Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərindən sonra Ermənistanda aparılan informasiya kampaniyası təsadüfi və ayrı-ayrı şəxslərin reaksiyası təsiri bağışlamadı. Eyni məzmunlu fikirlərin müxtəlif siyasi dairələr və media resursları tərəfindən ardıcıl şəkildə yayılması prosesin əvvəlcədən müəyyənləşdirilmiş siyasi məqsədlərə xidmət etdiyini göstərdi. Səfərin mahiyyətinin təhrif edilməsi, xarici diplomatların hədəfə alınması və tarixi-mədəni irslə bağlı əsassız iddiaların yenidən gündəmə gətirilməsi revanşist düşüncənin Ermənistanın ictimai-siyasi mühitində hələ də təsirli olduğunu nümayiş etdirdi.
Diplomatik korpusun səfəri tamamilə Azərbaycanın suveren hüquqları çərçivəsində təşkil edilmişdi. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyət Qarabağ və Şərqi Zəngəzurda işğal dövrünün nəticələri, aparılan bərpa-quruculuq işləri, tarixi-mədəni abidələrin vəziyyəti və Böyük Qayıdış Proqramının icrası ilə tanış oldu. Xarici nümayəndələrin Azərbaycanın suveren ərazisində səfər etməsi beynəlxalq münasibətlər baxımından adi diplomatik fəaliyyətdir. Buna siyasi məna yükləmək və diplomatlara təzyiq göstərməyə çalışmaq hüquqi əsasdan məhrum yanaşmadır.
Səfərə qarşı reaksiyaların məhz eyni tezislər ətrafında qurulması diqqət çəkdi. Müxtəlif platformalarda Qarabağın tarixi ilə bağlı köhnəlmiş iddialar təkrarlandı, Azərbaycan xristian dini abidələrinə münasibətdə əsassız şəkildə ittiham edildi və diplomatların səfərdə iştirakına görə onların təmsil etdikləri ölkələr hədəfə alındı. Bu tezislərin koordinasiyalı şəkildə dövriyyəyə buraxılması məsələnin adi ictimai narazılıqdan daha geniş xarakter daşıdığını göstərir.
Revanşist kampaniyada yalnız radikal müxalifət qruplarının deyil, Ermənistan hakimiyyətinə yaxın siyasi və informasiya dairələrinin də fəallığı müşahidə olundu. Hakim siyasi qüvvəyə yaxın resurslarda səfərlə bağlı birtərəfli məlumatların yayılması və Azərbaycanın ünvanına əsassız iddiaların səsləndirilməsi rəsmi İrəvanın mövqeyi ilə bağlı suallar yaradır. Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, ona yaxın dairələrin Qarabağda keçirilən diplomatik səfəri mübahisələndirməsi açıq ziddiyyət təşkil edir.
Əgər Ermənistan hakimiyyəti revanşist çağırışları bölüşmürsə, belə kampaniyalara münasibətini aydın şəkildə bildirməli, Azərbaycanın suverenliyini hədəfə alan açıqlamalardan uzaq durmalıdır. Sülh tərəfdarı olduğunu bəyan etmək kifayət deyil. Bu mövqe hakim siyasi qüvvənin fəaliyyəti, ona yaxın media resurslarının məzmunu və dövlət institutlarının davranışı ilə də təsdiqlənməlidir. Əks halda, sülh barədə bəyanatlarla daxili auditoriyaya ötürülən mesajlar arasında uyğunsuzluq yaranır.
Müşahidə edilən informasiya kampaniyasının bir neçə məqsədə xidmət etdiyi görünür. İlk növbədə, Ermənistan cəmiyyətində məğlubiyyətin səbəbləri və nəticələri barədə obyektiv müzakirələrin qarşısı alınmağa çalışılır. Revanşist qüvvələr cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq və keçmişin zərərli ideologiyasını qorumaq üçün Azərbaycan mövzusundan istifadə edirlər. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri, əhalinin öz doğma yurdlarına qayıtması və bölgədə yeni həyatın başlanması onların formalaşdırdığı saxta təsəvvürləri dağıdır.
Kampaniyanın digər məqsədi xarici diplomatlara və onların təmsil etdikləri ölkələrə təzyiq göstərməkdir. Revanşist dairələr Qarabağa səfər edən nümayəndələri hədəfə almaqla gələcək səfərlərin qarşısını almağa və beynəlxalq ictimaiyyətin bölgədəki reallıqlarla birbaşa tanışlığını məhdudlaşdırmağa çalışırlar. Onlar yaxşı anlayırlar ki, xarici nümayəndələrin işğalın nəticələrini və Azərbaycanın quruculuq fəaliyyətini yerində görməsi uzun illər aparılmış erməni təbliğatının təsirini zəiflədir.
Tarixi və dini abidələr ətrafında yaradılan süni mübahisələr də kampaniyanın əsas alətlərindən biridir. Qafqaz Albaniyasının irsinin inkar olunması, Azərbaycan ərazisindəki xristian abidələrinin yalnız erməni irsi kimi təqdim edilməsi və həmin abidələr üzərindən siyasi iddiaların irəli sürülməsi tarixin məqsədli şəkildə siyasiləşdirilməsidir. Eyni dairələrin indiki Ermənistan ərazisində dağıdılmış Azərbaycan mədəni irsi barədə susması onların yanaşmasındakı ikili standartı aydın göstərir.
Ermənistan hakimiyyətinə yaxın dairələrin belə kampaniyalarda iştirakı sülh prosesinə etimadı da zəiflədir. Azərbaycanla münasibətlərin normallaşdırılmasını bəyan edən siyasi qüvvə eyni zamanda ölkəmizin ərazi bütövlüyünə kölgə salan ritorikaya şərait yaratmamalıdır. Sülh yalnız imzalanacaq sənədlə məhdudlaşmır. Bunun üçün cəmiyyətlər qarşıdurma düşüncəsindən uzaqlaşdırılmalı, qonşu dövlətin suverenliyinə hörmət aşılanmalı və düşmənçilik yaradan informasiya siyasətindən imtina edilməlidir.
Ermənistanın ictimai-siyasi mühitində isə bunun əksi müşahidə olunur. Keçmiş münaqişənin ideoloji əsaslarını qoruyan qüvvələr müxtəlif media platformalarında fəallığını davam etdirir, Azərbaycanın ərazi bütövlüyünü dolayı yollarla şübhə altına alır və cəmiyyətdə revanşist əhvali-ruhiyyəni gücləndirirlər. Hakimiyyət dairələrinin bu prosesə qarşı aydın mövqe nümayiş etdirməməsi həmin qüvvələrin fəaliyyət imkanlarını genişləndirir.
Azərbaycan bölgədə dayanıqlı sülhün və qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Ölkəmiz Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirir, keçmiş məcburi köçkünlərin qayıdışını təmin edir və azad edilmiş əraziləri inkişaf məkanına çevirir. Diplomatik korpusun səfərləri bu prosesin açıq və şəffaf şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir. Azərbaycanın gizlədəcəyi heç nə yoxdur. Əksinə, ölkəmiz xarici nümayəndələrin bölgədəki vəziyyətlə birbaşa tanış olmasında maraqlıdır.
Ermənistan hakimiyyəti və ona yaxın siyasi dairələr anlamalıdırlar ki, revanşist informasiya kampaniyaları regionda yaranmış reallıqları dəyişə bilməz. Belə fəaliyyət yalnız Ermənistan cəmiyyətini keçmişin təhlükəli xəyallarına bağlayır və sülh imkanlarını zəiflədir. Rəsmi İrəvanın qarşısında duran əsas vəzifə revanşist qüvvələrin təsirindən uzaqlaşmaq, Azərbaycanın suverenliyinə hörmət göstərmək və cəmiyyəti qarşıdurmaya deyil, sülhə hazırlamaqdır. Yalnız bu halda verilən bəyanatlarla həyata keçirilən siyasət arasında uyğunluq yarana və regionda etimad mühiti formalaşa bilər.
Aytəkin Mahmudova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktoru