Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edərkən səsləndirdiyi fikirlər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə beynəlxalq münasibətin mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Otuz ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında saxlanıldı, bir milyona yaxın insan doğma yurdundan didərgin salındı, şəhər və kəndlər dağıdıldı. Bütün bunlara baxmayaraq, beynəlxalq birlik işğala son qoymaq üçün təsirli addım atmadı. Nəticədə Azərbaycan xalqı öz hüququnu, ədaləti və ərazi bütövlüyünü özü bərpa etməli oldu.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları 1980-ci illərin sonlarından etibarən açıq və sistemli xarakter almağa başladı. Qarabağda separatizmin təşviq edilməsi, Ermənistan ərazisində yaşayan azərbaycanlıların zorla çıxarılması və Azərbaycana qarşı silahlı təcavüzün başlanması uzun müddət hazırlanmış planın tərkib hissəsi idi. Keçmiş SSRİ rəhbərliyindəki ermənipərəst qüvvələrin dəstəyi və beynəlxalq ictimaiyyətin passivliyi Ermənistanı daha geniş işğal siyasətinə həvəsləndirdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə mürəkkəb siyasi və hərbi vəziyyətlə qarşılaşdı. Ölkə daxilində hakimiyyət böhranı, nizami ordunun formalaşmaması və xarici müdaxilələr müdafiə imkanlarını zəiflədirdi. Ermənistan isə bu vəziyyətdən istifadə edərək Qarabağla yanaşı, ona bitişik yeddi rayonu da işğal etdi.
İşğal nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçdi. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Şəhər və kəndlər əhalidən tamamilə təmizləndi, insanlar yaşadıqları evləri, təsərrüfatlarını və bütün əmlaklarını itirdilər.
Xocalıda törədilmiş soyqırımı Ermənistanın işğalçılıq siyasətinin ən ağır cinayətlərindən biri oldu. Dinc əhali əvvəlcədən hazırlanmış hücum nəticəsində xüsusi qəddarlıqla qətlə yetirildi. Uşaqların, qadınların və yaşlıların öldürülməsi, insanların girov götürülməsi və işgəncələrə məruz qalması beynəlxalq humanitar hüququn bütün prinsiplərinin kobud şəkildə pozulması idi. Buna baxmayaraq, Xocalı soyqırımını törədənlər uzun illər məsuliyyətdən kənarda qaldılar.
Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi dağıntılar təkcə hərbi əməliyyatların nəticəsi deyildi. Şəhər və kəndlərin sistemli şəkildə məhv edilməsi, yaşayış evlərinin sökülməsi, dini və mədəni abidələrin dağıdılması dövlət səviyyəsində həyata keçirilən siyasət idi. Məqsəd həmin ərazilərdə Azərbaycan xalqının tarixi mövcudluğuna dair izləri silmək və işğalın nəticələrini qalıcı etmək idi.
Məscidlərin dağıdılması və təhqir olunması bu siyasətin ən ağır nümunələrindən biridir. İşğal dövründə 65 məscid tamamilə məhv edildi, bir sıra dini ibadət yerlərində bilərəkdən heyvan saxlanıldı. Bu, yalnız Azərbaycan xalqına deyil, bütövlükdə İslam dünyasının mənəvi dəyərlərinə qarşı edilmiş təhqir idi. Lakin İslam dininə hörmət və dini dözümlülük haqqında danışan bəzi beynəlxalq dairələr həmin vandalizmə münasibətdə susmağa üstünlük verdilər.
Azərbaycanın tarixi və mədəni irsinin mənimsənilməsi istiqamətində də sistemli fəaliyyət həyata keçirilirdi. Qafqaz Albaniyasına aid məbədlərin mənşəyi saxtalaşdırılır, Azərbaycan abidələri erməni irsi kimi təqdim olunmağa çalışılırdı. Muzeylərdə saxlanılan eksponatlar, xalçalar, əlyazmalar və digər mədəni sərvətlər talan edilərək Ermənistana aparılmışdı.
İşğal altındakı ərazilərin təbii sərvətləri də qanunsuz istismar edilirdi. Meşələr qırılır, faydalı qazıntı yataqları xarici şirkətlərin iştirakı ilə talan olunur, su ehtiyatlarından Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilirdi. İşğalçı tərəfin bu fəaliyyəti beynəlxalq hüquqa zidd olsa da, həmin qanunsuz iqtisadi fəaliyyətdə iştirak edən şirkətlərə qarşı ciddi tədbir görülmürdü.
Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparması beynəlxalq humanitar hüququn növbəti kobud pozuntusu idi. Xarici ölkələrdən gətirilən şəxslər Azərbaycan torpaqlarında yerləşdirilir, ərazilərin demoqrafik tərkibi dəyişdirilirdi. Beynəlxalq təşkilatlar bu faktlar barədə məlumatlı olsalar da, işğalçı dövlətə təsir göstərmirdilər.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. Bu sənədlər Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiqləyirdi. Lakin qətnamələr təxminən otuz il ərzində kağız üzərində qaldı.
Dünyanın müxtəlif bölgələrinə dair BMT Təhlükəsizlik Şurasının qərarlarının qısa müddətdə icra olunduğu hallar mövcud idi. Azərbaycana gəldikdə isə beynəlxalq hüququn tətbiqinə seçici yanaşılırdı. Qətnamələri yerinə yetirməyən Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi, əksinə, işğalçı dövlət müxtəlif ölkələrdən siyasi, hərbi və iqtisadi dəstək almaqda davam etdi.
Münaqişənin sülh yolu ilə həllinə vasitəçilik etməli olan ATƏT-in Minsk qrupu da otuz ilə yaxın fəaliyyəti dövründə konkret nəticə əldə etmədi. Həmsədr dövlətlər işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymadan hər iki tərəfə eyni məsafədən yanaşdıqlarını bildirirdilər. Halbuki beynəlxalq hüquq baxımından Ermənistan işğalçı, Azərbaycan isə təcavüzə məruz qalan dövlət idi.
Danışıqlar prosesinin nəticəsiz qalmasının əsas səbəblərindən biri münaqişənin həllində maraqlı görünən bəzi güclərin mövcud vəziyyətin dəyişməsini istəməməsi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər məsələni həll etmək deyil, uzatmaq və işğalı əbədi etmək istəyirdilər. Ermənistana göstərilən hərbi, iqtisadi və siyasi dəstək faktiki olaraq işğalçının mükafatlandırılması demək idi.
Ermənistan rəhbərliyi də bu cəzasızlıq mühitindən istifadə edərək danışıqları məqsədli şəkildə pozurdu. İşğal altında saxladığı əraziləri geri qaytarmaq əvəzinə, yeni müharibə və yeni ərazi iddiaları ilə çıxış edirdi. Şuşada qanunsuz tədbirlərin keçirilməsi, işğal edilmiş torpaqlarda məskunlaşdırma aparılması və təxribatların davam etdirilməsi sülh danışıqlarının Ermənistan üçün yalnız vaxt qazanmaq vasitəsi olduğunu göstərirdi.
Azərbaycan isə münaqişənin sülh yolu ilə həlli üçün uzun illər səbir nümayiş etdirdi. Prezident İlham Əliyev beynəlxalq platformalarda Azərbaycanın prinsipial mövqeyini dəfələrlə ifadə etdi və bildirdi ki, ölkəmiz ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq. Dövlətimiz beynəlxalq hüquqa əsaslanan tələblərinin həyata keçirilməsi üçün siyasi və diplomatik imkanlardan sona qədər istifadə etdi.
Bununla yanaşı, Azərbaycan öz iqtisadi və hərbi gücünü ardıcıl şəkildə artırdı. Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli üzərində inkişaf edən Azərbaycan regionun lider dövlətinə çevrildi. Güclü iqtisadiyyatın yaradılması, müasir Ordunun formalaşdırılması və xalq-iqtidar birliyinin möhkəmləndirilməsi torpaqlarımızın azadlığı üçün həlledici zəmin hazırladı.
2016-cı ilin Aprel döyüşləri Ermənistan ordusunun məğlubedilməzliyi haqqında yaradılmış mifin iflası oldu. Azərbaycan Ordusu qısa müddətdə mühüm strateji yüksəklikləri azad etdi və düşmənə ciddi zərbə vurdu. 2018-ci ilin Günnüt əməliyyatı və sonrakı hərbi uğurlar Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin davamlı şəkildə artdığını göstərdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi xalqımızın milli azadlıq mübarizəsinə çevrildi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşmənin uzun illər qurduğu müdafiə xətlərini yardı, yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etdi.
Şuşanın azad olunması Vətən müharibəsinin taleyini müəyyənləşdirdi. Azərbaycan hərbçilərinin mürəkkəb relyef şəraitində həyata keçirdiyi əməliyyat yüksək peşəkarlıq və qəhrəmanlıq nümunəsi idi. Şuşanın azad edilməsindən sonra Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Azərbaycan xalqı torpaqlarını öz gücü, əsgər və zabitlərinin qəhrəmanlığı, şəhidlərinin qanı hesabına azad etdi. Uzun illər icra olunmayan beynəlxalq hüquq normaları döyüş meydanında təmin edildi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul edən, lakin onların icrasına nail olmayan dünya Azərbaycanın öz ərazi bütövlüyünü necə bərpa etdiyini gördü.
Vətən müharibəsindən sonra Azərbaycan sülh gündəliyi irəli sürsə də, Qarabağda qanunsuz silahlı birləşmələrin və separatçı rejimin mövcudluğu davam edirdi. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir, silahlı qüvvələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmırdı. Bu vəziyyət ölkəmizin suverenliyinə və təhlükəsizliyinə ciddi təhdid yaradırdı.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatizmə son qoyuldu və Azərbaycanın dövlət suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu. Azərbaycan xalqı ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti öz iradəsi və gücü ilə təmin etdi.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı dünyada presedent yaratdı. Uzun müddət belə fikir formalaşdırılmışdı ki, onilliklər boyu davam edən işğalların nəticələrini dəyişmək mümkün deyil. Azərbaycan sübut etdi ki, güclü siyasi iradə, qüdrətli Ordu, iqtisadi müstəqillik və xalq birliyi olduqda işğala son qoymaq və tarixi ədaləti bərpa etmək mümkündür.
Bu presedentin mahiyyəti yalnız torpaqların hərbi yolla azad edilməsində deyil. Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərində öz suveren hüquqlarını bərpa etdi və separatizmə son qoydu. Ölkəmiz heç bir dövlətin ərazisinə iddia irəli sürmədi, yalnız öz sərhədləri daxilində beynəlxalq hüququn tələblərini həyata keçirdi.
Azərbaycan Ordusu müharibə zamanı mülki əhalini və mülki infrastrukturu hədəfə almadı. Ermənistan isə Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini raket və artilleriya atəşinə tutaraq dinc sakinləri qətlə yetirdi. Azərbaycan xalqının intiqamı əliyalın insanlardan deyil, döyüş meydanındakı işğalçı ordudan alındı. Bu davranış xalqımızın mənəvi dəyərlərinin və dövlətimizin məsuliyyətli siyasətinin göstəricisi idi.
Ərazi bütövlüyünü bərpa edən Azərbaycan müharibəni davam etdirmək deyil, regionda dayanıqlı sülh yaratmaq yolunu seçdi. Qalib dövlət kimi istənilən gündəliyi diktə etmək imkanına malik olsa da, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdi. Bu, Azərbaycanın hərbi güclə yanaşı, siyasi məsuliyyət və strateji uzaqgörənlik nümayiş etdirdiyini göstərir.
Bu gün işğal dövründə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri Azərbaycanın qurucu dövlət olduğunu nümayiş etdirir. Ermənistanın otuz ildə xarabalığa çevirdiyi ərazilər Azərbaycan tərəfindən qısa müddətdə müasir yaşayış və inkişaf məkanına çevrilir.
Azərbaycanın Qələbəsi beynəlxalq münasibətlər sistemində ikili standartların və seçici ədalətin iflasını göstərdi. Otuz il işğala göz yuman, qəbul etdikləri qərarları icra etməyən dairələr Azərbaycan xalqının iradəsi qarşısında yaranmış yeni reallıqları qəbul etməli oldular. Ölkəmiz öz taleyini başqa dövlətlərin qərarlarına bağlamadan milli maraqlarını təmin etdi.
Tarixi Zəfər həm də gələcək nəsillərə mühüm siyasi dərs verdi. Dövlətin təhlükəsizliyi və suverenliyi yalnız beynəlxalq təminatlarla qoruna bilməz. Bunun üçün güclü iqtisadiyyat, qüdrətli Ordu, müstəqil siyasi iradə, milli birlik və yüksək vətənpərvərlik ruhu lazımdır. Azərbaycan məhz bu amillərin vəhdəti sayəsində tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı otuz il davam edən ədalətsizliyə son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı və Ordumuzun qəhrəmanlığı hesabına qazanıldı. Azərbaycan xalqı sübut etdi ki, milli iradəni, dövlətçilik əzmini və Vətən sevgisini heç bir xarici təzyiq məğlub edə bilməz.
Otuz il işğala göz yuman dünyanın qarşısında Azərbaycan öz gücü ilə yeni siyasi və hüquqi reallıq yaratdı. Bu reallığın təməlində beynəlxalq hüquq, tarixi ədalət və xalqımızın öz torpaqlarında azad yaşamaq haqqı dayanır. Azərbaycanın yaratdığı presedent işğal və separatizmə qarşı mübarizə aparan xalqlar üçün dövlət iradəsinin və milli birliyin gücünü göstərən mühüm nümunəyə çevrilmişdir.
Ülviyyə Abdullayeva,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala şəhər 1 nömrəli tam orta məktəbin direktoru