PDF Oxu

Siyasət

  • 1 019

Laçın – Zəfərimizin, qayıdışımızın və dirçəlişimizin rəmzi - ŞƏRH

image

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan tarixinin şanlı səhifələrindən birini əks etdirən əlamətdar gündür. Bu tarix Laçının işğaldan azad olunmasını, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını və şəhərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini özündə birləşdirir. Bu gün Laçın uzun illər davam edən həsrətin deyil, Zəfərin, qayıdışın və yeni həyatın rəmzi kimi öz tarixini yazır.

Laçın Azərbaycanın qədim və gözəl guşələrindən biridir. Zəngin meşələri, dağları, çayları, mineral su ehtiyatları və əlverişli iqlimi ilə seçilən rayon xalqımızın tarixi-mədəni yaddaşında xüsusi yer tutur. Lakin 1992-ci ilin mayında Laçının Ermənistan tərəfindən işğal olunması şəhərin və rayonun dinc həyatını yarımçıq qoydu. On minlərlə laçınlı doğma yurdlarından didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdı. İşğal illərində yaşayış məntəqələri, tarixi-mədəni irs nümunələri və sosial infrastruktur dağıdıldı, rayonun təbiətinə ciddi ziyan vuruldu. Buna baxmayaraq, laçınlıların doğma yurda bağlılığı və qayıdış arzusu heç zaman zəifləmədi.
Azərbaycan xalqı üç onillik ərzində işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamını qorudu. Dövlətimizin məqsədyönlü siyasəti, güclü ordu quruculuğu və xalqımızın milli həmrəyliyi bu inamın gerçəkləşməsinə imkan verdi.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında tarixi dönüş yaratdı. Laçın rayonunun cənub hissəsində Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində bir sıra yaşayış məntəqələri, o cümlədən Güləbird kəndi azad edildi. Şuşanın azad olunmasından sonra Ermənistan kapitulyasiyaya məcbur oldu və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Laçın rayonunun digər hissəsi Azərbaycana qaytarıldı.
Beləliklə, Laçın Azərbaycanın ərazi bütövlüyünün bərpasının mühüm rəmzlərindən birinə çevrildi. 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması isə şəhərin yeni tarixinin başlanğıcını, uzun illər davam edən həsrətin sona çatmasını və qayıdış arzusunun gerçəkləşməsini ifadə edir.
Laçının azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin və rayonun yenidən qurulması, təhlükəsiz və müasir yaşayış şəraitinin yaradılması oldu. Dövlətimizin başçısının rəhbərliyi ilə burada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yollar, enerji, su, qaz və rabitə infrastrukturu qurulur, yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, səhiyyə və digər sosial obyektlər yaradılır.
Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı 2023-cü il mayın 27-dən başlayıb. Doğma yurda qayıdan ailələr yeni mənzillərlə yanaşı, müasir sosial və məişət imkanları ilə də təmin edilir. Bu proses Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindən biridir. Uzun illər yalnız xatirələrdə yaşayan Laçın artıq yenidən öz sakinlərinin səsi ilə canlanır.
Müasir Laçının qurulmasında şəhərsalma və ekoloji məsələlərə xüsusi diqqət yetirilir. Məqsəd sadəcə dağıdılmış binaları bərpa etmək deyil, təbii landşaftı qoruyan, yaşıllıqları geniş olan, rahat, təhlükəsiz və dayanıqlı şəhər mühiti yaratmaqdır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhlükəsiz yaşayış şəraitinin yaradılması, sosial xidmətlərin inkişafı, məşğulluğun təmin edilməsi və infrastrukturun qurulması əsas istiqamətlərdəndir.
Laçının dirçəlişi yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Şəhərdə yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və iqtisadi fəallığın artırılması da mühüm əhəmiyyət daşıyır. Rayonun zəngin təbii ehtiyatları, su mənbələri, dağlıq relyefi və əlverişli coğrafi mövqeyi kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və digər sahələrin inkişafı üçün geniş imkanlar yaradır.
Laçının təbii gözəllikləri onun turizm potensialını da artırır. Dağlar, meşələr, çaylar, bulaqlar və mineral su ehtiyatları ekoturizm, dağ turizmi və sağlamlıq turizminin inkişafı üçün əlverişli şərait yaradır. Qarabağ və Şərqi Zəngəzurun bərpası Laçının Azərbaycanın mühüm turizm mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar açır.
Laçının strateji coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Müasir yol-nəqliyyat infrastrukturu şəhərin digər bölgələrlə əlaqəsini genişləndirir, regionun iqtisadi potensialının artırılmasına və yeni kommunikasiya imkanlarının yaradılmasına xidmət edir.
Laçının azadlığı Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qazilərimizin fədakarlığı hesabına əldə edilmiş böyük Zəfərin tərkib hissəsidir. Bu gün Laçında dalğalanan üçrəngli Azərbaycan bayrağı tarixi ədalətin bərpa olunmasının və şəhidlərimizin qanının yerdə qalmadığının rəmzidir. Laçın Şəhəri Günü qeyd olunarkən Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilir.
Bu gün Laçın işğalın deyil, quruculuğun və inkişafın simasını nümayiş etdirir. Yeni yaşayış məhəllələri, yollar, sosial obyektlər və müasir infrastruktur şəhərin gələcəyə inamla addımladığını göstərir. Laçının bərpası Azərbaycanın siyasi iradəsinin, iqtisadi gücünün və quruculuq potensialının göstəricisidir.
26 Avqust – Laçın Şəhəri Günü xalqımızın yaddaşında Zəfər, qayıdış və dirçəliş günü kimi yaşayacaq. Laçın artıq yalnız azad edilmiş şəhər deyil, Azərbaycanın Zəfər salnaməsinin, Böyük Qayıdış siyasətinin və Qarabağla Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinin parlaq rəmzlərindən biridir.
Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər