Azərbaycan xalqının son iki əsrlik tarixində qarşılaşdığı ən ağır problemlərdən biri torpaqlarımızın mərhələli şəkildə işğal edilməsi, soydaşlarımızın öz doğma yurdlarından çıxarılması və tarixi Azərbaycan ərazilərində etnik tərkibin məqsədli şəkildə dəyişdirilməsi olmuşdur. XX əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü əsassız ərazi iddiaları bu siyasətin növbəti mərhələsini təşkil etdi. Otuz ildən artıq davam edən münaqişə və işğal yalnız 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində tamamilə aradan qaldırıldı.
Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları 1980-ci illərin sonlarında açıq xarakter almağa başladı. Keçmiş SSRİ rəhbərliyində təmsil olunan ermənipərəst qüvvələrin dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi istiqamətində qanunsuz fəaliyyət həyata keçirilirdi. Separatçılıq məqsədilə təşkil edilən aksiyalar, etnik zəmində təxribatlar və azərbaycanlı əhaliyə qarşı zorakılıqlar tədricən genişmiqyaslı silahlı münaqişəyə çevrildi.
Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından zorla çıxarıldı. İnsanlar qətlə yetirildi, işgəncələrə məruz qaldı, evləri və əmlakları əllərindən alındı. Ermənistanın azərbaycanlılardan tamamilə təmizlənməsi həmin dövrdə həyata keçirilən məqsədyönlü etnik təmizləmə siyasətinin nəticəsi idi. Bu proses sonradan Azərbaycanın Qarabağ bölgəsində və ətraf rayonlarda yaşayan azərbaycanlı əhaliyə qarşı tətbiq olundu.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan eyni zamanda Ermənistanın açıq hərbi təcavüzü ilə üzləşmişdi. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə və nizami ordunun olmaması müdafiə imkanlarını ciddi şəkildə zəiflədirdi. Ermənistan isə xaricdən aldığı hərbi və siyasi dəstəkdən istifadə edərək Azərbaycan ərazilərinin işğalını genişləndirirdi.
1992-ci ilin fevralında Xocalıda törədilmiş soyqırımı Ermənistanın işğal siyasətinin ən dəhşətli cinayətlərindən biri oldu. Bir gecədə şəhər yerlə-yeksan edildi, yüzlərlə dinc sakin amansızlıqla qətlə yetirildi, uşaqlar, qadınlar və yaşlılar xüsusi qəddarlıqla öldürüldü. Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş ağır cinayət idi.
Şuşanın və Laçının işğalından sonra Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında birbaşa coğrafi əlaqə yaradıldı. Sonrakı mərhələdə Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları da işğal olundu. Nəticədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçdi, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
İşğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi və mədəni izlərinin silinməsi istiqamətində sistemli vandalizm həyata keçirildi. Şəhər və kəndlər dağıdıldı, yaşayış evləri talan edildi, məscidlər və qəbiristanlıqlar təhqir olundu. Tarixi abidələrin bir qismi məhv edildi, digər hissəsinin mənşəyi saxtalaşdırılmağa çalışıldı. Təbii sərvətlər qanunsuz istismar edildi, meşələr qırıldı, su ehtiyatları çirkləndirildi və torpaqların ekoloji vəziyyətinə ağır zərər vuruldu.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların sənədlərində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Buna baxmayaraq, qəbul olunmuş qərarların icrası təmin edilmədi.
Təxminən otuz il davam edən danışıqlar prosesi ərzində Ermənistan mövcud vəziyyəti qorumağa və işğal faktını daimi xarakterə çevirməyə çalışırdı. Münaqişənin həllinə vasitəçilik etməli olan ATƏT-in Minsk qrupunun fəaliyyəti isə heç bir real nəticə vermədi. Həmsədr dövlətlər işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymadı, Ermənistanın üzərinə beynəlxalq hüquqdan irəli gələn təzyiq göstərilmədi.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ölkədə ictimai-siyasi sabitlik təmin olundu, nizami ordu quruculuğuna başlanıldı, iqtisadi inkişafın əsasları yaradıldı və müstəqil xarici siyasət formalaşdırıldı. Ulu Öndər yaxşı bilirdi ki, ərazi bütövlüyünün bərpası üçün ilk növbədə güclü dövlət, möhkəm iqtisadiyyat və xalq birliyi lazımdır.
1994-cü ildə atəşkəsin əldə olunması Azərbaycana dövlət quruculuğunu davam etdirmək, iqtisadi imkanlarını genişləndirmək və Silahlı Qüvvələrini gücləndirmək üçün vaxt qazandırdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji strategiyası həyata keçirilməyə başlandı. Ölkəyə böyük həcmdə investisiyalar cəlb edildi, strateji neft və qaz kəmərləri inşa olundu və Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya etdi.
Prezident İlham Əliyev 2003-cü ildən etibarən Ümummilli Liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirdi. Ölkənin iqtisadi qüdrəti artdı, ordu quruculuğu sürətləndirildi, ən müasir silah və hərbi texnika əldə edildi, yerli müdafiə sənayesi yaradıldı. Azərbaycan Ordusunda döyüş hazırlığı yüksəldildi, peşəkar zabit və hərbi qulluqçu heyəti formalaşdırıldı.
Güclü iqtisadiyyat, müasir Ordu və fəal diplomatiya Azərbaycanın işğalla barışmayacağını göstərirdi. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda bəyan edirdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkəmiz öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı xalqımızın milli iradəsini və dövlətimizin dəyişməz mövqeyini ifadə edən siyasi devizə çevrildi.
Azərbaycan Ordusunun artan gücü 2016-cı ilin Aprel döyüşlərində özünü əyani şəkildə göstərdi. Ordumuz düşmənin təxribatına cavab olaraq mühüm strateji yüksəklikləri azad etdi və Ermənistanın yaratdığı məğlubedilməzlik mifini dağıtdı. Aprel Qələbəsi Azərbaycan xalqının inamını artırdı, Ordumuzun işğal altındakı torpaqları azad etmək qüdrətində olduğunu sübut etdi.
2018-ci ilin Günnüt əməliyyatı nəticəsində Naxçıvan istiqamətində böyük ərazi nəzarətə götürüldü, mühüm strateji mövqelər azad edildi. 2020-ci ilin iyulunda Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribat isə düşmənin yeni ərazilər ələ keçirmək və Azərbaycanın strateji enerji-nəqliyyat xətlərinə təhlükə yaratmaq niyyətini göstərdi. General-mayor Polad Həşimovun və digər hərbi qulluqçularımızın şəhid olması cəmiyyətdə böyük milli həmrəylik yaratdı.
Ermənistan rəhbərliyinin “yeni ərazilər uğrunda yeni müharibə” çağırışları etməsi, işğal olunmuş Şuşada qanunsuz tədbirlər keçirməsi və danışıqların formatını dəyişdirməyə çalışması onun sülh prosesində maraqlı olmadığını göstərirdi. Azərbaycan isə bütün təxribatlara baxmayaraq, beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyur və qarşı tərəfə işğala son qoymaq üçün son imkanlar verirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə növbəti dəfə hücum etdi. Bu təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə qalxdı.
Müharibənin ilk günlərindən Ordumuz düşmənin uzun illər ərzində qurduğu müdafiə xətlərini yardı. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut qəsəbəsi və yüzlərlə kənd azad edildi. Strateji yüksəkliklərin nəzarətə götürülməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi. Ermənistan silahlı qüvvələrinin çoxsaylı texnikası və canlı qüvvəsi məhv edildi.
Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrimizi raket və artilleriya atəşinə tutdu. Məqsəd mülki əhali arasında qorxu yaratmaq və Azərbaycanı hərbi əməliyyatlardan çəkindirmək idi. Lakin bu terror hücumları xalqımızın iradəsini sarsıda bilmədi. Cəbhədə və arxa cəbhədə nümayiş etdirilən birlik Qələbənin əsas amillərindən birinə çevrildi.
2020-ci il noyabrın 8-də Şuşanın azad olunması Vətən müharibəsinin həlledici mərhələsi oldu. Azərbaycan xüsusi təyinatlılarının sıldırım qayaları və çətin relyefi aşaraq şəhərə daxil olması, düşməni yaxın döyüşdə məğlub etməsi hərb tarixinin ən parlaq əməliyyatlarından biri kimi qiymətləndirilir. Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət imkanlarını tamamilə sarsıtdı.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi. Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Bununla da otuz ilə yaxın davam edən işğala böyük ölçüdə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan xalqının milli qürurunu özünə qaytardı. Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun peşəkarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın dövlət başçısı ətrafında birləşməsi tarixi Qələbəni təmin etdi. Şəhidlərimizin canı və qazilərimizin qanı bahasına azad edilən torpaqlar Azərbaycanın gücünün və milli birliyinin rəmzinə çevrildi.
Lakin Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin qalması və separatçı rejimin fəaliyyətini davam etdirməsi dövlət suverenliyinin tam təmin olunmasına mane olurdu. Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, hərbi birləşmələrini ərazilərimizdən çıxarmırdı. Əksinə, həmin qüvvələr silahlandırılır, yeni minalar basdırılır və Azərbaycan hərbçilərinə qarşı təxribatlar törədilirdi.
2023-cü il sentyabrın 19-da başlanmış lokal antiterror tədbirləri cəmi bir gündən az müddətdə qarşıya qoyulan məqsədlərə çatdı. Qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı rejim ləğv olundu və Azərbaycanın konstitusiya quruluşu bütün ərazilərimizdə bərpa edildi. Sentyabrın 20-də ölkəmiz dövlət suverenliyini tam təmin etdi.
Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Dövlət Bayrağımızı ucaltması Azərbaycanın tarixi Qələbəsini tamamlayan möhtəşəm hadisə oldu. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş ərazilərdə üçrəngli bayrağımızın dalğalanması xalqımızın apardığı uzunmüddətli mübarizənin və tarixi ədalətin təntənəsini nümayiş etdirdi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Şəhər və kəndlər yenidən salınır, yollar, hava limanları, enerji və sosial infrastruktur yaradılır. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Qarabağ və Şərqi Zəngəzur artıq müharibə və dağıntı deyil, sülh, quruculuq və inkişaf məkanıdır.
Otuz ildən artıq davam etmiş işğala son qoyan tarixi Zəfər Azərbaycanın yalnız hərbi deyil, siyasi, iqtisadi və mənəvi üstünlüyünün nəticəsidir. Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü dövlətçilik təməlinin, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin, Azərbaycan Ordusunun rəşadətinin və xalqımızın sarsılmaz birliyinin məntiqi nəticəsi oldu.
Azərbaycan xalqı öz gücü hesabına tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququn aliliyini təmin etdi və dövlət suverenliyini bütün ərazilərində təsbit etdi. Qazanılmış Zəfər gələcək nəsillərə müstəqil, bütöv və qüdrətli Azərbaycan bəxş etdi. Bu böyük tarixi nailiyyət xalqımızın milli yaddaşında əbədi yaşayacaqdır.
Zakir Əliyev,
YAP Neftçala rayon təşkilatı ərazi patiya təşkilatının sədri
Neftçala Peşə Məktəbi PHŞ-nin əməkdaşı