Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri, şairi və sufi filosofu Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi mühüm tarixi, elmi, mədəni və mənəvi əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və ictimai xadimlərin Azərbaycan paytaxtında bir araya gəlməsi türk dünyası, Qafqaz və İslam aləmi arasında qarşılıqlı əlaqələrin və mənəvi həmrəyliyin möhkəmləndirilməsi baxımından diqqətəlayiq hadisədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bu iki mühüm tədbirin eyni vaxtda Bakıda keçirilməsinin xüsusi məna daşıdığını vurğulamışdır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi böyük şəxsiyyətlər, şairlər və mütəfəkkirlər ölkəmizin zəngin mədəni-mənəvi irsinin əsasını təşkil edir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi nəhəng şəxsiyyətlərin yaradıcılığı yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Şərq və İslam mədəniyyətinin ayrılmaz hissəsidir.
Seyid Yəhya Bakuvinin irsinin beynəlxalq səviyyədə müzakirə edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. XV əsrdə yaşamış böyük mütəfəkkirin elmi-fəlsəfi və mənəvi irsi əsrlər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Onun irsində mənəvi kamillik, insan ləyaqəti, mərhəmət, tolerantlıq və qarşılıqlı hörmət kimi dəyərlər mühüm yer tutur. Müasir dünyada qarşıdurmaların, dini və mədəni ziddiyyətlərin mövcud olduğu bir dövrdə bu dəyərlərin yenidən diqqət mərkəzinə gətirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq konfransda səsləndirilən fikirlər də göstərdi ki, Seyid Yəhya Bakuvinin irsi yalnız tarixi-mədəni baxımdan deyil, müasir dövrün çağırışları kontekstində də mühüm məna daşıyır. Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam onun irsini mötədillik, mehriban qonşuluq, dövlətlərin suverenliyinə hörmət, xalqların təhlükəsizliyi və sabitlik kimi dəyərlərlə əlaqələndirmişdir. Bu yanaşma böyük mütəfəkkirin irsinin müasir dünyada sülh və qarşılıqlı anlaşma ideyaları baxımından öyrənilməsinin vacibliyini göstərir.
TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı isə türk dövlətləri arasında dini-mənəvi əlaqələrin inkişafı baxımından mühüm platforma olmuşdur. Toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kiprdən olan dini rəhbərlərlə yanaşı, Gürcüstan, Suriya, Şimali Qafqaz və digər ərazilərdən nümayəndələrin iştirakı tədbirin coğrafi əhatəsinin genişliyini nümayiş etdirmişdir.
Bu baxımdan Azərbaycan xüsusi mövqeyə malikdir. Ölkəmiz həm türk dünyasının ayrılmaz hissəsi, həm Qafqazın mühüm dövləti, həm də İslam sivilizasiyasının zəngin irsə malik məkanlarından biridir. Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin və dini ənənələrin qovuşduğu bir coğrafiya olmuşdur. Prezident İlham Əliyevin çıxışında qədim Qafqaz Albaniyasının və Atabəylər dövlətinin tarixindən nümunələr gətirməsi də Azərbaycan ərazisinin regionun qədim dövlətçilik və mədəniyyət tarixində mühüm yer tutduğunu göstərir.
Bakıda dini liderlərin bir araya gəlməsi həm də İslam həmrəyliyi ideyasının aktuallığını nümayiş etdirir. Müasir dünyada müsəlman ölkələri arasında əməkdaşlığın, qarşılıqlı anlaşmanın və həmrəyliyin gücləndirilməsi mühüm məsələlərdəndir. Dini liderlərin sülhə, əmin-amanlığa, mərhəmətə və əməkdaşlığa çağırışları bu prosesdə mühüm mənəvi faktor kimi çıxış edə bilər.
Azərbaycanın İslam həmrəyliyinin təşviqində həyata keçirdiyi təşəbbüslər də bu baxımdan diqqətəlayiqdir. Prezident İlham Əliyev çıxışında 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını xatırladaraq həmin tədbirin yalnız idman yarışı deyil, həm də birlik və həmrəylik platforması kimi qəbul edildiyini bildirmişdir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif tədbirlərə ev sahibliyi etməsi də bu istiqamətdə həyata keçirilən fəaliyyətin mühüm nümunələrindəndir.
Bakıda keçirilən toplantının əhəmiyyətini artıran digər məqam Qarabağa səfərlərlə bağlıdır. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər etməsi nəzərdə tutulmuşdur. Bu səfərlər Azərbaycanın tarixi və dini-mədəni irsi ilə yerində tanış olmaq, həmçinin Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini görmək baxımından əhəmiyyətlidir.
Xüsusilə Ağdam məscidinin tədbirlərin keçirildiyi məkanlardan biri kimi seçilməsi böyük simvolik məna daşıyır. Ağdam məscidi işğaldan əvvəl bölgənin mühüm dini məkanlarından biri olmuş, Xocalı faciəsi qurbanlarının dini mərasimləri də burada keçirilmişdir. İşğaldan azad olunmasından sonra bərpa prosesinin Ağdam məscidindən başlanması Azərbaycan xalqının milli-mənəvi irsinə verdiyi əhəmiyyətin göstəricilərindən biridir.
Qarabağda dağıdılmış dini abidələrin bərpası Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin mühüm istiqamətlərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, tarixi və mədəni abidələrin bərpası həm maddi irsin qorunmasına, həm də bölgənin mənəvi həyatının yenidən canlandırılmasına xidmət edir. Dini liderlərin bu proseslə yerində tanış olması Azərbaycanın Qarabağda həyata keçirdiyi işlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da əhəmiyyətlidir.
Tədbirdə sülh məsələsi də xüsusi diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinə sadiqliyin vacibliyini vurğulamış, regionda sabitliyin qorunması üçün birgə səylərin əhəmiyyətini qeyd etmişdir. Bu mövzunun dini liderlərin görüşündə səsləndirilməsi sülh və humanizm dəyərlərinin dini-mənəvi platformalarda da təşviq edilməsinin əhəmiyyətini göstərir.
Toplantının mühüm nəticələrindən biri də türk dövlətlərinin dini liderləri arasında görüşlərin davamlı xarakter daşıması ideyasının irəli sürülməsi olmuşdur. Belə görüşlərin mütəmadi keçirilməsi ortaq dini-mənəvi məsələlərin müzakirəsi, təcrübə mübadiləsi və türk dünyasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm imkanlar yarada bilər.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev də din sahəsinin türk dövlətləri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulamışdır. Bu yanaşma göstərir ki, türk dünyasının inteqrasiya prosesində yalnız iqtisadi, siyasi və nəqliyyat əlaqələri deyil, ümumi mədəni və mənəvi dəyərlər də mühüm rol oynayır.
Bakı görüşlərinin mühüm cəhətlərindən biri də müxtəlif dini və mədəni ənənələrin nümayəndələrinin eyni platformada bir araya gəlməsidir. Azərbaycan bu cür tədbirlərlə dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin formalaşdırılmasına öz töhfəsini verir. Müxtəlif ölkələrdən gəlmiş dini liderlərin Bakıda fikir mübadiləsi aparması xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün əlavə imkanlar yaradır. Beləliklə, TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransı bir-birini tamamlayan mühüm tədbirlər kimi tarixə düşmüşdür. Bir tərəfdən türk dövlətləri və digər ölkələrin dini liderləri arasında əlaqələrin inkişafı və İslam həmrəyliyi məsələləri müzakirə edilmiş, digər tərəfdən Azərbaycanın zəngin elmi-fəlsəfi və mənəvi irsi beynəlxalq ictimaiyyətə təqdim olunmuşdur.
Bu tədbirlərin əsas ideyalarından biri də ondan ibarətdir ki, müasir dünyanın mürəkkəb çağırışları qarşısında xalqlar və dövlətlər arasında dialoq, qarşılıqlı hörmət, sülh və əməkdaşlıq daha böyük əhəmiyyət qazanır. Seyid Yəhya Bakuvinin əsrlər əvvəl yaratdığı mənəvi irsin bu gün müxtəlif ölkələrdən gəlmiş dini liderləri Bakıda bir araya gətirməsi həmin dəyərlərin zaman və məkan sərhədlərini aşan əhəmiyyətini göstərir.
Bakının belə mötəbər tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq mədəni və dini dialoq məkanı kimi rolunu da nümayiş etdirir. Türk dünyası, Qafqaz və İslam aləminin nümayəndələrinin eyni platformada görüşməsi ölkəmizin tarixi, mədəni və mənəvi potensialının təqdimatı baxımından əhəmiyyətlidir. Seyid Yəhya Bakuvinin irsi ətrafında formalaşan beynəlxalq fikir mübadiləsi isə bir daha göstərmişdir ki, Azərbaycan xalqının yaratdığı zəngin mənəvi xəzinə yalnız keçmişin yadigarı deyil, həm də bu günün və gələcəyin dəyərlər sisteminə töhfə verə biləcək mühüm irsdir.
Pərviz Hüseynzadə
Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının əməkdaşı