PDF Oxu

Siyasət

  • 1 111

Xəzərdən Mərkəzi Asiyaya uzanan yeni iqtisadi imkanlar - ŞƏRH

image

Azərbaycanın son dövrdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərində müşahidə olunan canlanma ölkəmizin iqtisadi imkanlarına yeni istiqamətlər qazandırır. Artıq Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələr yalnız ikitərəfli münasibətlər və siyasi əməkdaşlıqla məhdudlaşmır. Ticarət, nəqliyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahəsində yaranan yeni imkanlar daha geniş iqtisadi məkanın formalaşmasına şərait yaradır. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanın böyük Mərkəzi Asiya regionunun bir hissəsi olduğunu qeyd etməsi də məhz bu dəyişən reallığı ifadə edir.Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşmasında Xəzər dənizinin xüsusi rolu var. Xəzər üzərindən qurulan nəqliyyat əlaqələri Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə Qərb bazarlarına çıxışını asanlaşdırır. Digər tərəfdən, Azərbaycanın liman, dəmir yolu və avtomobil infrastrukturu ölkənin bu prosesdə daha fəal iştirakına imkan verir. Beləliklə, Azərbaycan bir tərəfdən Mərkəzi Asiya ilə Avropa arasında bağlantını gücləndirir, digər tərəfdən isə öz iqtisadi əlaqələrinin coğrafiyasını genişləndirir.Bu prosesdə nəqliyyatın yalnız fiziki infrastrukturu deyil, onun idarə olunması da vacibdir. Müasir dövrdə böyük həcmdə yükün daşınması üçün yolların olması kifayət etmir. Yüklərin vaxtında hərəkəti, sənədləşmənin sürətli aparılması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal sistemlərin geniş tətbiqi də böyük əhəmiyyət daşıyır. Azərbaycanda bu istiqamətdə aparılan işlər ölkənin tranzit imkanlarının daha səmərəli istifadəsinə şərait yarada bilər. Nə qədər sürətli və rahat logistika sistemi qurularsa, beynəlxalq şirkətlərin və investorların bu marşrutlara marağı da bir o qədər arta bilər.Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvü olması da münasibətlərin yeni mərhələsini göstərən mühüm addımlardan biridir. Bu iştirak ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin daha geniş çərçivədə inkişafına imkan yaradır. İqtisadi münasibətlər gücləndikcə yeni birgə layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların genişləndirilməsi üçün əlavə imkanlar meydana çıxır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə son illərdə artan əməkdaşlığı bu baxımdan təsadüfi deyil və qarşılıqlı maraqlara əsaslanır.İnvestisiya baxımından da Azərbaycanın mövqeyi diqqət çəkir. Ölkənin yerləşdiyi coğrafi ərazi, nəqliyyat imkanları və müxtəlif istiqamətlərdə yaradılmış infrastruktur investorlar üçün bir sıra imkanlar formalaşdırır. Burada əsas məsələ xarici kapitalın cəlb olunması ilə yanaşı, həmin investisiyaların uzunmüddətli layihələrə yönəldilməsidir. Nəqliyyat və logistika ilə yanaşı, sənaye, kənd təsərrüfatı, enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi iqtisadiyyatın daha çox istiqamətdə inkişafına kömək edə bilər.Enerji sahəsində əməkdaşlıq da Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin mühüm istiqamətlərindən birini təşkil edir. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində də yeni imkanlar yaranır. Xəzər regionunun külək enerjisi potensialı, günəş enerjisi imkanları və ölkələr arasında elektrik enerjisi bağlantılarının inkişaf etdirilməsi gələcəkdə daha geniş əməkdaşlıq üçün əsas yarada bilər. Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında enerji əlaqələrinin gücləndirilməsi regionun iqtisadi əhəmiyyətini də artırır.Burada Azərbaycanın qarşısında duran əsas məsələ mövcud imkanları uzunmüddətli üstünlüklərə çevirməkdir. Beynəlxalq münasibətlərdə və dünya iqtisadiyyatında dəyişikliklər daim baş verir. Müxtəlif dövrlərdə müəyyən nəqliyyat marşrutlarına maraq arta və ya azala bilər. Lakin güclü infrastruktur, müasir idarəetmə, rəqəmsal sistemlər və aydın biznes qaydaları mövcud olduqda ölkənin iqtisadi cəlbediciliyini qorumaq daha asan olur. Buna görə Azərbaycanın regional rolunun davamlı olması üçün iqtisadi mühitin daim yenilənməsi və yeni tələblərə uyğunlaşdırılması vacibdir.Mərkəzi Asiya ilə artan əməkdaşlıq Azərbaycanın qarşısında daha geniş iqtisadi perspektivlər açır. Bu münasibətlər yalnız yüklərin daşınması və tranzit gəlirləri ilə məhdudlaşmamalıdır. Birgə istehsal layihələri, yeni ticarət imkanları, texnologiya mübadiləsi, enerji əməkdaşlığı və qarşılıqlı investisiyalar əlaqələrin daha dərin iqtisadi əsaslara söykənməsinə imkan verə bilər. Azərbaycan üçün bu proses həm yeni bazarlara çıxış, həm də ölkə daxilində yeni iqtisadi fəallığın yaranması baxımından əhəmiyyətlidir.
Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinə daha geniş prizmadan baxmaq mümkündür. Xəzərin iki sahilini birləşdirən nəqliyyat yolları, artan ticarət əlaqələri, enerji layihələri və investisiya imkanları ortaq iqtisadi maraqların getdikcə gücləndiyini göstərir. Azərbaycanın bu prosesdə fəal iştirakı ölkənin regional mövqeyini daha da möhkəmləndirə bilər. Əsas məqsəd isə yaradılan imkanlardan səmərəli istifadə etməklə Azərbaycanı həm region ölkələri, həm də beynəlxalq investorlar üçün etibarlı və uzunmüddətli əməkdaşlıq məkanına çevirməkdir.

Səkinə Baxışzadə

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər