Bəzən bir şəhərin azadlığı bütöv bir xalqın illərlə ürəyində daşıdığı həsrətin sona çatması deməkdir. Şuşa da bizim üçün məhz belə bir şəhərdir. Bu şəhərin adı çəkiləndə insanın gözləri önündə Qarabağın gözəlliyi, tariximiz, musiqimiz və milli kimliyimiz canlanır. Ona görə də Şuşanın azad olunması hər bir azərbaycanlı üçün sadəcə hərbi qələbə deyil, illərlə gözlənilən böyük bir sevinc idi.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının necə güclü, birlik və həmrəylik içində olduğunu bütün dünyaya göstərdi. Bu müharibənin ən yaddaqalan və həlledici hadisələrindən biri isə Şuşa əməliyyatı oldu. Dağların qoynunda yerləşən, sıldırım qayaları və çətin yolları ilə seçilən Şuşanın azad edilməsi heç də asan deyildi. Lakin Azərbaycan əsgərinin Vətən sevgisi qarşısında heç bir çətinlik dayana bilmədi.
Əsgərlərimizin Şuşaya doğru irəliləməsi, çətin dağ yollarını aşaraq şəhəri azad etməsi əsl qəhrəmanlıq nümunəsi idi. Onlar silahdan başqa ürəklərində böyük bir inam və Vətən sevgisi daşıyırdılar. Həmin günlərdə hər bir azərbaycanlı ürəyində bir arzu tutmuşdu: Şuşamız azad olunsun, bayrağımız öz doğma torpağında dalğalansın!
Nəhayət, 2020-ci il noyabrın 8-də bu arzu gerçəyə çevrildi. Şuşanın azad edilməsi xəbərini eşidəndə yaşanan sevincin sözlə ifadəsi çətindir. İnsan düşünür ki, illərlə həsrətində olduğumuz bir şəhərə yenidən qovuşmaq necə böyük xoşbəxtlikdir. Bu xəbərlə sanki xalqımızın qəlbində illərdir davam edən bir nisgil də sona çatdı.
Bu Qələbənin arxasında böyük bir iradə, düzgün qərarlar və əsgərlərimizin misilsiz fədakarlığı dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, müharibə dövründə xalqla birliyi və Azərbaycan Ordusuna inamı Qələbəyə gedən yolda mühüm rol oynadı. Bir daha gördük ki, güclü dövlət, güclü ordu və bir yumruq kimi birləşən xalq qarşısına qoyduğu məqsədə çata bilər.
Ancaq bu sevinci bizə yaşadan qəhrəmanlarımızın hansı çətinliklərdən keçdiyini də unutmamalıyıq. Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin hər biri bizim üçün əzizdir. Bu gün onların ailələrinə baxanda anlayırıq ki, qazandığımız Zəfərin arxasında nə qədər böyük fədakarlıq dayanır. Bizim borcumuz onların xatirəsini yaşatmaq, göstərdikləri qəhrəmanlığı gələcək nəsillərə çatdırmaqdır.
Bu gün Şuşaya baxanda tamam başqa mənzərə görürük. Yenidən qurulan küçələr, bərpa edilən tarixi abidələr, keçirilən tədbirlər, doğma yurdlarına qayıdan insanlar... Bütün bunlar Şuşanın yenidən öz həyatına qovuşduğunu göstərir. Bir zamanlar həsrətlə xatırladığımız bu şəhər bu gün Azərbaycanın gücünün və qürurunun rəmzidir.
Məncə, Şuşa əməliyyatının ən böyük mənası ondan ibarətdir ki, bizə heç bir arzudan vaz keçməməyi, torpağına və Vətəninə bağlı olmağın nə demək olduğunu göstərdi. Şuşanın azadlığı tariximizə qızıl hərflərlə yazıldı. Bu gün biz fəxrlə deyirik ki, Şuşa azaddır, Qarabağ Azərbaycandır!
Cahandur Məhərrəmov
YAP Şərur rayon təşkilatının məsləhətçisi