PDF Oxu

Siyasət

  • 793

Elmi, ideoloji məsələlər: yeni dövrün çağırışları - ŞƏRH

image

Oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisə olmaqla yanaşı, yeni dövrün əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev proqram xarakterli nitqində partiyanın fəaliyyətinə, ölkəmizin həyatında baş verən mühüm dəyişikliklərə və əldə olunan nəticələrə nəzər salaraq qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb. VII Qurultaydan ötən dövr ölkəmizin və xalqımızın həyatında mühüm tarixi hadisələr və əlamətdar nailiyyətlərlə yadda qalmışdır. Bu dönəmdə Azərbaycan öz suverenliyini tam bərpa etmiş, siyasi-iqtisadi və hərbi qüdrətini daha da artırmış, yeni sülh gündəliyi formalaşdırmışdır. Ermənistanla sülh müqaviləsinin mətninin paraflanması regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mühüm mərhələ olmuş, ölkəmizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da möhkəmlənmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi YAP-ın fəaliyyətində də aydın şəkildə özünü göstərir. Bu gün Yeni Azərbaycan Partiyası nüfuzlu siyasi təşkilat kimi cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirir, qarşıya qoyulan vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinə töhfə verir. 1992-cü il noyabrın 21-də təsis edilmiş YAP-ın bu günə qədər keçdiyi şərəfli yol isə partiyanın Ulu Öndərin ideyalarına sadiqliyini, dövlətçilik prinsiplərinə bağlılığını və milli maraqları əsas götürərək ölkənin inkişafına xidmət edən siyasi qüvvə kimi mövqeyini təsdiqləyir.
Prezident İlham Əliyev, həmçinin regionda və dünyada cərəyan edən siyasi prosesləri ətraflı təhlil edib. Yeni mərhələdə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, ideoloji təxribatların qarşısının vaxtında alınması, regionda davamlı sülhün təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi, dayanıqlı iqtisadiyyatın formalaşdırılması, insan kapitalının inkişafı, sosial rifahın daha da yüksəldilməsi və gənclər üçün yeni imkanların yaradılması prioritetlər sırasında xüsusi yer tutur.
Dövlətimizin başçısının irəli sürdüyü əsas vəzifələrdən biri “Biz güclü olmalıyıq” tezisində ifadə olunur. Müharibə başa çatıb, düşmən kapitulyasiya aktını imzalayıb. Lakin davamlı sülh hələ tam təmin edilməyib, müxtəlif təxribat meyilləri qalmaqdadır. Yaşadığımız iki əsrlik tarix də göstərir ki, milli təhlükəsizliyin və dövlət müstəqilliyinin etibarlı təminatı üçün hər zaman güclü olmalıyıq. Nə qədər ki, dünyada və regionda sabitlik tam bərqərar olmayıb, Azərbaycanın təbii sərvətlərinə, zəngin iqtisadi və logistika imkanlarına maraq göstərən qüvvələr mövcuddur, milli dəyərlərə və dövlətçilik prinsiplərinə qarşı müxtəlif ideoloji təsirlər davam edir. Azərbaycan heç bir qüvvəyə arxayın olmadan, milli maraqları əsas götürərək dövlət təhlükəsizliyini və xalqın gələcəyini təmin edir. Ədalət və təhlükəsizlik məsələlərində ilk növbədə öz gücümüzə güvənməli, dövlətin müdafiə qabiliyyəti daim yüksək səviyyədə olmalıdır. Bu baxımdan ölkəmizin hərbi qüdrətinin artırılması qarşıdakı dövrün əsas prioritetlərindəndir. Ordumuzun maddi-texniki bazasının daha da gücləndirilməsi fonunda hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır.
Eyni zamanda, müasir dövrdə təhlükəsizlik yalnız hərbi güclə məhdudlaşmır. Biz siyasi təxribatlarla da üz-üzəyik, belə təsirlərin vaxtında qarşısının alınması üçün hazırlıqlı, təhsilli və bilikli olmalı, texnoloji yenilikləri, o cümlədən süni intellektin imkanlarını yaxından izləməliyik. Sosial şəbəkələrdə və elektron informasiya resurslarında baş verən proseslərə çevik reaksiya vermək, informasiya təhlükəsizliyini gücləndirmək və adekvat mexanizmlər formalaşdırmaq da qarşıda duran vəzifələr sırasındadır. Bütün bunların təməlində isə milli birlik amili dayanır. Biz birlikdə olmalı, müqəddəs Vətənin, torpağın və bayrağın hər birimizin, bütövlükdə isə xalqımızın şərəfi olduğu düşüncəsi ilə hərəkət etməliyik. Məhz milli həmrəylik, dövlətçilik düşüncəsi və güclü iradə qarşıdakı çağırışların öhdəsindən gəlməyin əsas şərtlərindəndir.
Bundan sonra da Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməli, milli maraqların müdafiəsi naminə həmrəyliyimizi daim qorumalıyıq. Ötən tarixi təcrübə göstərdi ki, həm 30 illik işğal dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonrakı proseslərdə Azərbaycanın taleyini, ilk növbədə, öz gücünə və milli iradəsinə söykənən siyasəti müəyyənləşdirib. Ölkə rəhbəri bu məsələlərə qurultaydakı çıxışında münasibət bildirərək tarixi reallıqları vurğulayıb. Tarixi Zəfəri şərtləndirən əsas amillər sırasında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət, peşəkar ordu və xalqımızın həmrəyliyi dayanır. Məhz bu amillərin vəhdəti Azərbaycanın qarşısında yeni imkanlar açaraq dövlət müstəqilliyinin, suverenliyin və təhlükəsizliyin etibarlı təminatı üçün möhkəm zəmin yaradıb.
Prezident İlham Əliyev qurultaydakı çıxışında qarşıdakı il üçün sosial istiqamətdə həyata keçiriləcək tədbirlərin genişləndiriləcəyini diqqətə çatdırıb. Əməkhaqlarının, pensiyaların, və müavinətlərin artırılması əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasının genişləndirilməsi qarşıdakı dövrün əsas istiqamətləri sırasında olacaqdır.
İnanırıq ki, yeni dövrdə də dövlətimiz tərəfindən müəyyənləşdirilən prioritetlərin ardıcıl həyata keçirilməsi üçün bütün imkanlar səfərbər olunacaq. Qarşıda duran vəzifələrin reallaşdırılmasında xalqımızın birliyi, həmrəyliyi və dövlətçilik iradəsi əsas dayaq olacaqdır.
Bu gün Azərbaycanın beynəlxalq müstəvidə qazandığı mövqe, iqtisadi imkanları, hərbi gücü və siyasi çəkisi qarşıya yeni hədəflər qoyur. Postmüharibə dövründə əsas məsələ əldə edilmiş nəticələrin qorunması, davamlı sülhün möhkəmləndirilməsi, azad edilmiş ərazilərdə yeni həyatın qurulması və dövlətin uzunmüddətli inkişafının təmin edilməsidir. Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı məhz bu baxımdan yalnız ötən dövrə verilən siyasi qiymət deyil, həm də gələcəyə baxışdır. Dövlət başçısının çıxışında YAP-ın keçdiyi şərəfli yol, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, Azərbaycanın qazandığı tarixi Zəfərlər, suverenliyin tam bərpası və yeni təhlükəsizlik çağırışları vahid məntiqi xətt üzrə təqdim olunur.
Azərbaycanın son onilliklərdə keçdiyi yol dövlətçilikdə ardıcıllıq, milli həmrəylik və strateji məqsədlərə sadiqliyin tarixi nəticələrin əsas şərtlərindən olduğunu bir daha nümayiş etdirir. Yeni mərhələdə də bu amillərin qorunması ölkənin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün əsas dayaqlardan biri olacaqdır. VIII Qurultayın əsas mesajlarından biri də əldə edilmiş Zəfərlərin qorunması, dövlətin gücünün daha da artırılması və Azərbaycanın qarşısında açılan yeni imkanlardan milli maraqlar naminə səmərəli istifadə edilməsidir.
Əmin edirəm ki, AMEA Lənkəran Regional Elmi Mərkəzi Sizin müəyyən etdiyiniz strateji inkişaf kursuna bundan sonra da layiqincə dəstək verəcək, dövlətçilik və milli maraqlarımızın qorunması istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəkdir.
Cəmil Quliyev
Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, direktor vəzifəsini müvəqqəti icra edən, YAP üzvü

Digər xəbərlər