdirən marşrutlarda təbii tərəfdaşlara çevirir. Azərbaycanın tranzit imkanları ilə Mərkəzi Asiyanın artan iqtisadi potensialının bir-birini tamamlaması Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasına diqqət çəkməsi də məhz bu baxımdan mühüm siyasi və iqtisadi mesajdır. Bu, sadəcə nəqliyyat məsələsi deyil. Yeni dəhlizlər həm ticarətin genişlənməsi, həm investisiyaların artması, həm də regionların iqtisadi inteqrasiyası üçün yeni imkanlar yaradır. Azərbaycan burada yalnız tranzit ölkə deyil, Şərqlə Qərb arasında mühüm logistika mərkəzi kimi çıxış edir.

Azərbaycan–Özbəkistan münasibətlərinin yeni istiqamətlərindən biri də enerji sahəsidir. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, yaşıl enerji sahəsində də birgə layihələr həyata keçirilir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumlarının iştirakı ilə “Yaşıl Dəhliz Birliyi”nin yaradılması bu baxımdan mühüm addımdır. Məqsəd Mərkəzi Asiya ilə Azərbaycan arasında bərpaolunan enerjinin ötürülməsi və gələcəkdə Xəzər dənizinin dibi ilə yaşıl enerjinin nəqli imkanlarının reallaşdırılmasıdır. Bu layihə Azərbaycan–Özbəkistan əməkdaşlığının yalnız ikitərəfli deyil, daha geniş regional və qlobal enerji gündəliyinin tərkib hissəsinə çevrildiyini göstərir.

Azərbaycan–Özbəkistan münasibətlərinin gücü həm də xalqlar arasındakı mənəvi yaxınlıqdan qaynaqlanır. Prezident İlham Əliyevin müsahibəsində mədəni-humanitar əlaqələrə xüsusi yer ayırması təsadüfi deyil. Mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, təhsil proqramları, media və QHT forumları xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. Şuşa ilə Xivə, Bakı ilə Daşkənd və digər şəhərlər arasında qurulan qardaşlaşma münasibətləri bu əlaqələrin yalnız dövlət səviyyəsində deyil, cəmiyyətlər səviyyəsində də möhkəmləndiyini göstərir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb isə xüsusi rəmzi məna daşıyır. İşğaldan azad edilmiş ərazilərin bərpasına Özbəkistanın verdiyi dəstək iki xalq arasındakı qardaşlığın sözlə deyil, əməli addımlarla təsdiqidir. Eyni zamanda Bakıda yaradılacaq “Özbəkistan” parkı da bu dostluğun gələcək nəsillərə ötürülən simvollarından biri olacaq.

Müsahibənin ən mühüm siyasi məqamlarından biri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqla bağlı fikirlərdir. Azərbaycan və Özbəkistanın TDT daxilində fəal əməkdaşlığı türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir. Burada söhbət yalnız ortaq tarix və mədəniyyətdən deyil, iqtisadi, siyasi, nəqliyyat, enerji, təhsil və humanitar əlaqələrin vahid əməkdaşlıq məkanında birləşdirilməsindən gedir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin edilməsi isə regional əməkdaşlığın yeni mərhələsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əvvəllər “C5” adlandırılan formatın Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatına çevrilməsi regionlararası əməkdaşlığın miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Bu proses Azərbaycanın Mərkəzi Asiyaya yalnız coğrafi baxımdan deyil, siyasi, iqtisadi və strateji baxımdan da yaxınlaşdığını göstərir. Eyni zamanda Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Avropaya, dünya bazarlarına və beynəlxalq nəqliyyat-kommunikasiya şəbəkələrinə çıxış baxımından mühüm tərəfdaşdır.

Ölkə Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi diplomatik əlaqələr çərçivəsini geridə qoyub. Bu gün Bakı ilə Daşkənd arasında siyasi etimad, iqtisadi maraqlar, nəqliyyat imkanları, enerji layihələri, humanitar bağlar və ortaq türk kimliyi vahid strateji xəttdə birləşir. Ən mühüm məqam isə budur ki, bu münasibətlər yalnız keçmişin ortaq dəyərlərinə söykənmir, həm də gələcəyin ortaq layihələri üzərində qurulur. Birgə investisiyalar, yeni istehsal sahələri, nəqliyyat dəhlizləri, yaşıl enerji layihələri, təhsil və mədəniyyət proqramları bu qardaşlığın praktiki məzmununu formalaşdırır.

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycan və Özbəkistan öz milli maraqlarını qorumaqla yanaşı, daha böyük regional əməkdaşlıq məkanının formalaşmasına da mühüm töhfə verirlər. Bu baxımdan Bakı–Daşkənd münasibətləri türk dünyasının siyasi və iqtisadi həmrəyliyinin güclənməsi üçün nümunəvi modelə çevrilməkdədir.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər