Bu gün mötəbər mənbələr Azərbaycanı Orta Güc adlandırırlar. Bu, ona görədir ki, dövlətimizin baxmayaraq ki, işğal tarixi 30 ilə söykənən Qarabağ məsələsinin həllində bir neçə beynəlxalq təşkilatlardan gözləntisi var idi, lakin bu məsələni məhz Azərbaycan özü həll edə bildi. Cəmi 44 günün içərisində Cənubi Qafqazada elə bir güc sahibi olduğunu göstərdi ki, qonşu və digər dövlətlər bu gücü bütün mahiyyəti ilə görə bildilər. Müharibənin son günü imzalanan üçtərəfli Bəyannamədə dəhliz məsələsinin iddia olunması, Bəyannaməyə bir bənd olaraq salınması ilə isə Azərbaycan Cənubi Qafqazda yeni bir səhifə açdı. Bu, elə bir səhifədir ki, artıq dünyanın bir çox ölkələri bu dəhlizin nə olduğunu, dünya üçün nəyə qadir olacağını dərk edir və bu səbəbdən də Azərbaycanın nüfuzu günü-gündən artır.
Belə bir dövrdə dövlətimizin başçısının müxtəlif sahələrdə tərəfdaş olduğumuz ölkələrə səfərləri təbii ki, regionda ilk öncə sülhün daimi olmasına və sülh dövründə qarşılıqlı münasibətləri, əməkdaşlıq və tərəfdaşlığı möhkəm əsaslarla birləşdirməyə, inkişaf etdirməyə xidmət edir.
Dövlət başçısının ötən ay Özbəkistana, avqustun 31-də isə Qırğızıstana səfərini Cənubi Qafqazın növbəti Mərkəzi Asiya strategiysı olaraq dəyərləndirirmək olar.
“ŞƏT plyus” platforması və Şərq-Qərb nəqliyyat dəhlizi
Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olması və bu cür geniş tərkibli zirvə görüşlərinə dəvət edilməsi ölkəmizin Mərkəzi Asiya və Avrasiya coğrafiyasındakı geostrateji rolunun göstəricisidir. Qoşulmama Hərəkatına 4 illik uğurlu sədrlik təcrübəsinə söykənən Azərbaycan global müstəvidə ədalətli, çoxqütblü dünya nizamının və çoxtərəflilik prinsiplərinin tərəfdarı kimi çıxış edir.
Dövlət başçısının müharibədən sonrakı çoxsaylı səfərlərində əməkdaşlıqların möhkəmləndirilməsi prinsipləri kimi, ŞƏT ölkələri ilə iqtisadi və nəqliyyat-kommunikasiya inteqrasiyası Azərbaycanın "Orta Dəhliz" layihəsindəki mərkəzi mövqeyini daha da möhkəmləndirir.
Formal tərəfdaşlıqdan dərin strateji müttəfiqliyə
Dövlət başçısının Qırğızıstana işgüzar səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən “ŞƏT plyus” sammitində iştirakı Azərbaycanın regional və qlobal siyasətdə artan nüfuzunu bir daha nümayiş etdirdi. Bu səfər həm ikitərəfli müttəfiqlik münasibətlərinin, həm də Avrasiya məkanında çoxtərəfli diplomatiyanın gücləndirilməsi baxımından mühüm strateji xarakter daşıyır.
Səfərin ən mühüm məqamlarından biri Azərbaycan və Qırğızıstan arasında münasibətlərin ən yüksək səviyyəyə çatmasının təsdiqlənməsi oldu. Dövlət başçısı öz çıxışında bu yaxınlarda imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusi vurğulayaraq, iki qardaş ölkə arasındakı əlaqələrin artıq formal tərəfdaşlıqdan çıxaraq dərin strateji müttəfiqlik müstəvisinə keçdiyini bildirdi.
Cənubi Qafqazın sülh arxitekturası
Prezident İlham Əliyevin “ŞƏT plyus” platformasındakı çıxışı Cənubi Qafqazda formalaşan yeni sülh arxitekturası və beynəlxalq hüququn tətbiqi mexanizmləri baxımından mühüm mesajlarla zəngin idi.
Dövlətimizin başçısı Ermənistanla sülh sazişinin mətni üzrə əldə olunmuş razılıqdan sonra Cənubi Qafqazın münaqişə zonasından sülh məkanına çevrildiyi diqqətə çatdırdı. Azərbaycanın artıq Ermənistana neft məhsulları verməsi, tranzit imkanları yaratması və tranzit-ticarət əlaqələrinin inkişafı istiqamətində addımlar atması Bakının regionda dayanıqlı sülhün tərəfdarı olduğunu praktiki olaraq göstərir.
Dövlət başçısı vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə 30 il kağız üzərində qaldı və bu prosesdə BMT heç bir rol oynamadı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təkbaşına bərpa etdi.
BMT -yə müsaj xarakteri daşıyan bu fikir isə daha mütərrəqidir: qətnamələrin tez və effektiv icrası üçün xüsusi mexanizmlərin işlənməsi vacibdir. Bu, beynəlxalq təşkilatların nüfuzunun bərpası və qlobal ədalətin təmin olunması üçün çağırış xarakteri daşıyır.
İlham Əliyevin Bişkek səfəri göstərdi ki, Azərbaycan regional müttəfiqlikləri ölkələr, beynəlxalq təşkilatlar və qlobal platformalarla uğurla sintez edir. Səfər həm milli maraqların müdafiəsi, həm də regionda formalaşan yeni nəqliyyat və sülh xəritəsinin qlobal güclərə bəyan edilməsi baxımından tam uğurlu və strateji dividentlər gətirən bir diplomatik addımdır. Səfər “qalib ölkənin strategiyası da məhz belə olmalıdır” prinsipini özündə ehtiva edir.
Mətanət Məmmədova