Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin daha bir mühüm xüsusiyyətini – iqtisadi və strateji tərəfdaşlığın humanitar və mədəni yaxınlıqla tamamlanmasını aydın şəkildə nümayiş etdirdi.
Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin dərinliyi yalnız dövlət başçılarının siyasi dialoqu ilə ölçülə bilməz. Bu münasibətlərin əsasını ortaq tarix, dil və mədəniyyət, qədim dövlətçilik ənənələri, eyni mənəvi dəyərlər və qarşılıqlı hörmət təşkil edir. Məhz bu səbəbdən iki ölkənin siyasi münasibətləri sürətlə inkişaf etdikcə xalqlar arasında humanitar əlaqələr də genişlənir.
Prezident İlham Əliyev Daşkənddəki bəyanatında Özbəkistanın inkişafını yüksək qiymətləndirərək ölkənin son illərdə keçdiyi böyük inkişaf yoluna diqqət çəkib. Dövlət başçısı bu inkişafın iqtisadiyyatın şaxələndirilməsi, sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların nəticəsi olduğunu vurğulayıb.Bu inkişaf Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığının genişlənməsi üçün əlverişli zəmin yaradıb. Prezidentin bəyanatında qeyd olunan çoxsaylı layihələr göstərir ki, tərəfdaşlıq artıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıqdan kompleks iqtisadi modelə çevrilib.İki ölkə arasında avtomobil sənayesi, kənd təsərrüfatı, emal, enerji, turizm, dağ-mədən sənayesi və bankçılıq sahələrində əməkdaşlıq inkişaf edir. Azərbaycan banklarından birinin Özbəkistan bazarına daxil olması, SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarında fəaliyyət göstərməsi və neft-qaz kəşfiyyatı üzrə layihələrin yeni mərhələyə çatması iqtisadi münasibətlərin dərinliyini göstərən mühüm faktorlardır.
Prezident İlham Əliyevin bəyanatında qarşılıqlı investisiyaların həcminin milyardlarla ölçülən göstəricilərə doğru getdiyi vurğulanıb. İnvestisiya fondunun layihələrlə təmin olunması, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə Özbəkistan investisiyalarının yönəldilməsi iqtisadi tərəfdaşlığın qarşılıqlı xarakter daşıdığını göstərir.
Bununla yanaşı, iki ölkənin regionları arasında əməkdaşlıq iqtisadi əlaqələrin yeni hərəkətverici qüvvəsinə çevrilir. Azərbaycan və Özbəkistanın müxtəlif şəhər və vilayətləri arasında əlaqələrin genişləndirilməsi yerli potensialın üzə çıxarılmasına, biznes subyektləri arasında birbaşa əlaqələrin qurulmasına və yeni birgə layihələrin yaranmasına imkan verir.
23 avqust səfəri çərçivəsində Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması isə iki ölkənin dostluq və qardaşlığının rəmzi xarakter daşıyan mühüm hadisələrindən biri oldu. Prezident Şavkat Mirziyoyev bu parkın xalqların yaxınlığının parlaq rəmzinə çevriləcəyinə əminliyini ifadə edib.Eyni gün Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışında iştirak edilməsi də humanitar əlaqələrin strateji əhəmiyyətini nümayiş etdirir. Nizami Gəncəvinin adını daşıyan təhsil ocağının müasir binada fəaliyyətə başlaması Azərbaycan–Özbəkistan mədəni və təhsil əlaqələrinin simvolik ifadəsidir.Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı iki xalqın ədəbi-mədəni irsində xüsusi yer tutur. Bu baxımdan onların ədəbi irsinə həsr olunmuş birgə bədii filmin hazırlanması barədə razılaşma da diqqətəlayiqdir. Belə layihələr ortaq mədəni irsin gələcək nəsillərə çatdırılması və Azərbaycan–Özbəkistan mənəvi bağlarının daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir. Humanitar əməkdaşlığın digər istiqaməti gənclər arasında əlaqələrin inkişafıdır. Müasir dövrdə gənclər dövlətlərarası münasibətlərin gələcək təminatçısıdır. Azərbaycan və Özbəkistan gənclərinin təhsil, mədəniyyət, innovasiya, yaradıcılıq və idman sahələrində bir araya gəlməsi gələcəkdə iki ölkə arasında əlaqələrin daha möhkəm ictimai dayaqlara malik olmasını təmin edəcək. Bu baxımdan 2027-ci ildə Azərbaycan və Özbəkistanın gənclər arasında futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti tərəfindən “İki ölkə – bir çempionat” adlı dövlət proqramının həyata keçirilməsi təklifinin səsləndirilməsi idmanın xalqlar arasında dostluğun möhkəmləndirilməsindəki rolunu bir daha göstərir.
Azərbaycan və Özbəkistanın Qarabağ məsələsində qarşılıqlı həmrəyliyi də münasibətlərin mənəvi əsaslarının nə qədər güclü olduğunu göstərir. Prezident İlham Əliyev bəyanatında Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu xüsusi qeyd edib. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi, Xankəndidə tikiş fabrikinə investisiyalar və digər layihələr Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə verdiyi mühüm töhfələrdir.Bu faktlar Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız iqtisadi maraqlara əsaslanmadığını sübut edir. Qardaş ölkənin Azərbaycanın ən ağır və mürəkkəb dövrlərindən sonra Qarabağın bərpası prosesində iştirak etməsi iki xalq arasında mənəvi həmrəyliyin bariz nümunəsidir.İki ölkə arasında münasibətlərin gələcəyi məhz bu çoxşaxəli əməkdaşlıq modelinə əsaslanır. Siyasi müttəfiqlik iqtisadi layihələrlə, iqtisadi tərəfdaşlıq humanitar əlaqələrlə, humanitar yaxınlıq isə xalqlar arasında qarşılıqlı etimadla tamamlanır.
Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi fikirlərdən görünür ki, Azərbaycan və Özbəkistan qarşıdakı dövr üçün konkret fəaliyyət planına malikdir. Yeni layihələrin həyata keçirilməsi, investisiya proqramlarının genişləndirilməsi, ticarətin artırılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, enerji və sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi bu planın əsas istiqamətləridir. Ən mühüm məqamlardan biri isə odur ki, bütün bu proseslər iki ölkənin xalqlarının rifahına xidmət etməlidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, hər iki ölkənin hökumətləri inkişaf, daha yaxşı həyat şəraitinin yaradılması və səylərin birləşdirilməsi istiqamətində çalışırlar.
Beləliklə, 23 avqust 2026-cı il tarixli bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin yeni inkişaf mərhələsinin siyasi və iqtisadi konturlarını müəyyənləşdirən mühüm çıxış kimi qiymətləndirilə bilər. Bu münasibətlərin əsas gücü dövlət başçılarının siyasi iradəsi ilə yanaşı, Azərbaycan və Özbəkistan xalqlarının dərin tarixi və mənəvi yaxınlığındadır. Qarşılıqlı etimad, iqtisadi maraqların uzlaşdırılması və ortaq gələcək baxışı iki qardaş ölkənin əməkdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əsas verir.Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsi yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının və Mərkəzi Asiya–Cənubi Qafqaz əməkdaşlıq məkanının gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan 23 avqust səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı gələcəyə hesablanmış mühüm siyasi və strateji mesajlar kimi yadda qalacaq.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı