PDF Oxu

Siyasət

  • 455

Azərbaycan–Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan qardaşlığa - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin müasir inkişaf mərhələsini kompleks şəkildə qiymətləndirmək baxımından mühüm siyasi mənbə kimi çıxış edir. Müsahibənin Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ərəfəsində baş tutması da təsadüfi xarakter daşımır. Müsahibədə iki ölkə arasında münasibətlərin yalnız cari siyasi gündəlik çərçivəsində deyil, tarixi, mədəni, iqtisadi, humanitar və geosiyasi kontekstdə inkişaf etdiyi vurğulanır. Bu baxımdan müsahibəni Azərbaycan–Özbəkistan münasibətlərinin keçmişdən gələn mənəvi əsaslarının müasir strateji tərəfdaşlıq mexanizmləri ilə birləşdirilməsinin ifadəsi kimi qiymətləndirmək mümkündür.

Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan və Özbəkistan münasibətlərinin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, qarşılıqlı rəğbət və həmrəylik kimi amillərin dayandığı xüsusi qeyd olunur. Bu yanaşma iki dövlət arasındakı münasibətlərin yalnız diplomatik maraqlarla izah edilməsinin kifayət etmədiyini göstərir. Burada dövlətlərarası münasibətlərin sosial və mədəni bazası ön plana çəkilir. Başqa sözlə, Azərbaycan və Özbəkistan arasında mövcud olan siyasi yaxınlaşma artıq əvvəlcədən mövcud olmuş tarixi-mədəni yaxınlığın müasir siyasi institutlar vasitəsilə möhkəmləndirilməsi kimi təqdim edilir.

Müsahibənin əsas analitik istiqamətlərindən biri Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəlməsidir. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər bu prosesin hüquqi-siyasi əsaslarını gücləndirib. Xüsusilə strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin inkişafı ilə bağlı sənədlər iki ölkə arasındakı münasibətlərin institusional xarakterini daha da möhkəmləndirib. Bu sənədlər göstərir ki, münasibətlər artıq yalnız ayrı-ayrı sahələr üzrə əməkdaşlıqdan ibarət deyil, uzunmüddətli və sistemli tərəfdaşlıq modelinə çevrilməkdədir.

Bu prosesdə Ali Dövlətlərarası Şuranın xüsusi əhəmiyyəti vardır. Şuranın yaradılması Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun institusional səviyyədə davamlılığını təmin edən mexanizmlərdən biri kimi qiymətləndirilə bilər. Dövlət başçıları səviyyəsində fəaliyyət göstərən bu platforma ikitərəfli münasibətlərin mövcud vəziyyətini qiymətləndirməklə yanaşı, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə də imkan yaradır. Beləliklə, iki ölkə arasında münasibətlər şəxsi liderlərarası dostluqla məhdudlaşmır, davamlı dövlət institutları və hüquqi mexanizmlərlə dəstəklənir.

Müsahibədə iqtisadi əməkdaşlığa geniş yer verilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin praktiki və nəticəyönümlü xarakter daşıdığını göstərir. Sənaye, kənd təsərrüfatı, investisiya, nəqliyyat, logistika və digər sahələrdə həyata keçirilən layihələr siyasi münasibətlərin iqtisadi əməkdaşlıqla tamamlandığını nümayiş etdirir. Xüsusilə avtomobil istehsalı sahəsində birgə layihələr, Füzulidə Özbəkistanın iştirakı ilə yaradılan “Dostluq bağı”, həmçinin qarşılıqlı investisiya layihələri iki ölkənin iqtisadi potensiallarının bir-birini tamamladığını göstərən nümunələrdir.

Nəqliyyat və logistika istiqaməti isə münasibətlərin regional və geosiyasi əhəmiyyətini daha da artırır. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malikdir. Bu coğrafi yerləşmə iki ölkəni Şərqlə Qərb arasında nəqliyyat və ticarət əlaqələrinin inkişafında təbii tərəfdaşlara çevirir. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız ikitərəfli xarakter daşımadığı, eyni zamanda daha geniş regional nəqliyyat və iqtisadi inteqrasiya proseslərinin mühüm hissəsi olduğu görünür.

Azərbaycan və Özbəkistanın nəqliyyat və logistika imkanlarının birləşməsi Orta Dəhlizin inkişafı baxımından əlavə imkanlar yaradır. Mərkəzi Asiyanın nəqliyyat marşrutlarının Xəzər dənizi vasitəsilə Azərbaycan və daha sonra Avropa istiqamətinə çıxması hər iki ölkənin regional iqtisadi əhəmiyyətini artırır. Bu proses Azərbaycan və Özbəkistan arasında əməkdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsindən çıxararaq daha geniş Avrasiya nəqliyyat sisteminin tərkib hissəsinə çevirir.

Müsahibənin digər mühüm istiqaməti humanitar və mədəni əməkdaşlıqdır. Prezident İlham Əliyevin təhsil, elm, mədəniyyət və media sahələrində əməkdaşlığı xüsusi vurğulaması iki ölkə arasında münasibətlərin yalnız dövlət strukturları səviyyəsində deyil, xalqlar arasında əlaqələr müstəvisində də inkişaf etdiyini göstərir. Təhsil sahəsində qarşılıqlı tələbə mübadiləsi, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi, media və mədəniyyət sahəsində keçirilən tədbirlər iki ölkə arasında humanitar əlaqələrin konkret nümunələridir.

Xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi simvolik və praktiki baxımdan diqqətəlayiqdir. Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın iştirakını nümayiş etdirməklə yanaşı, təhsil vasitəsilə iki xalq arasında dostluğun möhkəmləndirilməsinə xidmət edir. Burada təhsil yalnız bilik ötürülməsi vasitəsi kimi deyil, həm də dövlətlər və xalqlar arasında humanitar əlaqələrin formalaşdırılması vasitəsi kimi çıxış edir.

Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı müsahibənin digər mühüm siyasi istiqamətidir. İki ölkənin bu təşkilat çərçivəsində fəal əməkdaşlığı ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin daha geniş platformada qorunmasına və inkişaf etdirilməsinə imkan yaradır. Bu yanaşma Azərbaycan–Özbəkistan münasibətlərini daha geniş Türk dünyası inteqrasiyası kontekstinə daxil edir.

Burada xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatının inkişafı yalnız siyasi və iqtisadi inteqrasiya ilə məhdudlaşdırılmır. Ortaq tarixin, mədəni irsin və mənəvi dəyərlərin qorunması da bu prosesin mühüm komponenti kimi nəzərdən keçirilir. Azərbaycan və Özbəkistanın tarix və mədəniyyət baxımından zəngin irsə malik olması onların bu istiqamətdə əməkdaşlığını xüsusi əhəmiyyətli edir. Bu baxımdan tarixçilərin, tədqiqatçıların, tələbələrin və gənclərin qarşılıqlı əlaqələri gələcəkdə Türk dünyasının ortaq tarixi yaddaşının formalaşdırılmasına mühüm töhfə verə bilər.

Məhz bu məqamdan çıxış edərək, Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərin gənc tarixçilərin Özbəkistanda iştirakı ilə birbaşa əlaqələndirilməsi mümkündür. Azərbaycan və Özbəkistan arasında siyasi səviyyədə formalaşan müttəfiqlik münasibətlərinin cəmiyyətlərarası və gənclər səviyyəsində də davam etdirilməsi uzunmüddətli perspektiv baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətlərarası münasibətlərin davamlılığı yalnız imzalanan sənədlərdən deyil, bu münasibətləri gələcəkdə davam etdirəcək yeni nəslin bir-birini tanımasından və ortaq dəyərləri mənimsəməsindən də asılıdır.

Bu baxımdan Özbəkistanda iştirak etdiyimiz “Yosh tarixchilar 5-yozgi öqishlari” çərçivəsində Yay Məktəbi xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif türk xalqlarının və ölkələrin gənc tarixçilərinin bir araya gəlməsi siyasi səviyyədə formalaşan dostluq və tərəfdaşlığın elmi və humanitar müstəvidə davam etdirilməsinin nümunəsidir. Yay Məktəbi iştirakçılara yalnız Özbəkistanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı yaratmayıb, həm də müxtəlif ölkələrdən olan gənc tarixçilər arasında fikir və təcrübə mübadiləsinə şərait yaradıb.

Özbəkistanda olduğumuz müddətdə tədbirlərin yüksək səviyyədə təşkil olunması, proqramın hər bir detalının əvvəlcədən düşünülməsi və iştirakçılar üçün yaradılan şərait xüsusi təəssürat yaratdı. Elmi görüşlərin mədəni proqramlarla tamamlanması Özbəkistanın öz tarixini və mədəni irsini gənc nəslə və xarici iştirakçılara təqdim etməyə verdiyi əhəmiyyəti göstərirdi. Bu təcrübə həm də tarix elminin yalnız keçmiş hadisələrin öyrənilməsi deyil, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühüm vasitə olduğunu nümayiş etdirdi.

Səfərimizin Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə eyni dövrə təsadüf etməsi isə bizim üçün xüsusi məna daşıdı. Biz Özbəkistanda olduğumuz günlərdə Azərbaycan–Özbəkistan münasibətlərinin ən yüksək siyasi səviyyədə inkişafının canlı şahidi olduq. Bir tərəfdən Azərbaycan Prezidenti iki ölkə arasındakı strateji və müttəfiqlik münasibətlərinin əsas istiqamətlərindən danışırdı, digər tərəfdən isə biz gənc tarixçilər olaraq həmin münasibətlərin humanitar və elmi müstəvidə necə reallaşdığını öz təcrübəmizdə müşahidə edirdik.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlıq istiqamətləri bizim iştirak etdiyimiz Yay Məktəbində praktiki şəkildə müşahidə etdiyimiz proseslərlə bir növ tamamlandı. Dövlət başçıları səviyyəsində həyata keçirilən diplomatik münasibətlər, iqtisadi layihələr və strateji tərəfdaşlıq mexanizmləri ilə yanaşı, gənclərin, tarixçilərin, alimlərin və mədəniyyət nümayəndələrinin qarşılıqlı əlaqələri də Azərbaycan–Özbəkistan münasibətlərinin möhkəm təməllərindən biridir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin çoxşaxəli inkişafını əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Müsahibədə siyasi dialoqdan iqtisadi əməkdaşlığa, nəqliyyat və logistika imkanlarından təhsil, elm, mədəniyyət və humanitar əlaqələrə qədər geniş spektrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri təqdim olunur. Bu münasibətlərin əsas xüsusiyyəti isə onların ortaq tarixi və mənəvi dəyərlər üzərində qurulmasıdır.

Özbəkistanda keçirdiyimiz Yay Məktəbi həmin münasibətlərin gənc nəsil səviyyəsindəki təzahürünü müşahidə etmək baxımından bizim üçün mühüm təcrübə oldu. Prezident İlham Əliyevin səfəri ilə bizim səfərimizin eyni vaxta təsadüf etməsi isə bu təcrübəyə xüsusi simvolik məna verdi. Biz həm dövlətlərarası münasibətlərin ən yüksək mərhələsini, həm də xalqlar və gənclər arasında qurulan dostluq əlaqələrini eyni zaman kəsiyində müşahidə etdik. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafında tarix, təhsil, elm və gənclər arasında əməkdaşlığın strateji əhəmiyyət daşıdığı qənaətinə gəlmək mümkündür.

Təranə Əlivərdiyeva

YAP Yasamal rayon təşkilatının gənc fəalı

Digər xəbərlər