PDF Oxu

Siyasət

  • 784

Ləyaqətli diplomatiya, müəyyən edilmiş sərhədlər və strateji təmkin - ŞƏRH

image

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız onların ərazisi, əhalisinin sayı və ya təbii sərvətləri ilə ölçülmür. Böyük güclərin rəqabət meydanına çevrilmiş, ziddiyyətli və tez-tez qaydaların pozulduğu dünyada bir dövlətin ən böyük strateji aktivi onun etibarlılığı, siyasi iradəsi və prinsipial xarici siyasət kursudur. Bu gün Azərbaycan Respublikası məhz belə bir müstəqil, prinsipial və ləyaqətli siyasət yürüdərək beynəlxalq aləmdə özünəməxsus nüfuzlu mövqe qazanmışdır. Böyük coğrafi miqyaslara malik olmamağımıza baxmayaraq, ölkəmizin sözü qlobal siyasi platformalarda ciddi çəkiyə və hüquqi dəyərə malikdir.

Azərbaycanın xarici siyasətinin ana xəttini dürüstlük, proqnozlaşdırılan olmaq və milli ləyaqət prinsipləri təşkil edir. Dövlətimiz heç bir ölkəyə qarşı ikibaşlı oyunlar oynamamış, riyakarlıq və ikiüzlülük nümayiş etdirməmişdir. Çox vaxt beynəlxalq münasibətlərdə ikili standartlarla, ədalətsiz yanaşmalarla və vəd olunub yerinə yetirilməyən öhdəliklərlə üzləşməyimizə baxmayaraq, Azərbaycan öz prinsiplərinə hər zaman sadiq qalmışdır. Bizim siyasi kursumuzda daxili və xarici auditoriya üçün fərqli tezislər yoxdur. Məhz bu səbəbdən dünya birliyində hər kəs yaxşı bilir ki, Azərbaycanın sözü onun imzası qədər dəyərlidir və ölkəmiz götürdüyü hər bir öhdəliyin arxasında qətiyyətlə durur.

Bu etibarlılıq və prinsipiallıq nəticəsində Azərbaycan qlobal geostrateji xəritədə nadir bir balansa nail olmuşdur. Ölkəmiz Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında bəyanat və müqavilələrə malikdir. Bundan əlavə, son dövrlərdə baş vermiş iki tarixi hadisə Azərbaycanın diplomatiyası tarixində yeni bir səhifə açmışdır. Dünya siyasətinin iki əsas supergücü olan Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya, Çin Xalq Respublikası ilə isə Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Aralarında kəskin geostrateji rəqabətin getdiyi bu iki nəhəng dövlətin hər biri ilə eyni vaxtda strateji tərəfdaşlıq formatına malik olmaq Azərbaycan diplomatiyasının fenomenal uğurudur.

Bəs bu nəhəng dövlətləri Azərbaycanla belə üstün formatda əməkdaşlığa sövq edən nədir? Şübhəsiz ki, bunun başlıca səbəbi dövlətimizə, onun rəhbərliyinin sözünə və strateji uzaqgörənliyinə olan beynəlxalq inamdır. Beynəlxalq münasibətlər sistemində qaydaların pozulduğu, hüququn gücünün deyil, gücün hüququnun üstünlük təşkil etdiyi bir şəraitdə dürüst və ləyaqətli strateji tərəfdaş olmaq ən böyük dəyərə çevrilir. Azərbaycan həm Qərb, həm də Şərq qütbü ilə münasibətlərini milli maraqlar çərçivəsində, heç bir üçüncü tərəfin əleyhinə olmadan, qarşılıqlı hörmət və fayda əsasında qurmağı bacarmışdır.

Lakin xarici siyasətdəki bu böyük diplomatik uğurlar təkcə masa arxasında əldə edilməyib. Onların arxasında duran əsas amil Azərbaycanın hərbi-strateji qüdrəti, iqtisadi müstəqilliyi və parlaq hərbi Zəfəridir. BMT Təhlükəsizlik Şurasının 30 il boyunca kağız üzərində qalmış qətnamələrini Azərbaycan dövləti və onun Müzəffər Ordusu təkbaşına icra etdi. Ölkəmiz düşməni döyüş meydanında ağır məğlubiyyətə uğradaraq öz şərtlərini diktə etdi və onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu, müasir dünya tarixində az-az rast gəlinən tam və qətiyyətli hərbi-siyasi qələbə nümunəsidir.

Bu tarixi Zəfərin ən mühüm və dərin tərəfi isə hərbi gücün tətbiqi zamanı nümayiş etdirilən strateji təmkin və uzaqgörənlikdir. Otuz il boyunca xalqımıza vurulan mənəvi və maddi zərbələrə, işğal olunan torpaqlara, dağıdılan şəhərlərə baxmayaraq, Azərbaycan dövləti siyasətdə emosiyalara yer vermədi. Əgər qərarlar emosiyalarla verilsəydi, hərbi zəfərin ardınca tamamilə fərqli miqyasda addımlar atıla bilərdi. Lakin dövlət rəhbərliyinin soyuqqanlılığı, strateji təfəkkürü və xalqın gələcək təhlükəsizlik maraqlarını üstün tutması sayəsində Azərbaycan lazımi vaxtda dayanmağı bacardı.

İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərində hərbi əməliyyatların tam məqsədə çatdığı anda dayandırılması böyük siyasi müdriklik idi. Qan tökülməsinin qarşısını almaq, regiona davamlı sülh gətirmək və hərbi uğuru hüquqi-siyasi müstəvilərdə möhkəmləndirmək Azərbaycanın əsas strateji seçimi oldu. Çünki Azərbaycan üçün müharibə özlüyündə məqsəd deyil, ədalətin və suverenliyin bərpası üçün məcburi bir vasitə idi. Lazımi nəticə əldə olunduqdan sonra əbədi müharibə bataqlığına yuvarlanmamaq dövlətimizin ali maraqlarına tam cavab verirdi.

Bütün bu təcrübələr göstərir ki, güc yalnız hücum etmək və ya qalib gəlmək bacarığı deyil. Həqiqi güc — nə vaxt vuruşacağını, şərtləri necə diktə edəcəyini və ən əsası, nə vaxt dayanmalı olduğunu bilməkdir. Bu gün Azərbaycan məhz bu strateji balansı qoruyaraq həm regional liderliyini saxlayır, həm də qlobal müstəvidə söz sahibi kimi çıxış edir. Güclü Ordu, praqmatik xarici siyasət, milli birlik və ləyaqətli siyasət ilkesi Azərbaycan dövlətinin əbədi müstəqilliyinin və təhlükəsizliyinin sarsılmaz zəmanətidir.

Arzu Kazımlı

YAP Odubad rayon təşkilatının fəalı

Digər xəbərlər