PDF Oxu

Siyasət

  • 793

Sabitlik və strateji mövqeyin yaratdığı yeni investisiya imkanları - ŞƏRH

image

Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, ölkənin yeni investisiya imkanlarının təqdim olunması və regional əməkdaşlığın genişləndirilməsi baxımından II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mühüm əhəmiyyət daşıyır. Sentyabrın 26-da Bakıda keçirilən forum çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə Prezident İlham Əliyevin iştirakı və investorların suallarını cavablandırması Azərbaycanın iqtisadi potensialının beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından diqqət çəkdi.
Dövlət başçısının çıxışında xüsusilə vurğulanan məsələlərdən biri bugünkü dünyada siyasi və iqtisadi sabitliyin əhəmiyyətidir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanda bu proses 30 ildən artıqdır davam edir. Ölkənin müstəqilliyinin ilk illərində üzləşdiyi ağır siyasi, sosial və iqtisadi problemlərin artıq geridə qalması Azərbaycanın bu gün daha sabit və proqnozlaşdırıla bilən inkişaf mühiti formalaşdırdığını göstərir. Eyni zamanda, sabitlik investorlar üçün uzunmüddətli əməkdaşlıq və layihələrin reallaşdırılması baxımından mühüm şərtlərdən biri kimi təqdim olunur.
Azərbaycanın maliyyə imkanları da çıxışda diqqət mərkəzində olub. Prezident ölkənin dövlət borcunun ÜDM-ə nisbətinin 20 faiz təşkil etdiyini, xarici borcun isə 5,6 faiz səviyyəsində olduğunu bildirib. Valyuta ehtiyatlarının xarici borcu əhəmiyyətli dərəcədə üstələməsi, milli valyutanın sabitliyi və əlverişli ticarət balansı ölkənin maliyyə dayanıqlığının əsas göstəriciləri sırasında qeyd edilib. Bu amillər investisiya mühitinin etibarlılığı baxımından mühüm göstəricilər kimi təqdim olunur.
Azərbaycanın investisiya siyasətində etibarlı tərəfdaşlıq prinsipi də xüsusi yer tutur. Prezident İlham Əliyev uzun illər əvvəl imzalanmış neft-qaz müqavilələrinin şərtlərinə toxunulmadığını qeyd edərək bunun investorlar qarşısında etibarlı tərəfdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. Bu yanaşma Azərbaycanın beynəlxalq investorlarla münasibətlərində uzunmüddətli əməkdaşlığa üstünlük verdiyini göstərən əsas məqamlardan biridir.
Çıxışda Azərbaycanın coğrafi mövqeyinin yaratdığı üstünlüklər də geniş şəkildə diqqətə çatdırılıb. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onun regional tranzit və logistika imkanlarını artırır. Azərbaycan 2030-cu ilədək hər iki istiqamətdə daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmağı hədəfləyir. Bu məqsəd ölkənin nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, yeni investisiya layihələrinin həyata keçirilməsi üçün də əlavə imkanlar yaradır.
Prezidentin çıxışında səsləndirdiyi “Biz böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik” fikri Azərbaycanın regional rolunun dəyişən xarakterini ifadə edən mühüm məqamlardan biridir. Azərbaycan coğrafi baxımdan Qafqazda yerləşsə də, siyasi, iqtisadi və nəqliyyat baxımından Mərkəzi Asiya ilə əlaqələri getdikcə daha da dərinləşdirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında tamhüquqlu üzv olması da bu əməkdaşlığın institusional səviyyədə inkişaf etdiyini göstərir.
Bu reallıq Azərbaycanın yalnız enerji resursları ilə deyil, həm də nəqliyyat, rəqəmsallaşma, logistika və gömrük idarəçiliyi sahələrində regional əhəmiyyətini artırır. Mərkəzi Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsi fonunda Azərbaycanın nəqliyyat infrastrukturu yeni imkanların formalaşmasına şərait yaradır. Bu isə ölkənin investisiya potensialının daha geniş coğrafiyada təqdim olunmasına imkan verir.
Azərbaycanın iqtisadi inkişafında qeyri-neft sektorunun genişləndirilməsi də mühüm istiqamətlərdən biridir. Prezident İlham Əliyev çıxışında ÜDM-də qeyri-neft-qaz sektorunun payının 70 faizdən çox olduğunu, lakin ixracda neft və qazın payının hələ də yüksək qaldığını bildirib. Qarşıdakı dövrdə əsas məqsədlərdən biri ixracın şaxələndirilməsi və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsidir.
Bu baxımdan xarici investorların Azərbaycana gətirəcəyi kapital qədər texnologiya, təcrübə və yeni idarəetmə imkanları da əhəmiyyətlidir. Ölkənin müxtəlif sahələrdə beynəlxalq şirkətlərlə əməkdaşlığı yerli insan kapitalının inkişafına, yeni iş yerlərinin yaradılmasına və müasir texnologiyaların tətbiqinə əlavə imkanlar yarada bilər.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi potensialının beynəlxalq biznes dairələrinə təqdim edilməsi baxımından mühüm platforma kimi çıxış edir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın siyasi və iqtisadi sabitliyə, regional bağlantıların genişləndirilməsinə, investisiya mühitinin inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə xüsusi önəm verdiyini göstərir. Azərbaycanın Qafqaz, Mərkəzi Asiya və Avropa arasında formalaşan yeni iqtisadi əlaqələr sistemində fəal iştirakı isə qarşıdakı dövrdə ölkənin investisiya və tranzit imkanlarının daha da genişlənməsi üçün mühüm zəmin yaradır.

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər