PDF Oxu

Siyasət

  • 1 113

Bakının investisiya gündəliyi - Azərbaycana artan beynəlxalq inamın ifadəsi - ŞƏRH

image

Azərbaycanın son illərdə qazandığı iqtisadi və siyasi mövqenin mühüm göstəricilərindən biri ölkənin beynəlxalq investisiya gündəliyində getdikcə daha geniş yer tutmasıdır. Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bu baxımdan diqqətçəkən platformaya çevrildi. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə Azərbaycanın gələcək inkişaf perspektivləri, investisiya imkanları, regional bağlantılar və qlobal iqtisadi proseslər ətrafında geniş fikir mübadiləsi aparıldı. Forumun diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevin “Global Infrastructure Partners”in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesinin suallarını cavablandırması oldu. Dövlət başçısı Azərbaycanın qarşıdakı dövrdə inkişafının əsas istiqamətləri sırasında insan kapitalına, infrastruktura, süni intellektə və iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların artırılmasını xüsusi qeyd etdi.

Cənab Prezident bildirib ki,son 20 il ərzində Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb. Bu göstərici Azərbaycanın investisiya mühitinin formalaşmasında əldə etdiyi nəticələrin miqyasını göstərən əsas rəqəmlərdən biridir. Eyni zamanda, dövlət başçısı uzunmüddətli müqavilələrə sadiqliyin və etibarlı tərəfdaşlıq prinsiplərinin investorlar üçün mühüm amil olduğunu vurğuladı. Lakin forumun yadda qalan məqamı yalnız rəqəmlərlə və iqtisadi göstəricilərlə məhdudlaşmadı. Beynəlxalq biznes ictimaiyyətinin tanınmış nümayəndələrindən biri olan Adebayo Oqunlesinin Azərbaycan haqqında səsləndirdiyi fikirlər tədbirin ən çox diqqət çəkən epizodlarından birinə çevrildi.

Oqunlesi Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yoluna diqqət çəkərək ÜDM-in və adambaşına düşən ÜDM-in artmasını, yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını, Azərbaycanın enerji təchizatçısı kimi rolunun güclənməsini, beynəlxalq əlaqələrinin genişlənməsini və qlobal tədbirlərə ev sahibliyini qeyd etdi. Onun fikrincə, bütün bunlar Azərbaycanın keçdiyi böyük inkişaf yolunun göstəriciləridir. Məhz bu kontekstdə Oqunlesi “Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim” ifadəsini səsləndirdi.

Bu ifadə siyasi mövqedən daha çox, onu səsləndirən şəxsin Azərbaycanla bağlı şəxsi müşahidə və qiymətləndirməsi kimi diqqət çəkdi. Çünki söhbətin iştirakçısı Azərbaycan siyasi sisteminin daxilindən deyil, beynəlxalq investisiya və infrastruktur sektorunu təmsil edən bir şəxsdir. Onun fikirlərinin əsasını isə ölkənin iqtisadi inkişafı, enerji potensialı, beynəlxalq tərəfdaşlıqları və son illərdə əldə etdiyi nəticələr barədə müşahidələri təşkil edirdi. Əslində, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajlarından biri də məhz bu müstəvidə görünür: Azərbaycan özünü yalnız sərmayə cəlb edən ölkə kimi deyil, həm də regional bağlantıların, enerji təhlükəsizliyinin və yeni iqtisadi əməkdaşlıq imkanlarının mühüm iştirakçısı kimi təqdim edir.

Cənab Prezident İlham Əliyevin forumdakı çıxışında xüsusilə diqqət çəkən məqamlardan biri də investorların Azərbaycanı yalnız təqdimatlar əsasında deyil, ölkəni yerində görərək və müxtəlif insanlarla ünsiyyət quraraq qiymətləndirməsinin vacibliyini vurğulaması idi. Bu yanaşma ölkənin investisiya potensialının təqdimatında şəffaf müşahidənin əhəmiyyətini ön plana çıxarır. Azərbaycanın qarşısında duran növbəti mərhələ isə əldə olunmuş iqtisadi potensialı yeni inkişaf istiqamətlərinə çevirməkdir. İnsan kapitalı, müasir infrastruktur, rəqəmsal texnologiyalar, süni intellekt, enerji və qeyri-neft sektorunun inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu göstərdi ki, Azərbaycanın iqtisadi inkişaf gündəliyi artıq yalnız ölkədaxili məsələ deyil. Bakı müxtəlif qlobal investorların, maliyyə institutlarının və beynəlxalq biznes dairələrinin diqqətində olan bir məkana çevrilməkdədir.

Adebayo Oqunlesinin səsləndirdiyi həmin ifadə də məhz bu geniş müzakirənin yadda qalan epizodlarından biri kimi tarixə düşdü. İfadənin siyasi qiymətləndirmə hissəsi onun özünə məxsus olsa da, həmin sözlərin səsləndirildiyi beynəlxalq investisiya platforması Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolunun xarici biznes dairələrinin diqqətində olduğunu bir daha nümayiş etdirdi.

Bu baxımdan Bakıdakı forum yalnız investisiya müzakirələrinin aparıldığı tədbir deyil, Azərbaycanın gələcək iqtisadi inkişaf istiqamətlərinin beynəlxalq auditoriyaya təqdim edildiyi mühüm platforma kimi də yadda qaldı.

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər