PDF Oxu

Siyasət

  • 1 318

Ermənistan parlamentində revanşist ritorika: sülh çağırışları ilə ziddiyyət təşkil edən mövqe - ŞƏRH

image

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərindən sonra Ermənistanda yaranmış reaksiyalar bu ölkənin siyasi mühitində revanşist yanaşmaların hələ də qorunduğunu göstərdi. Narahatlıq doğuran əsas məqamlardan biri belə fikirlərin yalnız radikal müxalifət, kilsə və diaspor dairələri tərəfindən deyil, Ermənistan parlamentində təmsil olunan hakim siyasi qüvvənin nümayəndələri tərəfindən də səsləndirilməsi oldu. Bu isə revanşist ritorikanın Ermənistanın siyasi institutlarına təsiri ilə bağlı ciddi suallar yaradır.
Sentyabrın 11-12-də təşkil edilən səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndə iştirak etdi. Xarici diplomatlar Xankəndi, Şuşa, Ağdərə, Kəlbəcər və digər ərazilərdə işğalın nəticələri, aparılan bərpa-quruculuq işləri və tarixi-mədəni abidələrlə tanış oldular. Bu səfər Azərbaycanın suveren hüquqları çərçivəsində həyata keçirilmiş adi diplomatik fəaliyyət idi. Azərbaycan xarici nümayəndələri öz ərazisinin istənilən bölgəsinə dəvət etmək üçün heç bir dövlətdən razılıq almalı deyil.
Buna baxmayaraq, Ermənistan parlamenti sədrinin müavini, hakim “Vətəndaş Müqaviləsi” partiyasının aparıcı nümayəndələrindən biri Ruben Rubinyanın mövzu ilə bağlı mövqeyi ciddi narahatlıq doğurdu. Azərbaycanın tarixi-mədəni irslə bağlı mövqeyini əsassız adlandırması və bunun sülh prosesinə töhfə vermədiyini bildirməsi ölkəmizin daxili işlərinə müdaxilə xarakteri daşıyır. Ermənistanın yüksək vəzifəli rəsmisinin Azərbaycanın suveren ərazisində yerləşən abidələr və burada həyata keçirilən diplomatik səfər barədə ittihamedici mövqe nümayiş etdirməsi normal qonşuluq münasibətlərinə uyğun deyil.
Rubinyanın açıqlamasını yalnız şəxsi fikir kimi qiymətləndirmək çətindir. O, Ermənistan parlamentinin rəhbərliyində təmsil olunur və hakim partiyanın siyasi xəttini müəyyənləşdirən şəxslərdən biridir. Buna görə də onun mövqeyi Ermənistan hakimiyyəti daxilində Qarabağla bağlı köhnə yanaşmaların tam aradan qalxmadığını göstərir. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, hakim siyasi komandanın üzvlərinin Azərbaycanın Qarabağdakı fəaliyyətinə etiraz etməsi həmin bəyanatların səmimiliyinə kölgə salır.
Ermənistan parlamentində sentyabrın 14-də 2022-ci ilin 12-13 sentyabr hadisələri zamanı həlak olmuş erməni hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də hadisələrə birtərəfli yanaşmanın göstəricisi oldu. Azərbaycan tərəfinin mövqeyinə görə, həmin dövrdə baş vermiş qarşıdurma Ermənistanın genişmiqyaslı hərbi təxribatına cavab xarakteri daşımışdı. Hadisələrin səbəbləri barədə həqiqətlərin nəzərə alınmaması və məsələnin yalnız emosional müstəvidə təqdim edilməsi Ermənistan cəmiyyətində revanşist əhvali-ruhiyyənin gücləndirilməsinə xidmət edir.
Həlak olan insanların xatirəsinə hörmət humanist davranışdır. Lakin parlament kimi ali siyasi tribunada belə məsələlərin tarixi və siyasi kontekstdən çıxarılaraq təqdim olunması qəbuledilməzdir. Əgər anım tədbirləri qarşı tərəfə nifrətin artırılması, hərbi məğlubiyyətin intiqam hissinə çevrilməsi və cəmiyyətin yeni qarşıdurmaya hazırlanması üçün istifadə olunursa, bu, sülhə deyil, revanşizmə xidmət edir. Ermənistan parlamenti keçmişin faciələrindən siyasi məqsədlərlə yararlanmaq əvəzinə, həmin hadisələrə gətirib çıxaran işğalçılıq siyasətini obyektiv qiymətləndirməlidir.
Parlament dövlətin əsas siyasi institutlarından biridir. Burada səslənən fikirlər yalnız daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə də ünvanlanır. Buna görə deputatlar və parlament rəhbərliyində təmsil olunan şəxslər öz açıqlamalarının məsuliyyətini dərk etməlidirlər. Azərbaycanın suverenliyini mübahisələndirən, Qarabağla bağlı köhnəlmiş iddiaları yenidən gündəmə gətirən və diplomatların səfərini hədəfə alan ritorika Ermənistanın sülh tərəfdarı olması barədə yaratmağa çalışdığı təsəvvürə ziddir.
Rəsmi İrəvan bir tərəfdən regionda sülhün bərqərar olmasından, sərhədlərin qarşılıqlı tanınmasından və münasibətlərin normallaşdırılmasından danışır. Digər tərəfdən isə hakimiyyət nümayəndələri Azərbaycanın Qarabağda həyata keçirdiyi fəaliyyətləri siyasi mübahisə predmetinə çevirməyə çalışırlar. Bu iki mövqenin eyni vaxtda müdafiə edilməsi mümkün deyil. Azərbaycanın ərazi bütövlüyünü tanımaq onun öz ərazisi üzərində bütün suveren hüquqlarını qəbul etmək deməkdir.
Ərazi bütövlüyünün tanınması yalnız xəritə üzərində sərhədlərin qəbulundan ibarət deyil. Bu, dövlətin öz ərazisində idarəçilik həyata keçirmək, quruculuq işləri aparmaq, xarici qonaqları qəbul etmək və tarixi-mədəni irsi qorumaq hüququna hörmət göstərilməsini də tələb edir. Ermənistan parlamentinin nümayəndələri Azərbaycanın belə hüquqlarını şübhə altına alırlarsa, deməli, ərazi bütövlüyünün tanınması barədə bəyanatlar praktik siyasi davranışda hələ tam əksini tapmayıb.
Ermənistan parlamentindəki revanşist ritorika bu ölkə cəmiyyətinin sülhə hazırlanması istiqamətində ciddi işlərin görülmədiyini də göstərir. Davamlı sülh yalnız hökumətlər arasında imzalanan sənədlə təmin olunmur. Bunun üçün siyasi institutlar, media, ictimai təşkilatlar və təhsil sistemi qarşıdurmanı dərinləşdirən düşüncədən uzaqlaşmalıdır. Parlament isə bu prosesdə nümunə göstərməli, revanşist çağırışları təşviq etmək əvəzinə, qonşu dövlətin suverenliyinə hörmət mədəniyyətini formalaşdırmalıdır.
Ermənistanın qanunverici orqanında səslənən fikirlər keçmiş münaqişənin ideoloji təsirlərinin davam etdiyini göstərir. Qarabağla bağlı hər hadisəyə etiraz etmək, Azərbaycanın addımlarını ittiham predmetinə çevirmək və tarixi-mədəni irsdən siyasi vasitə kimi istifadə etmək Ermənistanı sülhə yaxınlaşdırmır. Əksinə, bu yanaşma cəmiyyətdə reallıqdan uzaq gözləntiləri qoruyur və münasibətlərin normallaşmasına mane olur.
Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarıdır. Lakin sülh qarşılıqlı hörmət, suverenliyin tanınması və daxili işlərə müdaxilədən çəkinmək əsasında qurulmalıdır. Ermənistan parlamentində təmsil olunan siyasi qüvvələr də bu məsuliyyəti dərk etməlidirlər. Əgər rəsmi İrəvan sülh çağırışlarında səmimidirsə, onun hakim siyasi dairələrinin ritorikası da bu mövqeyə uyğun olmalıdır.
Azərbaycanın suveren ərazisində həyata keçirilən diplomatik səfərə etiraz etmək, tarixi abidələr üzərindən siyasi iddialar irəli sürmək və keçmiş hərbi qarşıdurmaları revanşist əhvali-ruhiyyənin gücləndirilməsi üçün istifadə etmək sülh prosesinə xidmət etmir. Ermənistan parlamenti regionda yeni qarşıdurma xətləri yaratmaq əvəzinə, yaranmış reallıqları qəbul etməli və xalqlar arasında etimadın qurulmasına töhfə verməlidir. Yalnız sözlə əməl arasında uyğunluq yarandıqda Ermənistanın sülh çağırışları inandırıcı görünə bilər.

Şahin Mənəfov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala Rayon Statistika İdarəsinin rəisi

Digər xəbərlər