27 Sentyabr Anım Günü Azərbaycan xalqının müasir tarixində həm dərin hüznün, həm də sarsılmaz milli qürurun və Böyük Zəfərin rəmzidir. Otuz ilə yaxın bir dövr ərzində Azərbaycan Respublikası daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirmiş, münaqişənin dinc və danışıqlar vasitəsilə həllinə səy göstərmişdir. Lakin Ermənistanın ifrat millətçilik və şovinizm ideologiyası üzərində qurulmuş Daşnaksutyun siyasəti regionda sülhün bərqərar olunmasına imkan verməmiş, etnik təmizləmə və işğalçılıq xəttini davam etdirmişdir. Ermənistan rəhbərliyinin ardıcıl hərbi təxribatları və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini nümayişkaranə şəkildə qulaqardı etməsi münaqişənin dinc yolla həllini imkansız etmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının mübarizə əzmini və ordumuzun yenilməz gücünü sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günündə xalqımıza müraciət edərək şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əydiyini bəyan etmişdir.
Dövlət başçısı Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhuna rəhmət diləyərək vurğulamışdır ki, şəhidlərimizin qanı yerdə qalmamış, onların qisası birbaşa döyüş meydanında alınmışdır. Ali Baş Komandan bu böyük Qələbəni xalqımıza bəxş edən qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaətin, fədakarlığın və dəyanətin artıq xalqımızın qəhrəmanlıq dastanına çevrildiyini qeyd etmişdir.
İki Qarabağ müharibəsinin şəhidləri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və onların unudulmaz xidmətləri gələcək nəsillərə örnək olacaqdır. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq qeyd etmişdir ki, məhz şəhid və qazilərimizin fədakarlığı nəticəsində biz otuz illik həsrətə son qoyaraq doğma torpaqlarımıza qayıdırıq. Dövlətimizin başçısı yaralı hərbçilərimizin tezliklə sağalması və normal həyata qaytarılması üçün dövlət tərəfindən bütün lazımi addımların atıldığını və bundan sonra da atılacağını bildirmişdir. Ən ağır vəziyyətdə olan yaralı əsgər və zabitlərimizin belə hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayan Müzəffər Ali Baş Komandan, qazanılmış bu möhtəşəm Qələbəyə görə məhz onlara borclu olduğumuzu xüsusi olaraq diqqətə çatdırmışdır.
Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin en parlaq və şanlı səhifələrindən biridir. "Xalq-Ordu-Prezident" birliyinin yaratdığı sarsılmaz dəmir yumruq düşmənin belini qırmış, ərazi bütövlüyümüzü və milli ləyaqətimizi bərpa etmişdir. Canlarını Vətən torpağı uğrunda fəda etmiş şəhidlərimiz və müharibə cəbhələrində sağlamlığını itirmiş qazilərimiz hər bir Azərbaycan vətəndaşının sonsuz qürur mənbəyidir. Onların göstərdiyi misilsiz igidlik xalqımızın döyüş ruhunu, azadlıq və vətənpərvərlik hisslərini bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Sugovuşan, Şuşa və digər strateji ərazilərimiz işğaldan azad edildi. Bu gün işğaldan azad olunmuş həmin torpaqlarda genişmiqyaslı bərpa, quruculuq və mühəndis-infrastruktur işləri sürətlə həyata keçirilir. Dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir yollar, hava limanları və yaşayış kompleksləri inşa edilir. Bu nəhəng layihələr keçmiş məcburi köçkünlərin öz doğma dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını – Böyük Qayıdışı reallaşdırır.
Azərbaycan dövləti Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərmiş hərbi qulluqçuların xidmətlərini yüksək qiymətləndirmişdir. Qələbə münasibətilə "Vətən Qəhrəmanı" adı, "Zəfər", "Qarabağ" ordenləri, habelə müxtəlif rayon və şəhərlərin azad olunmasına görə xüsusi döyüş medalları və ordenlər təsis edilmişdir. Hər il 27 sentyabr saat 15:00-da ölkə miqyasında elan edilən bir dəqiqəlik sükutla bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur.
27 Sentyabr Anım Günü xalqımızın unudulmaz tarixi, şəhidlərimizə olan əbədi ehtiramı və Böyük Zəfərimizin əbədi rəmzidir.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri