PDF Oxu

Siyasət

  • 852

Ulu Öndər Heydər Əliyev Qarabağ Zəfərinə aparan yolun təməlini qoymuşdur - ŞƏRH

Ulu Öndər Heydər Əliyev Qarabağ Zəfərinə aparan yolun təməlini qoymuşdur - ŞƏRH

Azərbaycan xalqının tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti və gördüyü işlər ölkənin gələcəyini müəyyən etmişdir. Belə dahi şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi siyasət Qarabağ Zəfərinə aparan yolun əsasını təşkil etmişdir.
1990-cı illərin əvvəllərində Azərbaycan çox çətin və mürəkkəb dövr yaşayırdı. Ölkədə siyasi böhran, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü xalqımızı ağır vəziyyətə salmışdı. Qarabağda torpaqlarımız işğal olunur, minlərlə insan doğma yurdlarından didərgin düşürdü. Belə bir şəraitdə xalqımız güclü liderə, dövlətçiliyi qoruyacaq və ölkəni böhrandan çıxaracaq siyasi rəhbərə ehtiyac duyurdu. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu.
Ulu Öndər ilk növbədə ölkədə siyasi sabitliyin yaradılmasına, dövlət idarəçiliyinin möhkəmləndirilməsinə və ordunun formalaşdırılmasına xüsusi diqqət yetirdi. O, yaxşı başa düşürdü ki, torpaqlarımızın azad edilməsi üçün güclü dövlət, qüdrətli ordu və xalq birliyi vacibdir. Bu məqsədlə Azərbaycan Ordusunun inkişafı, hərbi intizamın gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atıldı.
Heydər Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi idi. Ulu Öndər ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün böyük diplomatik fəaliyyət göstərirdi. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq tanıdılması istiqamətində mühüm işlər həyata keçirilirdi. 1994-cü ildə imzalanmış atəşkəs sazişi ölkəmizə müharibəyə fasilə verərək güclənmək, iqtisadiyyatını inkişaf etdirmək və ordusunu möhkəmləndirmək imkanı yaratdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafı üçün möhkəm iqtisadi təməl də yaratdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi imkanlarının genişlənməsində, xarici investisiyaların cəlb edilməsində və beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynadı. Güclü iqtisadiyyat güclü dövlətin, güclü dövlət isə qüdrətli ordunun əsas şərtlərindən biridir. Məhz bu siyasət sonrakı illərdə Azərbaycanın hərbi və iqtisadi gücünün artmasına şərait yaratdı.
2003-cü ildən etibarən Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdi. Ölkəmizdə ordu quruculuğu yeni mərhələyə qədəm qoydu, hərbi texnika və silah təminatı gücləndirildi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksəldildi. Eyni zamanda, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi daha da möhkəmləndi.
Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini müəyyən edən mühüm hadisə oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində bərpa edildi. Beləliklə, xalqımızın uzun illər arzuladığı tarixi ədalət təmin olundu. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edildi.
Bütün bu tarixi hadisələr göstərdi ki, Qarabağ Zəfəri təsadüfi qazanılmış qələbə deyil. Bu qələbənin arxasında uzun illər ərzində aparılan məqsədyönlü dövlət siyasəti, güclü ordu quruculuğu, iqtisadi inkişaf, xalq-iqtidar birliyi və milli həmrəylik dayanır. Bu yolun təməlini isə Ulu Öndər Heydər Əliyev qoymuşdur.
Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edir. Onun dövlətçilik ideyaları, siyasi irsi və Vətənə bağlılığı gələcək nəsillər üçün örnəkdir. Qarabağ Zəfəri Heydər Əliyevin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin tarixi nəticəsidir.
Ulu Öndər Heydər Əliyev Qarabağ Zəfərinə aparan yolun təməlini qoymuş, müstəqil Azərbaycanın gələcək qələbələri üçün möhkəm dövlətçilik əsasları yaratmışdır. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız həmin siyasi irsin, xalqımızın birliyinin və Azərbaycan əsgərinin qəhrəmanlığının təntənəsidir.

Ələmdar Cabbarov

YAP Ordubad rayon təşkilatının müavini

Digər xəbərlər