PDF Oxu

Siyasət

  • 544

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı - ŞƏRH

image

08 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistan Respublikasına səfər edib. Səfər zamanı cənab Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşdə iştirakı və çıxışı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafına verdiyi əhəmiyyəti bir daha gündəmə gətirib. Azərbaycanın 2025-ci ilin noyabrında bu platformanın tamhüquqlu iştirakçısına çevrilməsi isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb. Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlığın gücləndirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və nəqliyyat-logistika imkanlarından səmərəli istifadə dövlətlərin inkişaf strategiyasında mühüm yer tutur. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin son illərdə genişlənməsi, siyasi dialoqun intensivləşməsi və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı xüsusi diqqət çəkir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri tarixi, mədəni və mənəvi yaxınlıqla yanaşı, qarşılıqlı iqtisadi maraqlara və ortaq strateji hədəflərə əsaslanır. Xəzər dənizi vasitəsilə birləşən bu coğrafiya nəqliyyat, enerji, ticarət və kommunikasiya əlaqələrinin inkişafı üçün geniş imkanlara malikdir.

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri enerji sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi Xəzər hövzəsində hasil olunan enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında ölkəmizin rolunu artırır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəql olunması bu əməkdaşlığın praktiki nəticələrindəndir. Müşavirədə bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə də toxunub. Azərbaycanın Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində apardığı işlər regionun enerji potensialından daha səmərəli istifadə olunması baxımından əhəmiyyətlidir. Bu təşəbbüslər ənənəvi enerji resurslarının daşınması ilə yanaşı, elektrik enerjisinin ötürülməsi və dayanıqlı enerji sistemlərinin formalaşdırılması üçün də yeni imkanlar yaradır. Nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyət isə Azərbaycanın Şərq-Qərb istiqamətində tranzit imkanlarının genişləndirilməsi ilə birbaşa bağlıdır. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsi yükdaşımaların həcminin artırılmasına, nəqliyyat marşrutlarının şaxələndirilməsinə və regionun beynəlxalq ticarət əlaqələrində iştirakının genişlənməsinə şərait yarada bilər. Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin əməkdaşlığı ayrı-ayrı ölkələrin iqtisadi maraqlarını birləşdirməklə yanaşı, daha geniş Avrasiya məkanında qarşılıqlı əlaqələrin inkişafına xidmət edir.

Gələn il, 2027-ci il tarixində Məşvərət görüşünün Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu qərar ölkəmizin regional əməkdaşlıq platformasında iştirakının davamlılığını və gələcək mərhələdə ortaq gündəliyin formalaşdırılmasında üzərinə düşən məsuliyyəti də aktuallaşdırır. Ölkəmizin bu platformada iştirakı Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsi, ortaq iqtisadi maraqların uzlaşdırılması və uzunmüddətli əməkdaşlıq imkanlarının reallaşdırılması baxımından yeni perspektivlər açır.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər