Azərbaycan bu gün ən təhlükəsiz ölkə, sabitlik diyarı kimi tanınır və nüfuz qazanır. Reallıq budur ki, 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünkü və gələcək uğurların təməlini qoydu. Azərbaycanın uğurlarının əsasında dayanan, müstəqilliyimizin daimiliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizə iqtisadi və siyasi dividend qazandırdı. Sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə Azərbaycanın iqtisadi inkişafının dayanıqlığını təmin edən amillərə bir daha diqqət yönəldildi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi. Beləliklə, bunlar artıq keçmişdə qaldı. Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır və bizim çox aşağı dövlət borcumuz var - 20 faiz. Lakin bu göstərici daxili borcla birlikdədir. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir və əslində biz onu bir gündə sıfırlaya bilərik. Çünki bizim valyuta ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir. Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var.
“Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi səmərə deyil, eyni zamanda, siyasi zəmanət də qazandırdı. Azərbaycanın siyasi müstəqilliyinin əbədi olmasını təmin etmək əsas məqsədlərdən idi. Ümummilli Lider Azərbaycanın gələcək inkişafını da nəzərə alaraq 29 dekabr 1999-cu il tarixdə imzaladığı Sərəncam ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunu yaratdı. Neft Fondu karbohidrogen gəlirlərinin səmərəli idarəsi nəticəsində gələcək nəsillər üçün maliyyə sabitliyinin təminatçısına çevrildi, vəsaitlərin uzunmüddətli investisiyalara, inkişaf layihələrinə və insan kapitalının inkişafına yönəldilməsini təmin edir. Bu gün “Əsrin müqaviləsi”nin qazandırdığı təcrübə və beynəlxalq nüfuz Azərbaycanın yaşıl enerji sahəsinə xarici sərmayələrin cəlb edilməsində mühüm rol oynayır. Neft ixracından əldə olunan gəlirlər alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində sərmayə şəklində istifadə olunur. Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir və hazırda alternativ enerjiyə uğurlu keçidin nümunəsidir. Müasir Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Hökumətin iqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərinin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsidir ki, Bakı dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etdi. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan yaratdı. Dövlətimizin başçısı İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə də bu reallıqlardan geniş bəhs etdi. Bildirdi ki, neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb. Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Beləliklə, hətta biz müqavilə parametrlərinin bəziləri ilə 100 faiz qane olmasaq belə, bu məsuliyyətin üstün tutulmalı olduğunu düşünürük. Hesab edirəm ki, xüsusilə bugünkü dünyada vacib amillərdən biri təhlükəsizlikdir. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Kriminogen vəziyyət tamamilə nəzarət altındadır: “Nisbətən kiçik ölkədə doqquz iqlim qurşağının olması, yaxşı mətbəxi, qonaqpərvər insanları və bu gün keçirilən Formula 1 yarışı, ənənəvi UFC turnirləri və bir çox digər tədbirlər kimi mühüm hadisələr. Beləliklə, mən bir çox üstünlüklər haqqında danışa bilərəm, lakin çox millətçi görünmək istəmirəm”.
O da vurğulandı ki, auditoriyada əyləşənlərin gəzmək və Azərbaycanı daha da kəşf etmək üçün vaxtı olacaq. Bu və bir çox digər amillər insan kapitalına, infrastruktura, süni intellektə, iqtisadiyyatın digər sektorlarına yatırılacaq daha çox investisiyalara gətirib çıxaracaq və bu kimi tədbirlərin əhəmiyyəti də ölkə daxilində təqdimatını keçirməkdir: “Çünki siz xaricə getsəniz və xaricdə bəzi təqdimatlar etsəniz, oradakı auditoriya nisbətən məhdud olacaq və siz sadəcə gəlib ölkəniz haqqında yaxşı sözlər söyləmiş olacaqsınız. Lakin bu tədbiri Azərbaycanda keçirən zaman hər kəs özü üçün qərar verə bilər. Düşünürəm və ümid edirəm ki, bu qərarların əksəriyyəti müsbət olacaq”.
Qeyd olunanlar bu qənaətə əsas verir ki, Azərbaycan dünyaya iqtisadi inkişafın təkmil modelini təqdim edir. Bu model neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafına geniş imkanlar açır. Bir sözlə, dünya Azərbaycanın timsalında iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlarının şahidinə çevrilir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri