PDF Oxu

Siyasət

  • 775

Bakıdan dünyaya sülh mesajı - ŞƏRH

image

Prezident İlham Əliyevin Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər kifayət qədər aktual mövzuları və həm Türk dünyası, həm də İslam dövlətləri ilə münasibətlərin gələcək perspektivlərini əhatə edir. Dövlət başçısının həmrəylik yönündəki mesajları artıq rəsmi Bakının Türk və İslam dünyası üçün birləşdirici və lokomotiv ölkə olduğuna dair aydın təsəvvür yaradır. Üstəlik, ölkəmizdə davamlı şəkildə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri və konfransları, ilk növbədə, Azərbaycanın artıq bu təşkilatın lokomotiv qüvvə funksiyası daşıdığına bariz nümunədir. Çünki davamlı olaraq bu təşkilatla bağlı mühüm görüşlərin və həlledici qərarların məhz Azərbaycanın ev sahibi olduğu toplantılarda baş tutmasını, eyni zamanda rəsmi Bakının təşəbbüsü ilə qəbul edilən qərarları da nəzərə alsaq, o zaman TDT üçün hərəkətverici qüvvə olaraq Azərbaycanı göstərmək tam haqlı mövqe sayılmalıdır. Bu, sadəcə təkzibedilməz faktdır.
Möhtərəm Prezident İlham Əliyev çıxışında Türk dünyası ilə Qafqaz coğrafiyasının tarixi və siyasi-mədəni əlaqələrinə diqqət çəkərək Azərbaycanın bu iki məkan arasında mühüm birləşdirici rolunu xüsusi qeyd etdi. TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi kimi Azərbaycanın mövqeyi Türk dünyası ilə Qafqaz arasında əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Bakıda Türk dünyasının, Şimali Qafqazın, Gürcüstanın və digər müsəlman ölkələrinin dini liderlərinin bir araya gəlməsi də məhz həmin tarixi və mənəvi bağların müasir müstəvidə davamıdır. Belə görüşlər yalnız dini məsələlərin müzakirə edildiyi platformalar deyil. Bunlar həm də sülhün, qarşılıqlı hörmətin, humanizmin və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm imkanlardır. Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr isə artıq konkret əməli fəaliyyətlərlə müşayiət olunur. Ölkəmiz uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm hadisə idi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan həmin Oyunlara yalnız idman yarışı kimi deyil, böyük birlik bayramı kimi yanaşırdı. Qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin İslam dünyasında fəal və birləşdirici rolunun daha bir göstəricisidir.
Prezident İlham Əliyev çıxışında tədbir iştirakçılarına Azərbaycanın 30 il ərzində üzləşdiyi işğalın ağır nəticələri və hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə də toxunub. Dövlətimizin başçısı işğal illərində şəhər və kəndlərimizin dağıdıldığını, insanların öz doğma torpaqlarından didərgin salındığını, məscid və digər dini abidələrin məhv edildiyini diqqətə çatdırıb. Eyni zamanda, bu gün həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını və Qarabağın yenidən dirçəldiyini bildirib.
Bu gün vaxtilə dağıdılmış şəhərlərimiz yenidən qurulur, kəndlərimiz bərpa edilir, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar. “Böyük Qayıdış” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri yaradılır. Qarabağın dirçəlişi yalnız tikinti-quruculuq işlərindən ibarət deyil. Burada Azərbaycanın milli-mənəvi irsi də bərpa olunur. İşğal zamanı dağıdılmış məscidlərin yenidən qurulması, yeni ibadət yerlərinin tikilməsi bunun ən mühüm göstəricilərindəndir.

Alidə Aslanova

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər