Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsi ölkənin yalnız təbii sərvətlərə malik dövlət kimi deyil, investisiya, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq imkanlarını birləşdirən iqtisadi mərkəz kimi mövqeyinin möhkəmlənməsi ilə xarakterizə olunur. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın qarşıdakı illər üçün iqtisadi prioritetlərinin və investisiya imkanlarının geniş təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.
“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş təbirdə Prezident İlham Əliyev Azərbaycanın son illərdə keçdiyi inkişaf yolundan, mövcud iqtisadi imkanlardan və gələcək prioritetlərdən danışaraq qeyd edib ki, bu gün gələcək haqqında danışmağa imkan verən əsas amillərdən biri əvvəlki illərdə yaradılmış sabit iqtisadi və maliyyə sistemidir. Son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb. Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun əhəmiyyətinin saxlanılması ilə paralel olaraq qeyri-neft sahələrinin inkişaf etdirilməsini nəzərdə tutur. Azərbaycan üçün bu istiqamətin həm daxili enerji tələbatının təmin edilməsi, həm də gələcəkdə elektrik enerjisinin ixracı baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət başçısı bildirib ki, yalnız Xəzər dənizinin Azərbaycanın sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda isə günəş və külək elektrik stansiyaları artıq fəaliyyət göstərir. Qarşıdakı beş il ərzində Azərbaycanın müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Beləliklə, enerji siyasətində qarşıya qoyulan məqsəd yalnız yeni elektrik istehsal güclərinin yaradılması ilə məhdudlaşmır. Buraya ötürücü xətlərin, enerji saxlanc sistemlərinin və beynəlxalq enerji bağlantılarının inkişafı da daxildir. Azərbaycanın Avropa ilə Asiyanın arasında yerləşməsi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində mövqe tutması nəqliyyat və logistika sahəsində ölkəyə əlavə imkanlar yaradır. Dəmir yollarına, limanlara, hava nəqliyyatına və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırılıb. Dəmir yollarının 60 faizinin elektrikləşdirildiyi və bu istiqamətdə işlərin davam etdirildiyi bildirilib. Beynəlxalq tranzit marşrutlarının səmərəli fəaliyyəti bir neçə ölkənin nəqliyyat sistemlərinin uzlaşdırılmasını tələb edir. Bu istiqamətdə artıq nəticələrin olduğu qeyd edilib. Prezidentin sözlərinə görə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi artır və 2026-cı ildə bu göstəricinin 16 milyon tona çatması gözlənilir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin hər ikisində daşımaların ümumi həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Dəhlizləri, enerji layihələri, rəqəmsal bağlantılar və ticarət marşrutları ölkəni daha geniş regional iqtisadi sistemin iştirakçısına çevirir.
Müasir dünyada təchizat zəncirlərinin dəyişməsi də tranzit imkanlarına yeni yanaşma tələb edir. Prezidentin çıxışında Azərbaycanın əvvəlcədən nəqliyyat və inzibati infrastruktur yaratmağa başladığı və bunun hazırkı geosiyasi şəraitdə əlavə imkan yaratdığı qeyd edilib.Çıxışda perspektivli sahələr sırasında mədənçilik də xüsusi qeyd olunub. Prezident İlham Əliyev mədənçiliklə bağlı dövlət proqramının qəbul edildiyini və bunun yaxın illərdə bu sahədə müxtəlif fəaliyyətlərə təkan verəcəyini bildirib. Müasir dövrdə kritik xammal və mineral resurslar bir sıra sənaye sahələri üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan mədənçilik sahəsinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət başçısı tədbirdə “Exxon” şirkəti ilə qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi ilə bağlı müqavilənin, həmçinin “Total” şirkəti ilə Abşeron yatağının işlənilməsinin ikinci mərhələsinə dair müqavilənin gündəmdə olduğunu bildirib. Prezidentin açıqlamasına əsasən, Abşeron layihəsinin ikinci mərhələsi qaz hasilatını növbəti 3–4 il ərzində əlavə 5 milyard kubmetr artıra bilər. Burada əsas məqam ondan ibarətdir ki, neft-qaz sektorundan əldə edilən gəlirlərin digər iqtisadi sahələrin inkişafına yönəldilməsi də çıxışda mühüm istiqamət kimi təqdim olunub.
Azərbaycanın gələcək enerji siyasətində yeni istiqamətlərdən biri elektrik enerjisinin ixracının genişləndirilməsidir. Prezident İlham Əliyev Azərbaycanın artıq neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrə ixrac edən ölkələrdən biri olduğunu qeyd edib. Bununla yanaşı, gələcəkdə elektrik enerjisinin, xüsusilə bərpaolunan mənbələrdən əldə edilən enerjinin ixracı üçün imkanların artırılması məqsədi vurğulanıb. Digər mühüm layihə isə Qara dəniz sualtı elektrik kabelidir. Prezidentin açıqlamasına görə, bu kabel Azərbaycandan Gürcüstana, oradan isə Rumıniyaya uzanacaq və 4 giqavat gücündə elektrik ötürülməsi imkanına malik olacaq. Rəqəmsal iqtisadiyyat və süni intellekt Prezidentin çıxışının müasir iqtisadiyyat baxımından diqqət çəkən istiqamətlərindən biri rəqəmsal transformasiya və süni intellekt məsələsi olub.
Azərbaycanın enerji potensialının yalnız ənənəvi sənaye sahələrində deyil, data mərkəzlərinin yaradılması və rəqəmsal texnologiyaların inkişafında da istifadə olunması imkanları qeyd edilib. Bu, gələcəkdə data mərkəzləri və digər enerji tutumlu rəqəmsal layihələr üçün imkanları artıra bilər. vacibliyi qeyd olunub.
Müasir iqtisadiyyatın inkişafı yalnız maliyyə və təbii resurslarla bağlı deyil. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması investisiya siyasətinin mühüm hissəsinə çevrilir. Xaricdə təhsil proqramlarının həyata keçirilməsi nəticəsində minlərlə azərbaycanlı gəncin xaricdə təhsil aldığı və onların böyük hissəsinin Azərbaycana qayıtdığı qeyd olunub. Bu baxımdan xarici investorların Azərbaycana gətirdiyi yalnız kapital deyil, həm də texnologiya, idarəetmə təcrübəsi və peşəkar biliklər xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev su qıtlığı və digər amillərin ərzaq təhlükəsizliyi sahəsində əlavə tədbirlərin görülməsini zəruri etdiyini bildirib. İdxaldan asılılığın azaldılması məqsədilə dövlət proqramının qəbul edildiyi və kənd təsərrüfatında investisiya imkanlarının mövcud olduğu qeyd olunub. Ərzaq istehsalının artırılması, su resurslarından səmərəli istifadə, müasir aqrotexnologiyaların tətbiqi və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi gələcək investisiyaların mümkün istiqamətləri sırasında göstərilib.
Ölkənin 96 faizinin qazlaşdırıldığı, elektrik enerjisi və genişzolaqlı internetlə əhatə olunma səviyyəsinin yüksək olduğu, dəmir yolu sisteminin inkişaf etdirildiyi, doqquz beynəlxalq hava limanının fəaliyyət göstərdiyi və dəniz limanının genişləndirildiyi bildirilib. Bununla yanaşı, qarşıdakı mərhələdə əsas diqqətin beynəlxalq və regional əhəmiyyət daşıyan infrastruktur layihələrinə yönəldilməsi nəzərdə tutulur. Nəqliyyat, logistika, rəqəmsal infrastruktur, elektrikötürücü xətlər və enerji saxlanc sistemləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident çıxışında investorların qərarlarına təsir edən amillərdən də danışıb. Siyasi və iqtisadi sabitlik, maliyyə imkanları, investisiya mühiti, vergi sisteminin proqnozlaşdırıla bilməsi və təhlükəsizlik məsələləri investorlar üçün vacib şərtlər kimi təqdim olunub.
Prezident çıxışında neft-qaz sektorunda 1994-cü ildən başlayan beynəlxalq əməkdaşlıq təcrübəsini nümunə kimi göstərib. Prezident bildirib ki, həmin dövrdə xarici mütəxəssislərin payı çox yüksək olduğu halda, hazırda bu sahədə yerli kadrların çəkisi əhəmiyyətli dərəcədə artıb.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli inkişafı və investisiya imkanları da ayrıca təqdim edilib. 12 şəhərin baş planlarında təxminən 11 milyon kvadratmetr tikinti sahəsi, 400 hektardan çox sənaye və logistika zonası nəzərdə tutulub. Həmin şəhərlərdə 354 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılır. Bu göstəricilər regionlarda şəhərsalma, tikinti, logistika, turizm, sənaye və xidmət sahələrində yeni iqtisadi fəaliyyət üçün imkanların formalaşdırıldığını göstərir.
Forum çərçivəsində 10 milyard ABŞ dollarından çox potensial investisiyanı əhatə edən razılaşmaların imzalandığı açıqlanıb. Forumda iştirak edən böyük investisiya fondlarının ümumilikdə 30 trilyon dollardan çox vəsaiti idarə etdiyini bildirib. Bu fakt forumun miqyasını və Azərbaycanın beynəlxalq investorlarla birbaşa dialoqa verdiyi əhəmiyyəti göstərir. Azərbaycanın gələcək iqtisadi modelinin mühüm xüsusiyyətlərindən biri enerji resurslarından əldə olunan imkanların yeni iqtisadi sahələrin inkişafına yönəldilməsi və ölkənin regional bağlantı imkanlarının genişləndirilməsidir. Forumda səsləndirilən fikirlər göstərir ki, qarşıdakı mərhələdə əsas məsələlərdən biri mövcud iqtisadi potensialı yeni texnologiyalar, insan kapitalı, yaşıl enerji və regional bağlantılarla birləşdirərək daha çoxşaxəli iqtisadi fəaliyyət yaratmaqdır.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini