PDF Oxu

Siyasət

  • 865

Zəfərə gedən yol və tarixi ədalətin bərpası - ŞƏRH

image

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Erməni qəsbkarları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıtmış, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoymuş, ekoloji terror törətməklə vandalizm aktları həyata keçirmişdilər. 1050 kvadratkilometrlik ərazini əhatə edən rayonda mövcud olmuş məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları işğal zamanı vəhşicəsinə dağıdılıb.
Rayon ərazisində yerləşən mədəni-tarixi abidələrimizə qarşı həqiqi mədəni genosid həyata keçirilmiş, “Divlər Sarayı” mağarası, kurqanlar, Mazannənə və Mərmər nənə məqbərələri, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi və dahi memarlıq nümunələri ya məhv edilmiş, ya da ağır dağıntıya məruz qalmışdı.
Möhtəşəm 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi. Bu döyüşlərdəki qalibiyyət Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlərin qayıtmasına imkan verdi və gələcək Böyük Zəfərin mənəvi-strateji təməli qoyuldu.
2020-ci ilin payızı təqvimimizə elə tarixi günlər yazdı ki, bu günlərin hər biri xalqımızın taleyində böyük rol oynadı, qəlbimizdə illərin arzusunu cücərtdi. Həmin dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşadı. Xalqımız uzun illərdir bu günlərin həsrətində idi. Bu tarixi zəfər son 30 ildə təqvimimizi zəbt etmiş acılı, qaralı günləri silib atdı, zədələnmiş milli qürurumuzu dirçəltdi, həsrətində olduğumuz o torpaqlarımızda dalğalanan bayrağımıza baxmaq üçün başımızı uca, alnımızı açıq etdi.
Vətən müharibəsi qələbələri sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. 2020-ci il sentyabrın 27-də başlamış müharibənin ilk günlərində cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun əsas müdafiə xətləri yarıldı, xeyli canlı qüvvəsi və texnikası məhv edildi.
4 oktyabr 2020-ci il Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gün kimi tarixə düşdü. Ali Baş Komandan İlham Əliyevin həmin gün Cəbrayıl şəhəri ilə yanaşı Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndlərinin azad olunması xəbərini verməsi cəbrayıllıların 27 illik yurd həsrətinə son qoydu.
Cəbrayıl əməliyyatının ardınca qədim Xudafərin körpüsü azad edildi və Azərbaycan-İran dövlət sərhədinə nəzarət tam bərpa olundu. Cəbrayılın azad edilməsi ordumuzun Zəngilan, Qubadlı və Laçın koridoru istiqamətində uğurlu irəliləyişini təmin etdi.
I Qarabağ müharibəsində Cəbrayıldan 362 nəfər şəhid, 191 nəfər əlil olmuş, 6 sakin Milli Qəhrəman adına layiq görülmüşdü. 2020-ci il Vətən müharibəsində də cəbrayıllılar və ordumuzun minlərlə igid nəfəri qəhrəmanlıq dastanı yazdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cəbrayılın azad olunmasında rəşadət göstərmiş minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Müzəffər Ali Baş Komandanın "Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!” müjdəsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Dövlət başçısının Sərəncamı ilə 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi təsbit edilmişdir. Bu gün Cəbrayıl təkcə qələbə rəmzi deyil, həm də "Böyük Qayıdış"ın parlaq nümunəsidir. Yenidən qurulan şəhər və kəndləri, fəaliyyətə başlayan "Araz Vadisi İqtisadi Zonası", çəkilən müasir magistral yollar və öz doğma ocaqlarına qayıdan sakinləri ilə Cəbrayıl bu gün tamamilə yeni, abad və işıqlı dövrünü yaşayır.

Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər