Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən üzgüçülük idman növünün təbliği və inkişafı məqsədilə Lənkəran şəhər 1 və 5 saylı tam orta məktəblərinin şagirdləri ilə “Üzməyi öyrənək” layihəsi çərçivəsində görüşlər keçirilib.
İki gün çəkən , Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdirin, məktəblərin nümayəndələrin, eləcə də Lənkəran Olimpiya İdman Kompleksinin üzgüçülük üzrə məşqçi-müəllimlərin iştirak etdiyi görüşlərdə çıxışlar zamanı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verərək şagirdlərin noyabr ayı ərzində Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq üzgüçülük məşqlərində iştirakı ilə bağlı məlumat verilib, həmçinin layihənin əhəmiyyəti, məşqlərin təşkili və iştirak qaydaları barədə valideynlərlə də maarifləndirici söhbətlər aparılıb.
Layihənin əsas məqsədi uşaqlara üzmə bacarıqlarını aşılamaq, onların sağlam həyat tərzinə marağını artırmaq, suda təhlükəsizlik qaydalarını öyrətmək, eləcə də üzgüçülük idman növünün kütləviliyinə və inkişafına töhfə verməkdir.
Görüşlərin sonunda şagirdləri və valideynləri ən çox düşündürən suallar da öz cavabını tapıb.
Onu da məlumat üçün bildirək ki, “Üzməyi öyrənək” layihəsinə 2 noyabr 2026-cı il tarixindən etibarən Lənkəran və Cəlilabad Olimpiya İdman komplekslərində start veriləcək.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü