Müstəqilliyinin ilk illərində ciddi böhranlarla üzləşən Azərbaycanın bu gün qazandığı hər bir uğur Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin məntiqi nəticəsidir. Ölkəmizin və xalqımızın taleyində elə dönüş nöqtələri var ki, onların tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. 1993-cü il oktyabrın 3-ü məhz belə taleyüklü günlərdəndir.
Həmin gün keçirilən prezident seçkilərində xalqımız yekdilliklə gələcək inkişafını, tərəqqisini və xilasını təmin edəcək tarixi seçimini etdi. Xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev oktyabrın 10-da təşkil olunan andiçmə mərasimindəki nitqində bildirmişdi:"Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".
Ulu Öndər öz andına sadiq qalaraq ölkəni fəlakətlərdən qurtardı və müasir Azərbaycan dövlətçiliyinin möhkəm bünövrəsini qoydu.İlk növbədə, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas edilərək tam sabitlik təmin olundu. İctimai-siyasi sabitliklə yanaşı, nizami Milli Ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı və ərazi bütövlüyünün qorunması üçün kompleks tedbirlər həyata keçirildi. Paralel olaraq, beynəlxalq müstəvidə fəal diplomatiya yürüdüldü, təzəcə müstəqillik qazanmış Azərbaycanın varlığı dünya miqyasında təsdiqləndi və ölkəmizin geosiyasi mövqeləri əhəmiyyətli dərəcədə möhkəmləndirildi.
Dövlət quruculuğu prosesində milli ideologiyanın formalaşdırılması xüsusi yer tuturdu. Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası yalnız ölkə daxilindəki vətəndaşları deyil, dünya azərbaycanlılarını vahid məfkurə ətrafında birləşdirdi. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsində tarixi mərhələ oldu.Bu həmrəyliyin bəhrəsini 44 günlük İkinci Qarabağ müharibəsində aydın gördük. 30 illik həsrətə son qoyulduqdan sonra Qarabağın tacı olan Şuşada təşkil edilən Zəfər qurultayı milli birliyimizin növbəti möhtəşəm nümayişinə çevrildi.
1993-cü ildə başlanan uğurlu yolun davamlılığı Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti ilə təmin olundu. Həmin ildən etibarən Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini böyük sədaqətlə davam etdirərək verdiyi bütün vədləri gerçəkliyə çevirdi.
Sentyabrın 19-da həyata keçirilən 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində ölkəmizin hər bir nöqtəsində suverenliyimiz tam təmin olundu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda vüsət alan Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın öz baba yurdlarına, o cümlədən Xankəndiyə dönüşü qürurla izlənilir.
1993-cü il 3 oktyabr seçkilərində xalqın etimad göstərdiyi siyasi kurs bu gün Azərbaycanı ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, öz sözü ilə imzası eyni dəyərə malik olan qüdrətli bir dövlətə çevirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etdisə, onun layiqli davamçısı Prezident İlham Əliyev bu müstəqilliyi tam suverenliklə taclandırdı və Azərbaycanı ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, öz sözü ilə imzası eyni dəyərə malik olan qüdrətli bir dövlətə çevirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etdisə, onun layiqli davamçısı Prezident İlham Əliyev bu müstəqilliyi tam suverenliklə taclandırdı. Bu gün azad olunmuş torpaqlarımızda yenidən alovlanan həyat, sürətlə aparılan quruculuq işləri və Böyük Qayıdışın təntənəsi bir daha sübut edir ki, əsası illər əvvəl qoyulmuş bu möhkəm dövlətçilik bünövrəsi ölkəmizi hər zaman yeni zəfərlərə və daha parlaq gələcəyə doğru inamla aparacaqdır.
Yusif Abbasov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı