Azərbaycanın son illərdə müxtəlif mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qlobal iqtisadi və siyasi münasibətlər sistemində artan rolunun göstəricilərindən biridir. Bakı artıq müxtəlif ölkələrdən dövlət nümayəndələrini, beynəlxalq təşkilatları, maliyyə institutlarını, investorları və aparıcı şirkətləri bir araya gətirən mühüm platformalardan biri kimi çıxış edir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Bakıda keçirilməsi də bu prosesin növbəti mühüm mərhələsi kimi diqqət çəkir.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub. Mövzunun özü müasir dünya iqtisadiyyatında baş verən dəyişikliklərin mahiyyətini əks etdirir. Təchizat zəncirlərinin yenidən formalaşdığı, enerji və nəqliyyat marşrutlarının əhəmiyyətinin artdığı bir şəraitdə sabitlik və etibarlı tərəfdaşlıq investorlar üçün əsas məsələlərdən birinə çevrilir. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində də sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqların investisiyalar üçün artan əhəmiyyətini xüsusi qeyd edib.
Azərbaycanın investisiya imkanlarının genişlənməsində iqtisadiyyatın şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Forum çərçivəsindəki çıxışında uzunmüddətli və dayanıqlı artım üçün neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə edilməsinin vacibliyi vurğulanıb. Mədənçilik, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat, logistika, nəqliyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq və su təsərrüfatı kimi istiqamətlər Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsində diqqət çəkən sahələr sırasında yer alır.
Azərbaycanın coğrafi mövqeyi də ölkənin investisiya potensialını artıran mühüm amillərdəndir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın tranzit və logistika imkanlarını genişləndirir. Dəmir yollarına, dəniz limanlarına, avtomobil yollarına və hava yolu ilə yükdaşımalar infrastrukturuna yatırılan investisiyalar ölkənin regional bağlantılardakı rolunu daha da gücləndirir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafında oynadığı rol yeni investisiya imkanları ilə birbaşa bağlıdır.
Enerji sektoru isə Azərbaycanın investisiya gündəliyində mühüm yerini qoruyur. Xəzər dənizinin Azərbaycan sektorunda böyük enerji potensialının olması, bərpaolunan enerji layihələrinin genişləndirilməsi və elektrik enerjisi sahəsində yeni imkanların formalaşması ölkənin enerji siyasətinin şaxələndirildiyini göstərir.
Forumun mühüm nəticələrindən biri də müzakirələrin konkret investisiya layihələri ilə tamamlanmasıdır. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə sənədlər imzalanıb. Bu sənədlər süni intellekt, enerji, bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı kimi müxtəlif sahələri əhatə edir. Bu rəqəmlər Forumun yalnız fikir mübadiləsi platforması olmadığını, real iqtisadi əməkdaşlıq imkanlarının formalaşdırıldığı məkan olduğunu göstərir.
Azərbaycanın investisiya siyasətində insan kapitalının inkişafı da mühüm istiqamət təşkil edir. Prezident İlham Əliyevin çıxışında peşəkar və ixtisaslı kadrların hazırlanmasının qarşıya qoyulan iqtisadi məqsədlərə çatmaq üçün əsas şərtlərdən biri olduğu vurğulanıb. Gənclərin xaricdə təhsil almasına yönəlmiş Dövlət Proqramının 2003-cü ildən həyata keçirilməsi də insan kapitalına uzunmüddətli yanaşmanın nümunəsi kimi qeyd olunub. Müasir iqtisadiyyatın texnologiya, innovasiya və yüksək ixtisaslı mütəxəssislərə əsaslandığı nəzərə alınarsa, bu istiqamətin gələcək investisiya mühitində xüsusi əhəmiyyət daşıdığı aydın görünür.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi imkanlarının beynəlxalq investorlar üçün təqdim olunması ilə yanaşı, ölkənin regional iqtisadi əlaqələrdəki rolunun müzakirəsi baxımından da mühüm platformaya çevrilib. Forumun nəticələri göstərir ki, Azərbaycanın investisiya gündəliyi enerji ilə məhdudlaşmır və yeni mərhələdə rəqəmsal iqtisadiyyat, süni intellekt, yaşıl enerji, logistika, sənaye və digər sahələr üzrə genişlənir. İmzalanmış sənədlərin coğrafiyası və əhatə etdiyi istiqamətlər ölkənin qlobal iqtisadi əməkdaşlıq imkanlarının çoxşaxəli xarakter aldığını nümayiş etdirir.
Beləliklə, Bakı Forumunun əsas nəticələrindən biri Azərbaycanın dəyişən qlobal iqtisadi şəraitdə etibarlı əməkdaşlıq və investisiya platforması kimi təqdim olunmasıdır. Siyasi və iqtisadi sabitlik, əlverişli coğrafi mövqe, enerji və nəqliyyat potensialı, maliyyə dayanıqlığı və insan kapitalına yönələn siyasət ölkənin investisiya gündəliyinin əsas elementlərini təşkil edir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda əldə olunan konkret razılaşmalar isə bu imkanların praktiki layihələrə çevrilməsi istiqamətində yeni mərhələnin formalaşdığını göstərir.
Elnarə Mustafayeva
YAP Yasamal rayon təşkilatının sədr müavini