Tarixə nəzər salanda görürük ki, bu gün qazandığımız böyük uğurların arxasında vaxtilə atılmış mühüm addımlar, verilmiş düzgün qərarlar və böyük zəhmət dayanır. Qarabağ Zəfəri də bir gündə əldə olunmadı. Bu qələbəyə aparan yolun təməli illər əvvəl, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə qoyulmuşdu.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı yaxşı tanıyır, xalqımızın nəyə qadir olduğunu bilir və ölkəmizin gələcəyini düşünərək mühüm qərarlar qəbul edirdi. Onun ən böyük arzularından biri güclü, müstəqil və hər zaman öz torpaqlarını qorumağa qadir olan Azərbaycan dövləti qurmaq idi. Qarabağ məsələsi də onun fəaliyyətində daim xüsusi yer tuturdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədə sabitliyin təmin olunmasına, dövlətçiliyimizin qorunmasına və ordumuzun formalaşdırılmasına böyük diqqət ayırdı. Həmin dövrdə Azərbaycan çox çətin günlər yaşayırdı. Ölkədəki siyasi qarışıqlıq, iqtisadi çətinliklər və müharibənin ağır nəticələri ciddi problemlər yaradırdı. Belə bir zamanda güclü dövlət idarəçiliyinin qurulması gələcək uğurlarımız üçün əsas oldu.Mənim fikrimcə, Ulu Öndərin ən mühüm xidmətlərindən biri gələcək nəsillər üçün möhkəm dövlətçilik təməlinin yaradılması idi. O, yaxşı anlayırdı ki, torpaqlarımızın azad olunması üçün ilk növbədə güclü dövlətə, müasir orduya, milli birliyə və düzgün siyasi xəttə ehtiyac var. Məhz bu istiqamətdə atılan addımlar sonrakı illərdə Azərbaycanın inkişafına və güclənməsinə böyük təsir göstərdi.Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə ölkəmizin qarşısında yeni imkanlar açdı. Azərbaycan iqtisadi baxımdan gücləndi, ordumuz müasir silahlarla təchiz olundu, hərbi qulluqçularımızın peşəkarlığı artırıldı. Bütün bunlar illərlə davam edən hazırlığın nəticəsi idi.2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə bu siyasətin və uzun illər ərzində görülən işlərin nəticəsini bütün dünyaya göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi, xalqımızın illərlə gözlədiyi arzusu gerçəkləşdi. Şuşanın azad olunması isə bu Zəfərin ən unudulmaz səhifələrindən biri oldu.Qarabağda aparılan quruculuq işlərinə, doğma yurdlarına qayıdan insanlara baxdıqca bir daha anlayırıq ki, qələbə yalnız döyüş meydanında qazanılmır. Onun arxasında illərlə görülən iş, dövlətə bağlılıq, düzgün siyasət və xalqın birliyi dayanır.Ulu Öndər Heydər Əliyevin vaxtilə müəyyən etdiyi inkişaf yolu bu gün öz bəhrəsini verir. Onun qurduğu güclü dövlətçilik təməlləri Azərbaycanın ən böyük tarixi uğurlarından birinə – Qarabağ Zəfərinə aparan yolun əsasını təşkil etdi.
Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımıza baxanda bir həqiqəti unutmamalıyıq: böyük qələbələr güclü təməllər üzərində qurulur. Qarabağ Zəfəri də xalqımızın birliyinin, dövlətimizin gücünün və illərlə davam edən mübarizənin nəticəsidir. Bu tarixi bizə yaşadanları unutmaq yox, onların əmanətinə sahib çıxmaq hər birimizin borcudur.
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri