PDF Oxu

Siyasət

  • 634

Qarabağ və Şərqi Zəngəzur: işğalın dağıntılarından genişmiqyaslı dirçəlişə - ŞƏRH

image

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və böyük iqtisadi potensiala malik bölgələridir. Otuz ilə yaxın davam edən Ermənistan işğalı bu ərazilərdə misli görünməmiş dağıntılara, tarixi abidələrin məhv edilməsinə və yüz minlərlə insanın doğma yurdundan didərgin salınmasına səbəb olmuşdur. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfər isə Qarabağ və Şərqi Zəngəzurun həyatında yeni mərhələnin əsasını qoymuşdur. Bu gün həmin ərazilər işğalın xarabalıqlarından dirçəliş və inkişaf məkanına çevrilir.
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edərkən nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəyini diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, qonaqlar səfər zamanı həm 30 illik işğalın ağır fəsadlarını, həm də sürətlə dirçələn Qarabağın yeni simasını görəcəklər. Bu iki mənzərə arasındakı fərq Ermənistanın işğal siyasəti ilə Azərbaycanın quruculuq siyasətinin mahiyyətini aydın şəkildə nümayiş etdirir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndləri yerlə-yeksan edilmişdi. Yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və istehsal obyektləri dağıdılmışdı. Ərazilərdə normal həyatın bütün infrastrukturu məhv edilmiş, yaşayış məntəqələri uzun illər xarabalıq vəziyyətində saxlanılmışdı.
İşğalın əsas məqsədlərindən biri bu torpaqlardakı Azərbaycan izlərini silmək idi. Tarixi və dini abidələrimiz məqsədli şəkildə dağıdılmış, məscidlər təhqir olunmuş, qəbiristanlıqlar və muzeylər vandalizmə məruz qalmışdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan dövləti tərəfindən 65 məscid tamamilə dağıdılmış, salamat qalan bəzi məscidlərdə isə bilərəkdən heyvan saxlanılmışdı. Bu əməllər yalnız Azərbaycan xalqının deyil, bütün İslam dünyasının dini-mənəvi dəyərlərinə qarşı təhqir idi.
Qarabağ və Şərqi Zəngəzurda təbii sərvətlər də qanunsuz şəkildə istismar edilmişdi. Meşələr qırılmış, faydalı qazıntı yataqları talan edilmiş, su ehtiyatlarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunmuşdu. Çayların məcrası dəyişdirilmiş, torpaqlar və su mənbələri çirkləndirilmişdi. İşğal dövründə həyata keçirilən bu siyasət bölgənin ekoloji tarazlığına ciddi zərər vurmuşdu.
Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma aparmaqla beynəlxalq humanitar hüququn tələblərini də kobud şəkildə pozmuşdu. Xarici ölkələrdən gətirilmiş ermənilər Azərbaycan torpaqlarında yerləşdirilir, ərazilərin demoqrafik tərkibi süni şəkildə dəyişdirilirdi. Azərbaycan xalqının tarixi, mədəni və dini irsinin saxtalaşdırılması bu siyasətin tərkib hissəsi idi.
İşğalın ən ağır nəticəsi bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi olmuşdur. İnsanlar doğma şəhər və kəndlərindən zorla çıxarılmış, uzun illər Vətən həsrəti ilə yaşamışdılar. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlı əhali tamamilə qovulmuşdu.
Xocalıda törədilmiş soyqırımı bu siyasətin ən qanlı səhifələrindən biri idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhərin dinc sakinləri xüsusi qəddarlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış və girov götürülmüşdü. Bu gün Xocalı Soyqırımı Memorialının yaradılması faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə, Xocalı həqiqətlərinin gələcək nəsillərə və beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir.
Otuz il aparılan danışıqlar Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə gətirib çıxarmadı. Ermənistan öz xoşu ilə işğala son qoymaq istəmirdi. Onu dəstəkləyən xarici dairələr isə problemin həllinə deyil, uzadılmasına, işğalın daimi xarakter almasına çalışırdı. İşğalçı dövlətə hərbi, iqtisadi və siyasi dəstək verilməsi Ermənistanın cəzasızlıq hissini gücləndirirdi.
Azərbaycan xalqı bu ədalətsizliyə öz gücü ilə son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il Vətən müharibəsində düşməni məğlub etdi, şəhər və kəndlərimizi işğaldan azad etdi. Əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin canı və qazilərimizin qanı hesabına ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində separatizmə son qoyuldu və Azərbaycanın suverenliyi bütün ərazilərimizdə tam təmin edildi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Dövlət Bayrağımız ucaldıldı. Bununla Qarabağ və Şərqi Zəngəzurun azadlığı ilə yanaşı, həmin ərazilərdə Azərbaycan dövlətinin konstitusiya quruluşu da tam bərpa edildi.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə müharibə başa çatdıqdan dərhal sonra başladı. Dövlətimiz qarşısında miqyasına görə son dərəcə mürəkkəb və geniş bir vəzifə dayanırdı. Təxminən 15 min kvadratkilometrlik ərazidə şəhər və kəndlər yenidən qurulmalı, yollar çəkilməli, enerji, su və rabitə infrastrukturu yaradılmalı, ərazilər minalardan təmizlənməli və insanların təhlükəsiz qayıdışı təmin edilməli idi.
Azərbaycan qısa müddətdə bu böyük ərazidə genişmiqyaslı bərpa proqramı həyata keçirməyə başladı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bölgənin inkişafına kompleks yanaşmanı təmin etdi. Baş planların hazırlanması, yaşayış məhəllələrinin tikilməsi, müasir mühəndis-kommunikasiya sistemlərinin qurulması və iqtisadi fəaliyyət sahələrinin müəyyənləşdirilməsi vahid strategiya əsasında həyata keçirildi.
Bərpa işlərinin əsas xüsusiyyətlərindən biri onların Azərbaycanın öz maliyyə imkanları hesabına aparılmasıdır. Ölkəmiz xarici maliyyə yardımından asılı olmadan dağıdılmış şəhər və kəndlərini yenidən qurur. Dövlət büdcəsindən hər il böyük həcmdə vəsait ayrılması Qarabağ və Şərqi Zəngəzurun bərpasının milli inkişaf siyasətində prioritet yer tutduğunu göstərir.
Yeni avtomobil və dəmir yollarının inşası bölgənin iqtisadi inkişafı və ölkənin digər əraziləri ilə əlaqələndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Zəfər yolu, Füzuli–Şuşa avtomobil yolu, Horadiz–Ağbənd dəmir yolu və digər nəqliyyat layihələri insanların rahat hərəkətini təmin etməklə yanaşı, regional ticarət və logistika imkanlarını genişləndirir.
Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının tikilməsi qısa müddətdə əldə edilən mühüm nailiyyətlərdəndir. Bu hava limanları azad edilmiş ərazilərin beynəlxalq nəqliyyat şəbəkəsinə qoşulmasına, turizmin inkişafına və yükdaşımaların genişləndirilməsinə xidmət edir. Müasir nəqliyyat infrastrukturu Qarabağ və Şərqi Zəngəzurun gələcək iqtisadi inkişafının əsas dayaqlarından biridir.
Enerji infrastrukturu da tamamilə yenidən qurulur. Yeni yarımstansiyalar, elektrik ötürücü xətləri və su elektrik stansiyaları istifadəyə verilir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi bölgənin bərpaolunan enerji potensialından səmərəli istifadəyə imkan yaradır. Günəş, külək və su enerjisinə əsaslanan layihələr ekoloji cəhətdən dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir.
“Böyük Qayıdış” Proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qaytarılmasıdır. İnsanların yalnız yaşayış evləri ilə deyil, iş yerləri, sosial xidmətlər və müasir infrastrukturla təmin olunması qayıdış prosesinin davamlılığını təmin edir. Yeni salınan yaşayış məntəqələri müasir şəhərsalma prinsipləri və “ağıllı” texnologiyalar əsasında qurulur.
Prezident İlham Əliyevin açıqladığı son göstəricilər Böyük Qayıdışın artıq geniş miqyas aldığını göstərir. Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə insanlar yaşayır. Keçmiş məcburi köçkünlər, bölgədə çalışan və təhsil alan şəxslər də daxil olmaqla, azad edilmiş ərazilərdə məskunlaşanların sayı 90 mini keçmişdir. Bu rəqəm Qarabağ və Şərqi Zəngəzura həyatın həqiqətən qayıtdığını təsdiqləyir.
Ağalı, Zabux, Sus, Talış, Suqovuşan və digər yaşayış məntəqələrinə sakinlərin qayıdışı ilə başlanan proses sonrakı mərhələdə Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl, Kəlbəcər və digər şəhər və kəndləri əhatə etmişdir. Hər yeni köç karvanı insanların onilliklər boyu yaşadığı Vətən həsrətinin sona çatması deməkdir.
Ağdamda aparılan işlər dağıdılmış şəhərin müasir formada yenidən qurulmasının nümunəsidir. Şəhərin yaşayış məhəllələri, sosial obyektləri, sənaye parkı və nəqliyyat infrastrukturu paralel şəkildə yaradılır. Ağdam Cümə məscidinin bərpası tarixi və dini irsin qorunmasına verilən əhəmiyyəti nümayiş etdirir.
Xankəndi qısa müddətdə Qarabağın elm, təhsil, biznes və beynəlxalq tədbirlər mərkəzinə çevrilir. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərin yeni inkişaf istiqamətini müəyyənləşdirdi. Təhsil korpuslarının, klinikanın, məktəblərin, istehsal və xidmət müəssisələrinin yaradılması Xankəndidə normal şəhər həyatının formalaşmasını sürətləndirir.
Xocalıda yaşayış evlərinin bərpası, yeni müəssisələrin açılması və sakinlərin doğma yurdlarına qayıtması tarixi ədalətin təntənəsidir. Vaxtilə soyqırımına məruz qalmış şəhərdə bu gün uşaqlar məktəbə gedir, ailələr yeni həyata başlayır, istehsal müəssisələri fəaliyyət göstərir. Xocalı yalnız faciənin deyil, həm də qayıdışın, dirçəlişin və milli iradənin rəmzinə çevrilir.
Şuşanın tarixi siması və mədəni irsi qorunmaqla geniş bərpa işləri həyata keçirilir. Məscidlər, tarixi evlər və mədəniyyət obyektləri bərpa olunur, yeni yaşayış kompleksləri və sosial infrastruktur yaradılır. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı və Türk dünyasının mühüm mədəniyyət mərkəzi kimi mövqeyi möhkəmlənir.
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi üçün sənaye, kənd təsərrüfatı, turizm və xidmət sahələrində yeni layihələr reallaşdırılır. Ağdam və Araz Vadisi iqtisadi zonalarında yaradılan sənaye parkları sahibkarlığın inkişafına, investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin açılmasına xidmət edir. Yerli sakinlərin məşğulluğunun təmin olunması qayıdışın davamlılığını gücləndirir.
Azərbaycan dini və mədəni abidələrin bərpasına da xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin bildirdiyi kimi, azad edilmiş ərazilərdə bərpa işlərinə ilk növbədə məscidlərdən başlanılması təsadüfi deyil. Bu yanaşma xalqımızın milli-mənəvi dəyərlərinə və tarixi yaddaşına bağlılığını göstərir. Dağıdılmış məscidlərin əvvəlki görkəminin qaytarılması Ermənistan vandalizminə verilən mənəvi cavabdır.
Xarici qonaqların Qarabağa səfərləri işğal dövrünün həqiqətlərinin və Azərbaycanın həyata keçirdiyi quruculuq işlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Onlar dağıdılmış şəhər və kəndləri, təhqir edilmiş dini abidələri öz gözləri ilə görür, eyni zamanda, qısa müddətdə yaradılmış müasir infrastrukturla tanış olurlar. Bu müqayisə hansı tərəfin dağıdıcı, hansı tərəfin isə qurucu siyasət həyata keçirdiyini aydın göstərir.
Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərinin, İslam dünyasının və Qafqazın dini nümayəndələrinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri də xüsusi əhəmiyyət daşıyır. Onların Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmi görməsi və bərpa edilən dini-mədəni abidələrlə tanış olması həqiqətlərin geniş coğrafiyada yayılmasına xidmət edir.
Azərbaycan xalqı bu gün qalib xalq, Azərbaycan dövləti isə müzəffər dövlət kimi öz torpaqlarını yenidən qurur. İşğal dövründə bir daşı daş üstə qoymayan Ermənistanın dağıdıcı siyasətinin əksinə olaraq, Azərbaycan qısa müddətdə böyük ərazidə müasir şəhərlər və kəndlər yaradır. Bu quruculuq xalqımızın öz torpaqlarına əbədi qayıdışının göstəricisidir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri yalnız dağıdılmış infrastrukturun yenilənməsi deyil, bütöv bir bölgənin sosial, iqtisadi və mədəni həyatının yenidən formalaşdırılmasıdır. İnsanların qayıdışı, məktəblərin açılması, müəssisələrin fəaliyyətə başlaması və tarixi abidələrin bərpası Qələbənin real nəticələrini gündəlik həyatda nümayiş etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış və genişmiqyaslı quruculuq siyasəti Qarabağ və Şərqi Zəngəzurun gələcəyini müəyyənləşdirir. Bir vaxtlar işğalın, dağıntının və etnik təmizləmənin hökm sürdüyü bu torpaqlarda indi həyat yenidən canlanır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın qüdrətinin, quruculuq iradəsinin və tarixi Zəfərinin əbədi ünvanına çevrilir.

Elçin Mehtiyev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Aşağı Surra kənd İƏD üzrə nümayəndə

Digər xəbərlər