Azərbaycan tarixinin elə günləri var ki, onlar yalnız təqvimdəki tarix deyil, xalqın milli yaddaşına həkk olunan böyük qürur səhifələridir. 20 Sentyabr da məhz belə günlərdəndir. Bu tarix Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasının rəmzinə çevrilərək xalqımızın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutub.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi bərpa edildi. Bununla da uzun illər davam edən işğal və separatizmə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində tarixi mərhələ başa çatdı. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi də bu tarixi hadisəyə verilən siyasi və mənəvi qiymətin ifadəsidir.
Bu Zəfərin kökləri isə daha uzağa gedib çıxır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti, güclü ordu quruculuğu və xalq-dövlət birliyi Azərbaycanın qarşısında dayanan əsas milli məqsədin – ərazi bütövlüyünün və suverenliyin bərpasının reallaşmasına möhkəm zəmin yaratdı.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun ən mühüm mərhələsi oldu. Lakin həmin vaxt qarşıda hələ bir tarixi vəzifə dayanırdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-na qədər Azərbaycanın qarşısında bir məqsəd vardı: “ölkə suverenliyini tam bərpa etmək”.
2023-cü ilin sentyabrında bu məqsədə də nail olundu. Bir gündən az davam edən antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Dövlətimizin başçısı həmin tarixi hadisəni qiymətləndirərkən bildirmişdir: “Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
20 Sentyabrın mahiyyəti yalnız hərbi Qələbə ilə məhdudlaşmır. Bu tarix Azərbaycan Konstitusiyasının və dövlət qanunlarının ölkənin bütün ərazisində tam qüvvəyə minməsinin, üçrəngli bayrağımızın bütün şəhər və rayonlarımızda dalğalanmasının, vahid hüquqi və siyasi məkanın bərpasının ifadəsidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır.”
Bu gün Azərbaycanın qarşısında yeni və daha böyük hədəflər dayanır. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, müasir infrastruktur yaradılır. Qarabağ və Şərqi Zəngəzur artıq yalnız Zəfərin deyil, quruculuğun, Böyük Qayıdışın və gələcəyə inamın ünvanına çevrilir.
Suverenliyin bərpası Azərbaycanın beynəlxalq mövqelərinə də yeni imkanlar qazandırıb. Prezident İlham Əliyev vurğulayıb ki, İkinci Qarabağ müharibəsi və suverenliyin tam bərpa edilməsi “dünya miqyasında tarixi hadisədir”. Dövlət başçısının sözlərinə görə, bu hadisələr ölkə qarşısında “yeni imkanlar, yeni üfüqlər açır”.
Bu tarixi yol həm də şəhidlərimizin müqəddəs xatirəsi ilə bağlıdır. Azərbaycan əsgəri Vətən uğrunda canını fəda edərək gələcək nəsillərə ərazi bütövlüyü və suverenliyi təmin edilmiş bir ölkə miras qoydu. Ona görə də 20 Sentyabr həm Zəfərimizin sevincini, həm də bu Zəfərin əldə olunması naminə həyatını qurban verən şəhidlərimizin əziz xatirəsini özündə birləşdirir.
Bu gün Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin və Vətənə bağlılığının təntənəsidir. 20 Sentyabr bizə xatırladır ki, dövlətin gücü yalnız onun sərhədlərinin bütövlüyü ilə deyil, həm də xalqın milli iradəsi, dövlətə sədaqəti və gələcəyə inamı ilə ölçülür.
Azərbaycan artıq yeni tarixi mərhələyə qədəm qoyub. Zəfərlə bərpa olunan suverenlik bu gün quruculuq, inkişaf və sülh siyasəti ilə möhkəmləndirilir. Dövlətimizin başçısının ifadə etdiyi kimi, 30 ilin işğalı artıq arxada qalıb və Azərbaycan “genişmiqyaslı quruculuq, inkişaf işinə” qədəm qoyub.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dünəninə ehtiram, bu gününə qürur, sabahına isə böyük inam deməkdir. Bu tarix xalqımızın dövlətçilik salnaməsində əbədi yaşayacaq. Çünki 20 Sentyabr Azərbaycan dövlətinin öz ərazisində tam hakimiyyətini təmin etdiyi, üçrəngli bayrağımızın suverenliyimizin rəmzi kimi bütün ölkə ərazisində dalğalandığı və Zəfərdən yeni inkişaf mərhələsinə aparan yolun açıldığı tarixi gündür.
Vüsalə Əliyeva
YAP Sədərək rayon təşkilatının sədri