PDF Oxu

Siyasət

  • 555

“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın sülh gündəliyinə beynəlxalq dəstəyin ifadəsidir - ŞƏRH

image

Müasir dünyada silahlı münaqişələrin coğrafiyasının genişləndiyi, dövlətlərarası ziddiyyətlərin dərinləşdiyi və beynəlxalq təhlükəsizlik mexanizmlərinin əvvəlki təsirini itirdiyi müşahidə olunur. Belə bir şəraitdə müharibədən sülhə keçidi təmin edən siyasi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Ermənistan üzərində hərbi-siyasi Qələbə qazandıqdan sonra regionda davamlı sülhün yaradılması istiqamətində irəli sürdüyü təşəbbüslər məsuliyyətli və uzaqgörən dövlət siyasətinin nümunəsidir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sülh gündəliyinə verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirilməlidir. Nüfuzlu münsiflər heyətinin qərarı ilə təqdim edilən bu mükafat dövlətimizin başçısının regionda qarşıdurmaya son qoyulması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin edilməsi istiqamətində göstərdiyi səylərin təsdiqidir.
Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan mükafat insan qardaşlığının, qarşılıqlı anlaşmanın, sülhün və müxtəlif xalqlar arasında əməkdaşlığın təşviqinə xidmət edir. Onun əsas mənəvi mahiyyəti münaqişə və ayrı-seçkiliyə qarşı dialoqun, düşmənçilik əvəzinə birgəyaşayışın müdafiə olunmasından ibarətdir. Bu baxımdan Prezident İlham Əliyevin həmin mükafata layiq görülməsi Azərbaycanın həyata keçirdiyi siyasətin beynəlxalq sülh və insan həmrəyliyi ideyaları ilə uzlaşdığını göstərir.
Mükafatın əhəmiyyəti yalnız onun nüfuzlu beynəlxalq təsisata aid olması ilə məhdudlaşmır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qərar sülhə doğru atılmış növbəti addım və Azərbaycanın sülh gündəliyinə göstərilən dəstək idi. Mükafat Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra yaranmış müsbət siyasi meyilləri daha da gücləndirdi və normallaşma prosesinə beynəlxalq mənəvi dəstək verdi.
Azərbaycanın sülh siyasətinin mahiyyətini düzgün qiymətləndirmək üçün regionun keçdiyi tarixi yola nəzər salmaq vacibdir. Ermənistan təxminən 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, xalqımıza qarşı etnik təmizləmə və hərbi cinayətlər törətmişdi. Şəhər və kəndlərimiz dağıdılmış, dini və mədəni abidələrimiz məhv edilmiş, bir milyona yaxın azərbaycanlı doğma yurdundan didərgin salınmışdı.
Xocalıda törədilmiş soyqırımı, mülki əhalinin qətlə yetirilməsi, əsir və girovların işgəncələrə məruz qalması xalqımızın yaddaşında dərin yaralar açdı. İşğal edilmiş ərazilərdə 65 məscidin dağıdılması, salamat qalan bəzi məscidlərdə heyvan saxlanılması yalnız Azərbaycan xalqına deyil, bütün İslam dünyasına qarşı təhqir idi. Bu cinayətlərin ağır nəticələri xalqımızın yaddaşında yaşayır və onları unutmaq mümkün deyil.
Otuz il davam edən danışıqlar işğala son qoymadı. Ermənistan torpaqları könüllü şəkildə qaytarmaq istəmirdi, onu dəstəkləyən xarici qüvvələr isə problemin həllinə deyil, uzadılmasına çalışırdılar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini xalqının iradəsi, Ordusunun gücü və şəhidlərinin qanı hesabına bərpa etdi.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu düşməni məğlub etdi, şəhər və kəndlərimizi işğaldan azad etdi. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə separatizmə son qoyuldu və Azərbaycanın suverenliyi bütün ərazilərimizdə tam təmin edildi.
Azərbaycanın Qələbəsi yalnız hərbi üstünlüyün deyil, uzun illər həyata keçirilmiş məqsədyönlü dövlət siyasətinin nəticəsi idi. Güclü iqtisadiyyatın yaradılması, müasir Ordunun qurulması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və xalq-iqtidar birliyinin təmin edilməsi ölkəmizin tarixi vəzifəsini yerinə yetirməsinə imkan verdi.
Qalib Azərbaycan müharibədən sonra qarşısında bir neçə siyasi seçim görürdü. Ermənistanın törətdiyi cinayətlərə və 30 illik işğala baxmayaraq, dövlətimiz hərbi qarşıdurmanı davam etdirmək yolunu seçmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda uzunmüddətli sülh və əməkdaşlıq gündəliyi irəli sürdü.
Bu qərar həm siyasi cəsarət, həm də strateji uzaqgörənlik tələb edirdi. Müharibənin ağrıları hələ aradan qalxmamış, işğalın ağır nəticələri bütün miqyası ilə üzə çıxmışdı. Minlərlə ailə şəhid vermiş, yüz minlərlə insan uzun illər doğma torpağına qayıtmaq həsrəti ilə yaşamışdı. Belə bir şəraitdə sülhə doğru addım atmaq dövlət rəhbərliyinin gələcək nəsillər qarşısında məsuliyyətini göstərirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımızın qəlbindəki yaralar hələ sağalmayıb və onların nə zaman sağalacağını heç kim müəyyən edə bilməz. Xocalı soyqırımı, dağıdılmış şəhərlər, təhqir olunmuş məscidlər və şəhidlərin xatirəsi heç vaxt unudulmayacaq. Bununla belə, Azərbaycan keçmişin faciələrinin yeni müharibələrə və növbəti insan itkilərinə səbəb olmasını istəmir.
Sülh gündəliyinin seçilməsi keçmişin unudulması və ya Ermənistanın törətdiyi cinayətlərin üzərindən xətt çəkilməsi demək deyil. Əksinə, Azərbaycan tarixi yaddaşını qorumaqla gələcək üçün təhlükəsiz siyasi mühit yaratmağa çalışır. Tarixi həqiqətlər unudulmadan, ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət əsasında sülh münasibətlərinin qurulması mümkündür.
Azərbaycanın irəli sürdüyü beş baza prinsipi dövlətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımasına, sərhədlərin toxunulmazlığına, ərazi iddialarından imtinaya, güc tətbiq etməməyə və nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasına əsaslanırdı. Bu prinsiplər beynəlxalq hüququn fundamental normalarını əks etdirirdi və regionda davamlı sülh üçün aydın çərçivə yaradırdı.
Sülh müqaviləsinin mətninin razılaşdırılması və paraflanması Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticəsidir. Uzun illər davam etmiş münaqişədən sonra tərəflərin münasibətləri hüquqi müstəvidə tənzimləməyə yaxınlaşması regionun gələcəyi baxımından tarixi əhəmiyyət daşıyır. Beynəlxalq ictimaiyyətin bu prosesə verdiyi siyasi dəstək sülhün möhkəmləndirilməsinə xidmət edir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu mərhələdə sülh prosesinə mənəvi və ictimai dəstək verən mühüm təşəbbüs oldu. Mükafatın Prezident İlham Əliyevə və Ermənistanın baş nazirinə təqdim edilməsi iki ölkə arasında qarşıdurma səhifəsinin bağlanması və yeni münasibətlər sisteminin qurulması istiqamətində verilmiş mesaj idi.
Əbu-Dabidə keçirilən təntənəli mərasimdə dünya liderlərinin sülh prosesinə dəstək ifadə etməsi regionda yaranmış müsbət siyasi meyilləri gücləndirdi. Mükafat yalnız iki siyasi rəhbərin fəaliyyətinin qiymətləndirilməsi deyil, eyni zamanda, hər iki cəmiyyətə sülhün qorunması və normallaşmanın davam etdirilməsi ilə bağlı çağırış idi.
Prezident İlham Əliyevin mükafatın maliyyə hissəsini azad edilmiş ərazilərin inkişafına bağışlaması xüsusi mənəvi məna daşıyır. Bu qərar dövlətimizin başçısının Vətənə və xalqına bağlılığının növbəti nümunəsidir. Sülh naminə təqdim olunan mükafatın Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə yönəldilməsi Qələbə, quruculuq və sülh siyasətinin vahid məqsədə xidmət etdiyini göstərir.
Azad edilmiş ərazilərin inkişafına verilən töhfə müharibənin nəticələrinin aradan qaldırılmasına və sülhün sosial-iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması, yeni məktəblərin, xəstəxanaların və istehsal müəssisələrinin yaradılması bölgədə normal həyatın bərpasını təmin edir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti Azərbaycanın gələcəyə baxışını nümayiş etdirir. Dövlətimiz işğaldan azad etdiyi torpaqlarda yeni qarşıdurma məkanı deyil, təhlükəsiz yaşayış, iqtisadi inkişaf və regional əməkdaşlıq mühiti yaradır. Böyük Qayıdış Proqramı minlərlə insanın öz doğma yurduna qovuşmasına imkan verir.
Azərbaycanın sülh gündəliyi zəiflikdən deyil, hərbi-siyasi Qələbədən və öz gücünə inamdan irəli gəlir. Dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra sülh təşəbbüsü ilə çıxış edib. Buna görə də Azərbaycanın seçimi qalib dövlətin məsuliyyətli və uzaqgörən mövqeyidir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan müharibədə qalib gəlmiş, Ermənistan isə tam məğlub olaraq kapitulyasiya aktına imza atmışdı. Azərbaycan istənilən gündəliyi diktə etmək imkanına malik olsa da, davamlı qarşıdurmanı deyil, sülhü seçdi. Bu qərarın müdrikliyi regionda qan tökülməsinin dayanması və inkişaf üçün yeni imkanların yaranması ilə təsdiqlənir.
Sülhün qorunması yalnız müqavilənin imzalanması ilə başa çatmır. İki ölkə arasında uzun illər formalaşmış inamsızlığın aradan qaldırılması, cəmiyyətlərin yeni reallığa uyğunlaşması və qarşılıqlı təhdid yaradan siyasətdən imtina edilməsi zaman tələb edir. Buna görə sülh prosesinə verilən hər bir beynəlxalq dəstək xüsusi əhəmiyyət daşıyır.
“Zayed İnsan Qardaşlığı Mükafatı” bu baxımdan siyasi bəyanatları ictimai və mənəvi təşviqlə tamamladı. Mükafat sülhə yönəlmiş addımların beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərdi, tərəfləri normallaşma prosesini davam etdirməyə təşviq etdi və sülhü geridönməz etməyə xidmət edən müsbət mühit yaratdı.
Azərbaycanın sülh siyasəti yalnız Ermənistanla münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. Ölkəmiz Cənubi Qafqazın uzunmüddətli sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf regionuna çevrilməsini hədəfləyir. Nəqliyyat-kommunikasiya xətlərinin açılması və regional ticarət əlaqələrinin genişləndirilməsi bütün ölkələr üçün yeni imkanlar yarada bilər.
Dünyanın müxtəlif bölgələrində silahlı qarşıdurmaların genişləndiyi indiki dövrdə Cənubi Qafqazda sülhün qorunması daha böyük əhəmiyyət qazanır. Mövcud münaqişələrə yeni dövlətlərin qoşulması və qanlı toqquşmaların coğrafiyasının genişlənməsi beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir. Belə bir şəraitdə Azərbaycan və Ermənistan arasında əldə edilən sülh imkanlarının qorunması bütün regionun maraqlarına cavab verir.
Türk dünyasının və Qafqaz bölgəsinin sülh şəraitində saxlanılması üçün dövlətlərlə yanaşı, dini və ictimai liderlərin də fəaliyyəti vacibdir. Dini rəhbərlərin sülh, barışıq və insan qardaşlığı çağırışları cəmiyyətlər arasında etimadın yaradılmasına töhfə verə bilər. Bakıda dini liderlərin bir araya gəlməsi də bu məqsədə xidmət edən mühüm təşəbbüsdür.
Azərbaycanın sülh gündəliyi tarixi yaddaşla gələcəyə məsuliyyətli baxışın vəhdətinə əsaslanır. Xalqımız törədilmiş cinayətləri unutmur, şəhidlərinin xatirəsini əziz tutur və qazandığı Zəfəri qoruyur. Eyni zamanda, gələcək nəsillərin yeni müharibələrlə üzləşməməsi üçün dayanıqlı sülhün yaradılmasını strateji məqsəd kimi müəyyənləşdirir.
“Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin müharibədə qazanılmış Qələbəni sülh və inkişaf strategiyası ilə tamamlayan siyasətinə verilən beynəlxalq qiymətdir. Bu mükafat Azərbaycanın regionda yaratdığı yeni siyasi reallığın, irəli sürdüyü sülh təşəbbüslərinin və insan qardaşlığı dəyərlərinə sadiqliyinin təsdiqidir.
Azərbaycan bundan sonra da sülh gündəliyinə sadiq qalaraq Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Qalib dövlətin sülh seçimi siyasi cəsarətin, strateji müdrikliyin və gələcək nəsillər qarşısında məsuliyyətin ifadəsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu seçimi dəstəkləyən və sülh prosesinin geridönməzliyinə xidmət edən mühüm beynəlxalq təşəbbüs kimi böyük məna daşıyır.

Bədirə Niftalıyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü,
“Neftçala-Gündoğar” qəzetinin baş redaktoru

Digər xəbərlər