PDF Oxu

Siyasət

  • 837

Azərbaycan qlobal investisiya xəritəsində mövqeyini daha da gücləndirir - ŞƏRH

image

Azərbaycanın davamlı iqtisadi inkişafının yeni mərhələsi ölkənin zəngin resurs potensialının müasir texnologiyalar, güclü infrastruktur və əlverişli investisiya mühiti ilə vəhdətdə reallaşdırılmasını şərtləndirir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin qarşıdakı dövr üçün iqtisadi prioritetlərini və investisiya imkanlarını aydın şəkildə ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın ənənəvi enerji ölkəsindən yeni iqtisadi artım istiqamətlərini uğurla formalaşdıran, qlobal nəqliyyat və enerji bağlantılarında mövqeyini gücləndirən dövlətə çevrildiyini göstərir.

Azərbaycanın böyük bərpaolunan enerji potensialı ölkənin iqtisadi inkişaf strategiyasında mühüm yer tutur. Prezident İlham Əliyevin sözlərinə görə, yalnız Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi isə bu istiqamətdə artıq real nəticələrin əldə olunduğunu nümayiş etdirir. Qarşıdakı beş il ərzində ölkənin bütün ərazisində bərpaolunan enerji mənbələrinin geniş yayılması hədəfi Azərbaycanın enerji sistemində yeni mərhələnin əsasını təşkil edir.
Bu siyasətin mühüm məqsədlərindən biri elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və qənaət olunan qaz ehtiyatlarının ixrac potensialının artırılmasıdır. Beləliklə, yaşıl enerjinin inkişafı yalnız ekoloji məqsədlərlə məhdudlaşmır, eyni zamanda ölkənin enerji resurslarından daha səmərəli və çoxşaxəli istifadə imkanlarını genişləndirir.
Ölkənin iqtisadi inkişafının digər mühüm istiqaməti logistika, nəqliyyat və regional bağlantıların daha da gücləndirilməsidir. Azərbaycan bu sahədə uzun illər ərzində məqsədyönlü siyasət həyata keçirərək dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırıb. Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi və bu prosesin davam etdirilməsi nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə verilən önəmin göstəricisidir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına çevirir. Hazırda Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım müşahidə olunur. Bu il tranzit daşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində daşımaların həcmini 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatdırmaqdır.
Bu hədəf Azərbaycanın nəqliyyat xəritəsindəki rolunun yalnız mövcud imkanlarla məhdudlaşmadığını, ölkənin regional və qlobal təchizat zəncirlərində daha böyük pay əldə etmək üçün ardıcıl şəkildə çalışdığını göstərir. Müasir logistika infrastrukturu, rəqəmsal idarəetmə və gömrük sistemlərinin təkmilləşdirilməsi isə bu potensialın iqtisadi dividendlərə çevrilməsi üçün mühüm zəmin yaradır.
Azərbaycanın qarşıdakı inkişaf perspektivlərində mədənçilik də xüsusi yer tutur. Prezident İlham Əliyev çıxışında bu sahənin böyük potensiala malik olduğunu və mədənçiliklə bağlı dörd ili əhatə edən dövlət proqramının qəbul edildiyini bildirib. Yeni proqramın müxtəlif fəaliyyətlərə və layihələrə mühüm təkan verməsi, ölkənin mineral-xammal ehtiyatlarının daha səmərəli şəkildə iqtisadi dövriyyəyə cəlb olunması üçün yeni imkanlar açması nəzərdə tutulur.
Bu istiqamət sənayenin şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması və investisiya imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasında enerji, nəqliyyat və mədənçilik bir-birini tamamlayan mühüm istiqamətlər kimi çıxış edir.
Yeni iqtisadi prioritetlərin ön plana çıxarılması Azərbaycanın neft-qaz sektorunun əhəmiyyətini azaltmır. Əksinə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, neft və qaz iqtisadiyyatda aparıcı rolunu qoruyacaq. Bu sahədən əldə olunan gəlirlərin digər iqtisadi istiqamətlərə, o cümlədən yeni layihələrə və inkişaf sahələrinə investisiya şəklində yönəldilməsi iqtisadi şaxələndirmə siyasətinin mühüm elementidir. Forum çərçivəsində enerji sektorunda yeni saziş və investisiya qərarlarının mübadiləsinin aparılması da bu sahəyə beynəlxalq marağın davam etdiyini göstərir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər Azərbaycanın iqtisadi siyasətinin əsas məqsədlərindən birinin uzunmüddətli və dayanıqlı artım üçün yeni imkanların səfərbər edilməsi olduğunu nümayiş etdirir. Bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, rəqəmsallaşma və ənənəvi enerji sektoru üzrə mövcud potensial ölkənin investorlar üçün geniş imkanlar təqdim etdiyini göstərir.
Azərbaycanın iqtisadi inkişafında növbəti mərhələ yalnız mövcud resurslardan istifadə ilə deyil, həmin resursların yüksək əlavə dəyər yaradan layihələrə çevrilməsi ilə xarakterizə olunur. Məhz bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya potensialının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, yeni tərəfdaşlıqların qurulması və uzunmüddətli iqtisadi layihələrin təşviqi baxımından mühüm platforma kimi çıxış edir. Forumun əsas mesajlarından biri də budur ki, Azərbaycan özünün enerji, nəqliyyat və sənaye potensialını müasir iqtisadi çağırışlarla uzlaşdıraraq yeni inkişaf mərhələsinə inamla irəliləyir.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər