2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Görüş çərçivəsində imzalanan sənədlər region ölkələri arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak ediblər. Görüş Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatında tamhüquqlu iştirakının davamı kimi xüsusi əhəmiyyət kəsb edir
İmzalanan sənədlər əməkdaşlığın hüquqi və siyasi əsaslarını möhkəmləndirir
Görüşün mühüm nəticələrindən biri dövlət başçıları tərəfindən iki sənədin imzalanması olub. Bunlar “Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünün normativ sənədləri haqqında Qərar” sənədləridir.
Birgə Bəyanat region ölkələrinin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, regional təhlükəsizliyin qorunması və davamlı inkişafın təmin olunması istiqamətində ortaq mövqelərini ifadə edir. Sənəddə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına hörmət prinsiplərinin əhəmiyyəti də vurğulanır.
Bu sənədlərin imzalanması ölkələr arasında əməkdaşlığın yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, onun təşkilati əsaslarının və qarşılıqlı fəaliyyət mexanizmlərinin də inkişaf etdirildiyini göstərir. Belə bir yanaşma regionda etimadın möhkəmlənməsinə, ortaq maraqların müəyyənləşdirilməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə şərait yaradır.
Prezident İlham Əliyevin görüşdəki çıxışında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Dövlət başçısının qeyd etdiyi kimi, son illərdə qarşılıqlı ticarət, investisiya qoyuluşları və birgə layihələr üzrə əməkdaşlıq inkişaf edir.
Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması bu əməkdaşlığın konkret istiqamətlərindən biridir. Bu fondların imkanlarından daha fəal istifadə edilməsi, yeni istehsal müəssisələrinin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi və məhsulların xarici bazarlara birgə çıxarılması qarşıda duran əsas vəzifələrdəndir. Prezident İlham Əliyev çıxışında ölkələrin yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, eyni zamanda birlikdə investisiya yatırmalı, istehsal etməli və beynəlxalq bazarlarda birgə fəaliyyət göstərməli olduqlarını vurğulayıb.
İmzalanan sənədlərdə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, biznes subyektləri arasında birbaşa təmasların artırılması, birgə müəssisələrin yaradılmasının dəstəklənməsi və biznes forumlarının keçirilməsi kimi istiqamətlərin əhəmiyyəti də öz əksini tapır.
Bu əməkdaşlıq modeli ölkələr üçün yeni iqtisadi imkanlar yarada, istehsal sahələrinin inkişafına, ixrac potensialının artmasına və qarşılıqlı investisiyaların genişlənməsinə töhfə verə bilər.
Məşvərət görüşündə diqqət yetirilən əsas məsələlərdən biri nəqliyyat-logistika əlaqələrinin inkişafıdır. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Dəniz limanlarının, dəmir yollarının, avtomobil yollarının və digər nəqliyyat infrastrukturunun inkişafı regionun beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir.
Prezident İlham Əliyev çıxışında Orta Dəhlizin əhəmiyyətini xüsusi qeyd edib. Bu marşrutun inkişafı Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi, tranzit imkanlarının artırılması və regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni perspektivlər açır. Rəqəmsal İpək Yolu layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində aparılan işlər də ölkələr arasında rəqəmsal bağlantıların gücləndirilməsinə xidmət edir.
Enerji sahəsində əməkdaşlıq da görüşün mühüm istiqamətlərindəndir. Azərbaycan Mərkəzi Asiyada istehsal olunan enerji resurslarının dünya bazarlarına çatdırılmasında tranzit ölkə kimi iştirak edir. Xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və elektrik enerjisinin Avropaya ixracı baxımından əhəmiyyətlidir.
İmzalanmış Birgə Bəyanatda humanitar əlaqələrin, mədəniyyətin, təhsilin, turizmin və xalqlar arasında dostluq münasibətlərinin inkişafına da diqqət ayrılır.
Ortaq tarixi və mədəni irsin qorunması, gənclər arasında əlaqələrin genişləndirilməsi, turizm marşrutlarının təşviqi və elmi-texnoloji təcrübə mübadiləsi regional əməkdaşlığın mühüm istiqamətləri kimi müəyyənləşdirilir.
Bununla yanaşı, dövlət başçıları terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və digər təhlükələrə qarşı mübarizədə əməkdaşlığın vacibliyini vurğulayıblar. Ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, su ehtiyatlarından səmərəli istifadə və biomüxtəlifliyin mühafizəsi də ortaq fəaliyyət tələb edən məsələlər sırasındadır.
Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü və onun yekununda imzalanan sənədlər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin gələcək inkişafı üçün mühüm əməkdaşlıq çərçivəsi yaradır. Sənədlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi, rəqəmsal transformasiya və humanitar əməkdaşlıq kimi istiqamətlər ön plana çəkilir.
Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin daha sistemli inkişafına imkan verir. Xəzər hövzəsinin nəqliyyat, logistika və enerji imkanlarından birgə istifadə edilməsi region ölkələrinin beynəlxalq iqtisadi əlaqələrini genişləndirə bilər.
İmzalanmış sənədlərin əhəmiyyəti onların müddəalarının praktik layihələrə çevrilməsi, qarşılıqlı investisiyaların artırılması və razılaşdırılmış təşəbbüslərin ardıcıl həyata keçirilməsi ilə daha aydın görünəcək. Türkmənbaşı görüşü bu baxımdan Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin ortaq maraqlar əsasında əməkdaşlığı davam etdirmək niyyətini əks etdirən mühüm regional platforma kimi diqqət çəkir.
Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri