PDF Oxu

Siyasət

  • 741

BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

image

Bakı Təşəbbüs Qrupu (BTQ) Franetirazlarla sada lisey şagirdləri və gənclərin davam edən ümummilli səfərbərliyini, habelə etirazçıların ağır xəsarətlər almasını, çoxsaylı saxlanılma halları və təhlükəli xüsusi vasitələrin tətbiqi ilə bağlı məlumatları ciddi narahatlıqla izləyir və bununla bağlı bəyanat yayıb. SİA BTQ-nin bəyanatını təqdim edir:

"Kretey şəhərində başlayan və sonradan bütün Fransa ərazisinə yayılan hərəkat ilkin olaraq keyfiyyətli təhsil hüququ ilə bilavasitə bağlı problemlər: müəllim və digər təhsil işçilərinin çatışmazlığı, məktəb infrastrukturunun yararsız vəziyyəti, həddindən artıq dərs yükü və ali təhsil müəssisələrinə qəbul sisteminin ayrı-ayrı aspektlərindən narazılıq fonunda meydana çıxıb. Sonradan bu narazılıqlar lisey və universitet tələbələrinin, müəllimlərin, valideynlərin və həmkarlar ittifaqlarının iştirakı ilə ümummilli gənclər hərəkatına çevrilib.

Hadisələrin miqyası xüsusi diqqət tələb edir. Oktyabrın 8-nə olan məlumata görə, Fransanın daxili işlər naziri 6 600-dən çox şəxsin saxlanıldığını, 215 şagirdin və 89 təhsil işçisinin xəsarət aldığını bildirib.

Xüsusilə narahatedici məqamlardan biri azyaşlıların ağır xəsarətlər alması ilə bağlı hallardır. Lens şəhərində 15 yaşlı şagird etirazlar zamanı tətbiq olunan səs qumbarasının partlaması nəticəsində əlini itirib.

BTQ hesab edir ki, təhsil hüququ, ifadə və dinc toplaşmaq azadlığı, eləcə də uşaqların və gənclərin zərurətsiz və ya qeyri-mütənasib güc tətbiqindən müdafiəsi universal prinsiplərdir və bu prinsiplərə selektiv yanaşma və ikili standartlar olmadan riayət edilməlidir.

Keyfiyyətli təhsilə çıxış, eyni zamanda, həqiqi dekolonizasiya prosesinin əsas sütunlarından biridir. Təhsil struktur bərabərsizliklərini aradan qaldırmağa, öz kimliyini qorumağa, dayanıqlı və özünəyetərli institutlar qurmağa imkan verir.

BTQ Fransa hakimiyyətini nümayişlər zamanı hüquq-mühafizə tədbirlərinin zərurilik, mütənasiblik və hesabatlılıq prinsiplərinə ciddi şəkildə uyğun həyata keçirilməsini təmin etməyə; azyaşlıların və gənclərin öz fikirlərini dinc şəkildə ifadə etmək və toplaşmaq hüquqlarına təminat verməyə; ağır xəsarətlərlə nəticələnən halların səmərəli araşdırılmasını təmin etməyə; şagirdlər, müəllimlər və onların nümayəndə təşkilatları ilə substantiv dialoq aparmağa çağırır.

Fransa insan hüquqlarının, demokratik azadlıqların və insan ləyaqətinin qorunmasını daxili və xarici siyasətinin fundamental prinsipləri kimi müdafiə etdiyini iddia edir. Bu prinsiplərin ardıcıl tətbiqi ilk növbədə ölkə daxilindən başlamalıdır. İnsan hüquqları selektiv şəkildə müdafiə oluna bilməz və səsini eşitdirməyə çalışan gənclərə ilk növbədə təhlükəsizlik problemi kimi deyil, hüquq daşıyıcıları kimi yanaşılmalıdır.

Bakı Təşəbbüs Qrupu hadisələrin inkişafını yaxından izləməkdə davam edəcək və dialoqa, təmkinə, habelə fundamental hüquqlara tam hörmət göstərilməsinə çağırır".