İkinci Qarabağ müharibəsində Hikmət Mübariz oğlu Nuriyev erməni dığaları ilə son damla qanınadək vuruşaraq 18 yaşında canından artıq sevdiyi Vətən, torpaq yolunda şəhid olur. İndi budur onun göstərdiyi qəhrəmanlıq dillərdə gəzir, qərinələr boyunca da Vətənə sədaqət nümunəsi kimi nəsillərdən- nəsillərə ötürülər. Fəqət, igid Vətən oğlunun ömür yolu çox qısa oldu, amma böyük bir xalqın şərəf, qürur, qeyrət mənbəyinə döndü.
Hikmət Nuriyev 23 fevral 2002-ci ildə Lerik rayonunun Tikəband kəndinə anadan olub. Sonradan ata-anası ilə birgə Bakı şəhəri, Buzovna qəsəbəsinə köçüb. Ailə yurd-yuva qurduğu yeni məkanda öz nəcib, xeyirxah əməlləri hesabına cəmiyyətdə hörmət qazanır, Hikmət də vətənpərvər, yurdsevər, saf insanların əhatəsində yetkinlik yaşına çatır. Həqiqi hərbi xidmətə Qarabağı azad görmək istəyi ilə yola düşür. Taleyinə qaynar nöqtələrdə Vətənin keşiyində durmaq düşür. Hikmət yağı düşmənlə üzbəüz mövqelərdə əsgəri borcunu layiqincə yerinə yetirməklə bərabər, nankor dığaların Azərbaycana qarşı etdikləri vəhşi cinayətlər onu bir an belə rahat buraxmır. Böyük intiqam hissi ilə düşməndən qisas alacağı günə hazırlaşır və 2020-ci il 27 sentyabr tarixində başlayan II Qarabağ müharibəsində Hikmət xalqın igid, vətənpərvər oğlanların sırasında öndə gedən olur.
Qəhrəman Hikmət Füzuli və Tərtər istiqamətində gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Vətəni yolunda vuruşub şəhid olmağı şərəf bilən igid əsgər Tərtər uğrunda şiddətli müharibənin qalib şəhidi kimi adını tarixə yazır. Ana Azərbaycanımızın qeyrət sahibi olan igidimizin baş qoyduğu Buzovna qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı indi adamların and yeridir . Bu müqəddəs yeri ziyarət edənlər bir dünyalıq Vətən sevgisi ilə geri dönürlər. Ölümündən sonra dövlət tərəfindən "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görülən Hikmət indi təkcə öz ailəsinə məxsus deyil, bütün Azərbaycan xalqı onu qəlbində yaşatmaqla özünə əziz bilir .
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü