Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Bu, dövlət başçımızın bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir.
Son illər Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər keyfiyyətcə yeni, strateji səviyyəyə yüksəlmişdir. Region ölkələrinin artan geosiyasi çəkisi və birgə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycan-Mərkəzi Asiya coğrafiyasını Avrasiyanın vacib güc mərkəzlərindən birinə çevirir.Məhz bu dinamik əlaqələrin mühüm tərkib hissəsi kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv seçilməsi ölkəmizin yüksələn beynəlxalq nüfuzunun və regional proseslərdəki fəal rolunun bariz göstəricisidir. Dövlət başçısının da qeyd etdiyi kimi, bu tarixi qərarın yekdilliklə qəbul olunması Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan dərin etimadın və ortaq məqsədlərin təzahürüdür. Bu addım coğrafi yaxınlığı siyasi, iqtisadi və strateji tərəfdaşlıq müstəvisində daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin çıxışında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xüsusi vurğulandı. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması və ölkəmizdə bu regionun kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əlaqələrin real iqtisadi dayaqlar üstündə qurulduğunu göstərir. Dövlət başçısı qarşılıqlı ticarətin həcmini artırmaqla yanaşı, birgə investisiya layihələrinin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və xarici bazarlara birgə çıxış kimi mühüm hədəfləri də əməkdaşlığın gələcək xəritəsi kimi müəyyənləşdirdi.
Münasibətlərin vacib dayaqlarından biri də nəqliyyat-loqistika sahəsidir. Orta Dəhlizlə daşınan yüklərin həcminin artması Azərbaycanın Avrasiya məkanında etibarlı tranzit mərkəzi kimi rolunu şərtləndirir. Xəzərdə nəqliyyat infrastrukturunun genişlənməsi, dəniz limanları və dəmir yollarının imkanlarının artırılması, eyni zamanda rəqəmsal şəbəkələrin qurulması bütün regionun beynəlxalq bazarlara inteqrasiyasına xidmət edir.
Enerji sektorundakı tərəfdaşlıq, o cümlədən Mərkəzi Asiyanın karbohidrogen resurslarının Azərbaycan marşrutu ilə nəqlinin genişlənməsi ölkəmizin strateji mövqeyini möhkəmləndirir. Yaşıl enerji dəhlizlərinin formalaşdırılması üzrə görülən tədbirlər isə bu tərəfdaşlığın gələcək vizyonunu aydın nümayiş etdirir.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər yalnız siyasi və iqtisadi müstəvi ilə məhdudlaşmır, həm də dərin mənəvi və qardaşlıq tellərinə söykənir. Bunun ən bariz göstəricisi işğaldan azad edilmiş ərazilərimizin bərpasında qardaş ölkələrin yaxından və fəal iştirakıdır.
Özbəkistan tərəfindən Füzuli şəhərində inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstanın Füzulidə uşaqlar üçün hədiyyə etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan tərəfindən Ağdamın Xıdırlı kəndində inşa olunan Manas adına məktəb bu sarsılmaz həmrəyliyin rəmzidir. Bərpa prosesinə verilən bu yüksək töhfələr, təkcə azad olunmuş torpaqlara həyatın qayıtmasına dəstək deyil, həm də gələcək nəsillərin ortaq tarixi və mədəni dəyərlər ruhunda yetişməsinə xidmət edən unudulmaz dostluq töhfələridir.
Türkmənbaşı zirvə toplantısı yalnız səmərəli müzakirələrlə deyil, həm də regionun gələcək inkişaf xəritəsini müəyyən edən hüquqi sənədlərin imzalanması ilə yaddada qaldı.
Görüşün yekunu olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emomali Rəhmon tərəfindən Birgə Bəyanat imzalandı.
Bununla yanaşı, sammit çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının və Azərbaycan Respublikasının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar da qəbul edildi. Bu tarixi sənədlər Azərbaycanın sözügedən regional formata tamhüquqlu inteqrasiyasını hüquqi müstəvidə təsbit edir, tərəflər arasında siyasi dialoqun, nəqliyyat-loqistika bağlantılarının və iqtisadi tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri