PDF Oxu

Siyasət

  • 537

Əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaranıb - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə qazandığı yüksək dinamikanı və yeni mərhələyə keçidini bir daha ortaya qoydu. Daşkənddə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, mühüm sənədlərin imzalanması, yeni investisiya və sənaye layihələrinin başlanması, iki dövlət başçısının qarşılıqlı şəkildə ali dövlət təltiflərinə layiq görülməsi və Əbədi dostluq haqqında Müqavilənin imzalanması münasibətlərin həm siyasi, həm iqtisadi, həm də humanitar istiqamətlərdə dərinləşdiyini göstərir.

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın möhkəm təməl üzərində inkişaf etməsinin əsas səbəblərindən biri iki xalqı birləşdirən tarixi, milli və mənəvi bağlardır. Bununla yanaşı, müasir dövrdə bu münasibətlər yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmır. Bakı və Daşkənd arasında əlaqələr konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar, sənaye kooperasiyası, nəqliyyat-logistika əməkdaşlığı və regional təşəbbüslərlə daha praktik məzmun qazanır.

Hər iki ölkənin iqtisadi inkişaf strategiyasında oxşar prioritetlərin olması da əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan və Özbəkistan iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, sənaye istehsalının artırılmasına, yeni investisiyaların cəlbinə, enerji və nəqliyyat infrastrukturunun gücləndirilməsinə xüsusi önəm verir. Bu paralellik iki dövlət arasında təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır.

Özbəkistanın sürətlə inkişaf edən iqtisadiyyatı Azərbaycan üçün Mərkəzi Asiyada mühüm tərəfdaşlıq imkanları formalaşdırır. Eyni zamanda Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və Avropa bazarlarına çıxış imkanları Daşkənd üçün strateji əhəmiyyət daşıyır. Bu qarşılıqlı üstünlüklər iki ölkənin əməkdaşlığını yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional iqtisadi sistem daxilində də əhəmiyyətli edir.

Azərbaycan və Özbəkistan qarşısında ticarət dövriyyəsinin 1 milyard dollar səviyyəsinə çatdırılması kimi mühüm hədəf dayanır. Bu məqsədin reallaşması üçün artıq real iqtisadi baza formalaşıb. Son dövrdə münasibətlər sadəcə məhsul mübadiləsinin artırılması istiqamətindən çıxaraq birgə istehsal, sərmayə qoyuluşu və sənaye əməkdaşlığı mərhələsinə keçib. Avtomobil sənayesi, kənd təsərrüfatı, qida sənayesi, energetika, mədənçilik, turizm və maliyyə kimi müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin genişlənməsi gələcəkdə iqtisadi əlaqələrin daha da artacağına əsas verir.

Bu baxımdan iki ölkə arasında yaradılan Birgə İnvestisiya Fondu xüsusi əhəmiyyət kəsb edir. 500 milyon dollar kapitala malik fondun müxtəlif istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilməsi Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərində yeni mexanizmin formalaşdığını göstərir. Burada əsas məsələ yalnız investisiyanın həcmi deyil, onun real istehsal, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması və iqtisadi dəyərin formalaşdırılmasına yönəldilməsidir.

Ölkələr arasında sənaye kooperasiyasının inkişafında avtomobil istehsalı xüsusi yer tutur. Özbəkistan bu sahədə böyük istehsal təcrübəsinə malikdir. Azərbaycan isə sənaye parkları, logistika imkanları və müxtəlif regional bazarlara çıxış potensialı ilə birgə istehsal üçün əlverişli mühit yaradır. Bu imkanların birləşdirilməsi gələcəkdə yeni sənaye layihələrinin meydana çıxmasına və iki ölkənin istehsal zəncirlərinin daha sıx inteqrasiyasına səbəb ola bilər.

Azərbaycan–Özbəkistan münasibətlərinin səmərəliliyini göstərən mühüm nümunələrdən biri Qarabağda həyata keçirilən layihələrdir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisini həyata keçirməsi qardaş ölkənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi mühüm töhfələrdəndir. Xankəndidə tikiş fabrikinin yaradılması isə əməkdaşlığın sosial-humanitar istiqamətlərlə yanaşı, iqtisadi və istehsal xarakteri də daşıdığını nümayiş etdirir.

Bu layihələrin əhəmiyyəti onların yalnız tikinti və investisiya ilə məhdudlaşmamasındadır. Belə təşəbbüslər yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın artmasına və azad edilmiş ərazilərin dayanıqlı inkişafına xidmət edir. Özbəkistanın Azərbaycanın Zəfərdən sonrakı quruculuq prosesində real layihələrlə iştirak etməsi iki ölkə arasında siyasi həmrəyliyin əməli əməkdaşlıqla tamamlandığını göstərir.

Nəqliyyat sahəsi də Bakı–Daşkənd əlaqələrinin gələcək inkişafında mühüm istiqamətlərdən biridir. Özbəkistanın Mərkəzi Asiyanın mərkəzində yerləşməsi onun dünya bazarlarına çıxış üçün etibarlı və alternativ nəqliyyat marşrutlarına ehtiyacını artırır. Azərbaycanın isə Xəzər dənizi üzərindən Avropa istiqamətində formalaşmış tranzit imkanları iki ölkənin maraqlarını birləşdirən mühüm amildir.

Bu baxımdan Orta Dəhlizin imkanlarının genişləndirilməsi Azərbaycan və Özbəkistan üçün xüsusi perspektivlər yaradır. Xəzər üzərindən yükdaşımaların artırılması, liman və gəmiçilik infrastrukturunun inkişaf etdirilməsi, logistika proseslərinin təkmilləşdirilməsi və marşrutların səmərəliliyinin yüksəldilməsi iki ölkənin qarşılıqlı iqtisadi maraqlarına cavab verir. Eyni zamanda bu əməkdaşlıq Mərkəzi Asiya ölkələrinin Avropa və digər beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə də mühüm töhfə verə bilər.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin son illərdə sürətlə genişlənməsi Bakı–Daşkənd münasibətlərinin regional əhəmiyyətini daha da artırır. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsi, Xəzər üzərindən nəqliyyat əlaqələrinin inkişafı, enerji və ticarət layihələrinin artması Azərbaycanla Mərkəzi Asiya arasında yeni iqtisadi və geosiyasi bağlılıq yaradır. Bu proseslər Azərbaycan və Özbəkistan münasibətlərini daha geniş regional inteqrasiyanın mühüm dayaqlarından birinə çevirir.

Prezident İlham Əliyevin səfər zamanı Azərbaycanla Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi region kimi formalaşmasına dair fikirləri də məhz bu reallığı ifadə edir. Region ölkələri arasında nəqliyyat, enerji, ticarət və investisiya əlaqələrinin güclənməsi yeni iqtisadi imkanların yaranmasına şərait yaradır. Bu baxımdan Azərbaycan və Özbəkistanın bir-birinin inkişafında maraqlı olması yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionun gələcək potensialının artırılmasına xidmət edir.

Səfərin diqqətçəkən məqamlarından biri də iki dövlət başçısının qarşılıqlı olaraq yüksək dövlət təltiflərinə layiq görülməsi oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidentini “Dostluq” ordeni ilə təltif etməsi, Prezident İlham Əliyevin isə Özbəkistan dövlət başçısına “Heydər Əliyev” ordenini təqdim etməsi iki ölkə liderləri arasında formalaşmış yüksək etimadın və dostluq münasibətlərinin simvolik ifadəsidir. Bu təltiflər Azərbaycan və Özbəkistan xalqları arasındakı münasibətlərin dövlətlərarası əməkdaşlıqdan daha geniş məna daşıdığını göstərir.

Daşkənddə imzalanan Əbədi dostluq haqqında Müqavilə də münasibətlərin gələcək inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Bu sənəd iki ölkənin uzunmüddətli perspektivdə qarşılıqlı etimad, dostluq və strateji əməkdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirir. Belə sənədlər siyasi münasibətlərin hüquqi və institusional əsaslarını möhkəmləndirməklə yanaşı, yeni əməkdaşlıq istiqamətlərinin açılması üçün də əlverişli şərait yaradır.

Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional əhəmiyyət daşıyan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşıdakı dövrdə investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, ticarət dövriyyəsinin yüksəldilməsi, nəqliyyat bağlantılarının gücləndirilməsi, kənd təsərrüfatı və enerji sahəsində yeni layihələrin həyata keçirilməsi, eləcə də turizm və humanitar əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur.

Bakı ilə Daşkənd arasında formalaşan bu yeni əməkdaşlıq modeli yalnız iki dövlətin iqtisadi gücünü artırmaqla kifayətlənməyəcək. O, Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında daha sıx iqtisadi əlaqələrin qurulmasına, yeni nəqliyyat marşrutlarının formalaşmasına və regional inteqrasiyanın dərinləşməsinə də təsir göstərəcək. Bu səbəbdən Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini yalnız yüksək səviyyəli siyasi görüş kimi deyil, iki qardaş ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji mərhələ kimi qiymətləndirmək mümkündür.

İsa Məmmədov

Yap Babək rayon təşkilatının sədri

Digər xəbərlər