PDF Oxu

Siyasət

  • 680

Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir - ŞƏRH

image

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallıqlar Ermənistanın bəzi siyasi dairələrində və media resurslarında hələ də ciddi narahatlıq doğurur. Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfəri ətrafında Ermənistan mediasında və siyasi çevrələrində müşahidə edilən kampaniya da bunun növbəti göstəricisidir.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edib. Xarici diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olublar, burada həyata keçirilən bərpa-quruculuq layihələri, sosial infrastruktur və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə tanış olublar. Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə baxış keçirilməsi də səfər proqramının tərkib hissəsi olub.
Əslində, müstəqil dövlətin ərazisinə Azərbaycanda akkreditə olunmuş diplomatların səfər etməsində qeyri-adi heç nə yoxdur. Bu, Azərbaycanın suveren ərazisində həyata keçirilən adi diplomatik fəaliyyətdir. Buna baxmayaraq, Ermənistan mediasında səfərə qarşı nümayiş etdirilən kəskin münasibət və diplomatlara yönələn ittihamlar diqqətdən kənarda qala bilməz. “Sülh Körpüsü” təşəbbüsünün Azərbaycan üzrə qrupu da bu reaksiyaları qəbuledilməz hesab edərək diplomatik səfərin Azərbaycanın suveren ərazisində həyata keçirildiyini vurğulayıb.
Daha maraqlısı isə budur ki, bu kampaniya ayrı-ayrı radikal çevrələrin reaksiyası ilə məhdudlaşmır. Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın da Azərbaycanla bağlı açıqlamaları məsələnin siyasi müstəvidə qabardıldığını göstərir. Halbuki Ermənistan rəsmilərinin qarşısında duran əsas vəzifələrdən biri regionda sülh gündəliyinin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və iki ölkə arasında münasibətlərin normallaşdırılmasına töhfə verməkdir.
Bu baxımdan Ermənistan hakimiyyətinin bir tərəfdən sülh gündəliyini müdafiə etdiyini bildirməsi, digər tərəfdən isə Azərbaycanda həyata keçirilən diplomatik səfərlərə və Qarabağdakı quruculuq prosesinə kəskin reaksiya verən siyasi və informasiya mühitinin formalaşmasına yol verməsi ciddi suallar doğurur.
Məsələ ondadır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Xarici diplomatların bu ərazilərə səfəri, burada gedən quruculuq prosesini yerində görməsi və real vəziyyətlə tanış olması Ermənistanın daxili siyasi gündəminin predmeti ola bilməz. Ermənistan yeni reallığı qəbul etmək əvəzinə həmin səfərləri hədəfə almaq keçmiş münaqişənin siyasi gündəmdə saxlanması qəbul edilməzdir.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı quruculuq işləri isə artıq regionun yeni simasını formalaşdırır. Xankəndidə nəqliyyat infrastrukturunun qurulması, Kəlbəcərdə turizm və sosial layihələrin həyata keçirilməsi, Şuşada tarixi-mədəni irsin bərpası və digər layihələr Böyük Qayıdış prosesinin mühüm istiqamətləridir. Diplomatik korpusun nümayəndələrinin bu proseslərlə yerində tanış olması həm də beynəlxalq ictimaiyyətin regionda baş verən dəyişiklikləri birbaşa müşahidə etməsinə imkan yaradır.
Bütün bunların fonunda Ermənistan siyasi dairələrinin qarşısında seçim deyil, məsuliyyət dayanır: keçmiş münaqişənin ritorikasını davam etdirmək, yoxsa regionda formalaşmış yeni reallıqları qəbul edərək sülh və əməkdaşlıq gündəliyinə real töhfə vermək.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qurulur, şəhərlər və kəndlər bərpa edilir, insanların doğma yurdlarına qayıdışı təmin olunur. Bu prosesin qarşısını siyasi bəyanatlarla almaq mümkün deyil.
Bu gün regionun gələcəyi keçmişin münaqişə ritorikasından deyil, yeni əməkdaşlıq imkanlarından asılıdır. Ermənistan hakimiyyətinin də üzərinə düşən vəzifə revanşist ritorikaya meydan vermək deyil, sülhün möhkəmlənməsinə xidmət edən siyasi mühit formalaşdırmaqdır. Əks halda, keçmişin ağrılı səhifələrinin yenidən siyasi manipulyasiya predmetinə çevrilməsi Ermənistanın sözü ilə əməlinin bir olmamasının göstəricisidir..

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər