Azərbaycanın son illərdə qazandığı iqtisadi nailiyyətlər ölkənin qarşısında yeni inkişaf perspektivləri açır. Davamlı iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, yeni investisiyaların cəlb olunması və Azərbaycanın regional iqtisadi əlaqələrdə rolunun daha da gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı da ölkəmizin qarşıdakı dövr üçün iqtisadi prioritetlərini və mövcud imkanlarını aydın şəkildə ortaya qoydu.
Dövlət başçısı qeyd etdi ki, indiyədək görülən işlər gələcək inkişaf üçün mühüm ilkin şərtlər yaradıb. Azərbaycanda sabit iqtisadiyyatın və müstəqil maliyyə sisteminin formalaşdırılması, investisiya mühitinin davamlı olaraq təkmilləşdirilməsi ölkənin beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyalar olması ölkəyə göstərilən beynəlxalq marağın miqyasını nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkilən əsas məqamlardan biri mədənçilik sahəsinin böyük potensialından səmərəli istifadə məsələsi oldu. Dövlət başçısı mədənçiliyi iqtisadiyyatın gələcək inkişafına ciddi töhfə verə biləcək istiqamətlərdən biri kimi qiymətləndirdi və bu sahə ilə bağlı Dövlət Proqramının qəbul edildiyini bildirdi.
Dörd ili əhatə edən proqramın mədənçilik sahəsində çoxsaylı fəaliyyətlərə və yeni layihələrə təkan verməsi nəzərdə tutulur. Bu yanaşma Azərbaycanın təbii sərvətlərinin daha səmərəli şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsinə, sənaye istehsalının genişləndirilməsinə, yeni investisiya imkanlarının yaranmasına və qeyri-neft sektorunun inkişafına xidmət edə bilər. Beləliklə, mədənçilik ölkənin iqtisadi şaxələndirmə siyasətində perspektivli istiqamətlərdən birinə çevrilir.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılsa da, neft-qaz sektorunun ölkə iqtisadiyyatındakı əhəmiyyəti qorunur. Prezident İlham Əliyev vurğuladı ki, neft və qaz iqtisadiyyatda aparıcı rolunu davam etdirəcək və bu sahədən əldə olunan gəlirlər yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək.
Bu yanaşma enerji resurslarından əldə olunan gəlirlərin yalnız cari iqtisadi məqsədlərə deyil, həm də ölkənin gələcək inkişafına xidmət edən layihələrə istiqamətləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, enerji sektorunda imzalanan yeni müqavilələr Azərbaycanın uzunmüddətli enerji potensialının qorunmasına və inkişaf etdirilməsinə şərait yaradır. Forum çərçivəsində “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi üzrə Yekun İnvestisiya Qərarı da daxil olmaqla bir sıra mühüm sənədlərin mübadiləsi bunun nümunəsidir.
Azərbaycanın investisiya cəlbediciliyini artıran əsas amillərdən biri də son illərdə yaradılmış müasir nəqliyyat və logistika infrastrukturudur. Prezident İlham Əliyevin sözlərinə görə, ölkənin dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırılıb.
Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi, ölkə daxilində və bütün qonşularla dəmir yolu əlaqələrinin yaradılması Azərbaycanın tranzit potensialını gücləndirən mühüm amillərdəndir. Bu istiqamətdə görülən işlər Azərbaycanın yalnız daxili nəqliyyat sisteminin inkişafına deyil, eyni zamanda beynəlxalq yükdaşımaların mühüm qovşaqlarından birinə çevrilməsinə xidmət edir.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin strateji əhəmiyyətini daha da artırır. Dövlət başçısı bildirdi ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək hər iki istiqamətdə daşımaların həcmini 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatdırmaqdır.
Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı bir vaxtda Azərbaycanın nəqliyyat-logistika imkanları xüsusi əhəmiyyət qazanır. Bununla yanaşı, ölkənin əlverişli coğrafi mövqeyi ilə yanaşı, fiziki və inzibati mühitin formalaşdırılması da investorların Azərbaycanı seçməsinə imkan yaradan amillərdəndir.
Multimodal daşımaların inkişafı, liman və dəmir yolu imkanlarının genişləndirilməsi, gömrük idarəçiliyinin təkmilləşdirilməsi və rəqəmsallaşma prosesləri Azərbaycanın tranzit potensialını daha da gücləndirir. Bu baxımdan nəqliyyat infrastrukturu artıq yalnız yükdaşımaların həyata keçirilməsi vasitəsi deyil, ölkənin yeni investisiya və iqtisadi əməkdaşlıq imkanlarını genişləndirən strateji resurs kimi çıxış edir.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi inkişaf modeli müxtəlif istiqamətlərin qarşılıqlı tamamlanmasına əsaslanır. Mədənçilik, neft-qaz, bərpaolunan enerji, nəqliyyat-logistika və digər perspektivli sahələrin inkişafı iqtisadiyyatın şaxələndirilməsinə, investisiya imkanlarının genişlənməsinə və yeni iqtisadi dəyərin yaradılmasına xidmət edir.
Beləliklə, Azərbaycan bu gün təkcə təbii ehtiyatları ilə deyil, həm də əlverişli coğrafi mövqeyi, müasir infrastrukturu, enerji potensialı və formalaşdırdığı investisiya mühiti ilə beynəlxalq investorlar üçün geniş imkanlar təqdim edən ölkə kimi mövqeyini daha da möhkəmləndirir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda aparılan müzakirələr və səsləndirilən prioritetlər isə qarşıdakı illərdə bu potensialın konkret layihələrə və yeni iqtisadi imkanlara çevrilməsi üçün mühüm zəmin yaradır.
Səxavət Həsənov
YAP Kəngərli rayon təşkilatının fəalı