Azərbaycanın iqtisadi inkişaf tarixində yeni mərhələ başlayır. Bu mərhələnin əsas xüsusiyyətlərindən biri ölkənin zəngin təbii ehtiyatlarının müasir sənaye imkanları ilə birləşdirilməsi və xammaldan daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına keçidin sürətləndirilməsidir. Prezident İlham Əliyevin 22 sentyabr 2026-cı ildə keçirdiyi müşavirə və burada səsləndirdiyi mühüm fikirlər bu strategiyanın mahiyyətini aydın şəkildə ortaya qoyur.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramının hazırlanması təsadüfi deyil. Prezident İlham Əliyev hələ aprelin əvvəlində bu istiqamətdə müvafiq Sərəncam imzalayaraq proqramın hazırlanmasına start verib. Sentyabrın 23-də isə proqram dövlət başçısının Sərəncamı ilə təsdiqlənib. Bu ardıcıllıq göstərir ki, qarşıya qoyulan məqsədlər konkret qərarlar, proqramlar və icra mexanizmləri ilə təmin edilir.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi mühüm fikirlərdən biri qəbul edilmiş proqramların icrası ilə bağlıdır. Dövlət başçısı vurğulayıb ki, proqramlar qarşıya qoyulan müddət ərzində həyata keçirilməlidir. Yeni Dövlət Proqramı da məhz 2027-2030-cu illəri əhatə edir. Bu isə dörd il ərzində qarşıya qoyulan hədəflərin mərhələli şəkildə gerçəkləşdirilməsi deməkdir.
Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun xüsusi rolu getdikcə artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2026-cı ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artım baş verib. Dövlət başçısı bu göstəricinin əhəmiyyətini xüsusi vurğulayaraq qəbul edilən proqramların qeyri-neft sənayesində artımı davamlı və uzunmüddətli etməli olduğunu bildirib.
Məhz bu baxımdan dağ-mədən və metallurgiya sənayesi strateji əhəmiyyət daşıyır. Proqramın əsas prinsiplərindən biri filizdən son məhsula qədər dəyər zəncirinin mümkün qədər ölkə daxilində qurulmasıdır. Bu, Azərbaycanın təbii sərvətlərinin yalnız xammal kimi ixrac edilməsindən daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına keçidi nəzərdə tutur.
Bu böyük məqsədlərin reallaşdırılmasında dövlət və özəl sektorun birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, Dövlət Proqramının maliyyə təminatı artıq müəyyənləşdirilib. Eyni zamanda yerli və xarici investorların iştirakı üçün də imkanlar mövcuddur. Ümumi investisiya ehtiyacının 5,3 milyard manat qiymətləndirilməsi və bunun təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən formalaşmasının nəzərdə tutulması özəl sektorun qarşıdakı prosesdə rolunu aydın göstərir.
Bu siyasətin nəticəsində yalnız yeni istehsal müəssisələrinin yaradılması deyil, bütöv bir sənaye ekosisteminin formalaşması gözlənilir. Yeni iş yerləri açılacaq, regionlarda iqtisadi fəallıq artacaq, logistika və xidmət sahələri genişlənəcək, yerli təchizatçı və podratçı şirkətlər üçün yeni imkanlar yaranacaq. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi isə işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılmasına əlavə təkan verə bilər.
Dövlət Proqramında qara və əlvan metallurgiyanın inkişafı, dəmir filizi, mis, sink, qurğuşun, qızıl və alüminium istiqamətləri üzrə yeni imkanların yaradılması nəzərdə tutulur. “Daşkəsən” layihəsi çərçivəsində 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması, “Filizçay” üzrə mis, sink və qurğuşun resurslarının hasilata hazırlanması kimi layihələr sənaye potensialının genişləndirilməsinə hesablanıb.
Ancaq bu böyük sənaye hədəflərinin arxasında daha mühüm bir prinsip dayanır: təbii sərvətlərdən istifadə məsuliyyətlə həyata keçirilməlidir. Prezident İlham Əliyevin “əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir” fikri məhz bu düşüncəni ifadə edir. Yeraltı sərvətlər tükənə bilər, lakin sağlam və zəngin təbiətin qorunması gələcək nəsillərin qarşısında bizim əsas məsuliyyətimizdir.
Azərbaycanın yeni sənaye strategiyası beləliklə, yalnız hasilata deyil, dəyər yaratmağa, istehsal etməyə, ixrac etməyə və məşğulluğu artırmağa yönəlir. Dövlətin iradəsi, özəl sektorun investisiya imkanları və müasir texnologiyalar bir araya gəldikcə ölkənin qeyri-neft sənayesinin yeni istiqamətlər üzrə güclənməsi üçün geniş imkanlar yaranır.
Prezident İlham Əliyevin müşavirədə müəyyən etdiyi əsas xətt aydındır: proqramlar qəbul edilməli və vaxtında icra olunmalı, qeyri-neft sektorunda əldə olunan artım davamlı xarakter almalı, dövlət və özəl sektorun imkanları səfərbər edilməli, bütün bunlarla yanaşı Azərbaycanın ən böyük sərvəti olan təbiət qorunmalıdır. Məhz bu yanaşma yeraltı sərvətləri milli sənaye gücünə çevirməyin əsas şərtidir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri