PDF Oxu

Siyasət

  • 573

Azərbaycanın suveren ərazilərinə səfərlər Ermənistanın daxili işi deyil

image

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və hərbi
attaşələrin Qarabağ ilə Şərqi Zəngəzura növbəti iki günlük səfəri başa çatıb. Azad edilmiş ərazilərimizə reallaşan sayca 22-ci səfər diplomatların regionda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, sosial-iqtisadi inkişaf və tarixi-mədəni irsin qorunması tədbirləri ilə yerində tanış olması baxımından böyük əhəmiyyət kəsb edir. Səfər proqramı çərçivəsində Ağdərə rayonunun Vəngli kəndindəki Gəncəsər və Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng monastır komplekslərinə, "İstisu" mineral su zavoduna baş çəkilmiş, habelə Kəlbəcərdə təşkil edilən Bal Festivalında iştirak təmin olunmuşdur. Lakin beynəlxalq aləmin və diplomatik korpusun Azərbaycanın suveren ərazilərindəki quruculuq prosesinə verdiyi bu açıq dəstək Ermənistan tərəfində növbəti isterika və qəbuledilməz reaksiya ilə qarşılanmışdır. Ermənistan cəmiyyətinin və ayrı-ayrı siyasi dairələrin bu səfərə reaksiyası təəssüf doğurmaqla yanaşı, qəbuledilməzdir. Çünki söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərindən gedir. Xarici diplomatların Azərbaycanın ərazisində səfəri heç bir halda Ermənistanın daxili siyasi müzakirələrinin predmeti ola bilməz.
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı təzyiq və linç xarakterli kampaniyaların aparılması siyasi mədəniyyət baxımından da
qəbuledilməzdir. Diplomatik nümayəndələrin səfər etdikləri ərazi Azərbaycanın ərazisidir və onların bu səfərləri Ermənistanın müdaxilə edə biləcəyi məsələ deyil. Əslində, bu cür reaksiyalar Ermənistan cəmiyyətində hələ də keçmiş münaqişə reallıqlarının tam aradan qalxmadığını göstərir. Sülh yalnız sənədlərin imzalanması ilə deyil, eyni zamanda siyasi düşüncənin, ictimai yanaşmaların və qarşılıqlı münasibətlərin dəyişməsi ilə mümkündür. Əgər bir tərəfdən sülhdən, normallaşmadan və regional əməkdaşlıqdan danışılırsa, digər tərəfdən Azərbaycanın suveren ərazisinə edilən diplomatik səfərlərə qarşı kampaniya aparılırsa, bu, ciddi ziddiyyət yaradır.
Ermənistan daxilində revanşist meyillərin hələ də özünü göstərməsi təəssüf doğurur. Son günlər yayılan bəzi məlumatlar və aparılan informasiya kampaniyaları göstərir ki, bu prosesdə hakimiyyətə yaxın siyasi və media resurslarının da fəallığı müşahidə olunur. Bu isə məsələnin yalnız ayrı-ayrı şəxslərin və ya qrupların mövqeyi olmadığını düşünməyə əsas verir. Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi diqqət çəkir. Ermənistan parlamentinin rəhbərinin Azərbaycanın daxili məsələləri ilə bağlı açıqlamalar verməsi yolverilməzdir.
Ermənistanın siyasi institutlarının Azərbaycan ərazisində baş verən proseslərə münasibət bildirməsi, xüsusilə də ölkəmizin suveren ərazisində həyata keçirilən diplomatik səfərləri müzakirə predmetinə çevirməsi iki ölkə arasında sülh prosesinin ruhuna uyğun gəlmir. Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci il sentyabrın 12-13-də baş vermiş döyüşlər zamanı həlak olan erməni hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də bu kontekstdə diqqətdən kənarda qala bilməz. Həmin hadisələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində baş vermişdi. Azərbaycan öz ərazisinin və dövlət sərhədinin müdafiəsini təmin etmək məcburiyyətində qalmışdı. Bu hadisələrin birtərəfli təqdim olunması və yalnız Ermənistan itkilərinin önə çəkilməsi tarixi və siyasi reallıqların təhrif edilməsinə xidmət edir. Bu yanaşma həm də regionda sülhün möhkəmləndirilməsi üçün zəruri olan qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir. Çünki davamlı sülh keçmişə münasibətdə obyektivlik, məsuliyyət və siyasi iradə tələb edir.

Azərbaycan dəfələrlə regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olduğunu bəyan edib. Dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn fundamental prinsipləridir və bu prinsiplərə münasibətdə ikili standartlara yol
verilməməlidir. Ermənistan da özünün imzaladığı və qəbul etdiyi beynəlxalq sənədlər
çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nəzərə alaraq, bu reallıqla
hesablaşmalıdır. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.
Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və
Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq
hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq
qərarlarının kobud şəkildə pozulmasıdır.
Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyub və bu mövqe dövlətimizin beynəlxalq
hüquqa, sülhə və regional əməkdaşlığa sadiqliyinə əsaslanır. Ermənistanın qarşısında da seçim aydındır: ya yeni reallıqları qəbul edərək regionun sülh və əməkdaşlıq gündəliyinə qoşulacaq, ya da keçmişin siyasi stereotipləri və revanşist düşüncəsi ilə gələcək arasında maneə yaradacaq. Cənubi Qafqazın gələcəyi qarşıdurma ritorikasında deyil, suverenliyə hörmət, ərazi bütövlüyünün tanınması, qarşılıqlı etimad və əməkdaşlıq müstəvisində müəyyənləşəcək. Azərbaycan bu gələcəyin formalaşmasında öz məsuliyyətini dərk edir. Ermənistanın da eyni siyasi məsuliyyətlə çıxış etməsi artıq seçim deyil, regionun davamlı sülhə olan ehtiyacının tələbidir.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər