Azərbaycanın davamlı iqtisadi inkişafı, əlverişli investisiya mühiti və beynəlxalq tərəfdaşlarla etibarlı əməkdaşlıq münasibətləri ölkəmizin qlobal iqtisadi sistemdə mövqeyini getdikcə möhkəmləndirir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı da Azərbaycanın investisiya imkanlarının genişliyini, iqtisadi potensialını və xarici investorlar üçün yaratdığı əlverişli şəraiti bir daha nümayiş etdirdi.
Dövlət başçısının çıxışında Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaş kimi formalaşan nüfuzuna xüsusi diqqət yetirildi. Bildirildi ki, 30 il əvvəl neft və qaz sektorunun inkişafına təkan verən müqavilələrin şərtlərinə bu günədək toxunulmaması və onların dəyişdirilməməsi investorlar üçün mühüm etimad amilidir. Bu yanaşma Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə sadiqliyini, tərəfdaşlıq münasibətlərinə məsuliyyətlə yanaşdığını və investorlara uzunmüddətli perspektivdə sabit əməkdaşlıq imkanları təqdim etdiyini göstərir.
Prezident İlham Əliyev Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən mühüm üstünlüklər sırasında təhlükəsizlik amilini də qeyd etdi. Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri olması, kriminogen vəziyyətin tam nəzarətdə saxlanılması investorlar üçün əlverişli və etibarlı biznes mühitinin formalaşmasına xidmət edir.
Azərbaycanın investisiya potensialını artıran amillər sırasında ölkənin əlverişli iqlimi, zəngin mətbəxi, qonaqpərvər insanları və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmək imkanları da xüsusi yer tutur. Nisbətən kiçik ərazidə doqquz iqlim qurşağının mövcudluğu ölkənin təbii və turizm potensialının genişliyini nümayiş etdirir. Formula 1 yarışı, ənənəvi UFC turnirləri və digər beynəlxalq tədbirlər isə Azərbaycanın dünyaya açıq, müasir və dinamik ölkə kimi təqdim olunmasına mühüm töhfə verir.
İnvestisiya Forumunun məhz Azərbaycanda keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizə gələn investorlar Azərbaycanın iqtisadi imkanlarını, təhlükəsizlik mühitini, infrastrukturunu və inkişaf perspektivlərini bilavasitə müşahidə etmək imkanı əldə edirlər. Bu isə ölkə haqqında yalnız təqdimatlar vasitəsilə deyil, real təcrübə əsasında fikir formalaşdırmağa şərait yaradır.
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atsa da, neft-qaz sektoru yaxın və orta perspektivdə ölkə iqtisadiyyatına investisiyaların cəlb olunmasında aparıcı sahələrdən biri olaraq qalır. Forum çərçivəsində “Exxon” şirkəti ilə qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə müqavilənin imzalanmasının nəzərdə tutulması da bu istiqamətdə yeni imkanların formalaşdığını göstərir. Kəşfiyyat işlərinin uğurlu nəticələnməsi Azərbaycanda yeni neft-qaz layihələrinin reallaşmasına və hasilatın genişlənməsinə imkan yarada bilər.
Eyni zamanda, “Total” şirkəti ilə Abşeron yatağının işlənilməsinin ikinci mərhələsinə dair müqavilənin imzalanması da ölkənin qaz potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Gözləntilərə əsasən, bu layihə yaxın illərdə Azərbaycanın qaz hasilatına əlavə həcmdə artım gətirə bilər. Bununla yanaşı, neft-qaz sahəsində imzalanan yeni müqavilələr Azərbaycanın enerji sektorunun uzunmüddətli perspektivdə də investisiya üçün əhəmiyyətli istiqamət olaraq qalacağını göstərir.
Azərbaycanın investisiya potensialı yalnız ənənəvi enerji sektoru ilə məhdudlaşmır. Prezident İlham Əliyevin çıxışında elektrik enerjisi sahəsində mövcud imkanlara da xüsusi diqqət yetirildi. Azərbaycanın enerji resurslarına malik olması və bir sıra ölkələrin enerji tələbatını xaricdən, o cümlədən Azərbaycandan təmin etməsi ölkəmizin regional enerji bazarında əhəmiyyətini artırır.
Bu üstünlüklərin rəqəmsal iqtisadiyyatın inkişafına yönəldilməsi isə yeni investisiya imkanları yaradır. Elektrik enerjisinin mövcudluğu və enerji infrastrukturunun inkişafı data mərkəzlərinin yaradılması, rəqəmsal texnologiyaların genişləndirilməsi və süni intellekt sahəsinə investisiyaların artırılması üçün mühüm baza formalaşdırır. Azərbaycanın artıq dünyanın aparıcı şirkətləri ilə bu istiqamətdə fəal danışıqlar aparması gələcəkdə ölkəmizin yeni texnologiyalar və innovasiyalar məkanı kimi mövqeyinin güclənə biləcəyini göstərir.
Azərbaycan etibarlı tərəfdaşlıq, sabitlik, təhlükəsizlik, güclü enerji potensialı və geniş iqtisadi imkanları ilə investorlar üçün yeni perspektivlər formalaşdırır. İnsan kapitalına, infrastruktura, süni intellektə, rəqəmsal texnologiyalara və iqtisadiyyatın digər sahələrinə yönələcək investisiyalar ölkənin inkişafının yeni mərhələsini şərtləndirən əsas amillərdən olacaq. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ölkəmizdə keçirilməsi isə Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə birbaşa təqdim olunması baxımından mühüm platforma kimi çıxış edir.
Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəalı